Arizona parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etmişdir

 

Yanvarın 30-da ABŞ-ın Arizona ştatının ali qanunverici orqanının Senatında və Nümayəndələr Palatasında Azərbaycanla bağlı qətnamə qəbul olunmuşdur. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qətnamənin qəbul edildiyi hər iki palatanın plenar iclasında iştirak etmişdir. Qətnamənin müəllifləri baş konsulu qanunvericilərə təqdim edərək Azərbaycanın ABŞ üçün önəmi barədə danışmışlar. Qətnamə hər iki palatada yekdilliklə qəbul edilmişdir.

Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ və Arizona tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı qeyd edilir. Bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna problemi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə olunmuşdur. Vurğulanır ki, bununla bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş BMT Təhlükəsizlik Şurası, eləcə də NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla dünya birliyi Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini dəstəkləyir. Həmçinin qeyd olunur ki, münaqişənin həlli yurd-yuvalarından didərgin salınmış yüz minlərlə azərbaycanlıya kömək edəcəkdir.

Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini dəstəklədiklərini bildirirlər.

Qətnamədə, həmçinin Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən bəhs olunur, Cənubi Qafqazın ümumi daxili məhsulunun 80 faizinə nəzarət edən ölkəmizin ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğu bildirilir. Həmçinin Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan transregional enerji və nəqliyyat layihələrindən bəhs edilir, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycanın və ABŞ-ın regiondakı digər müttəfiqlərinin rifahına verdiyi töhfələr vurğulanır. Qətnamədə Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyindən beynəlxalq terrorizmə qədər geniş sahədə inkişaf edən çoxtərəfli əməkdaşlıq münasibətlərinə diqqət cəlb edilir, Arizonanın ABŞ-Azərbaycan strateji tərəfdaşlığını dəstəklədiyi bildirilir.

Xatırladaq ki, bu, Arizona parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi ikinci qətnamədir. 2013-cü ilin may ayında qəbul olunmuş ilk qətnamə Azərbaycan-ABŞ strateji tərəfdaşlığına həsr edilmişdi.

 Qətnamənin qəbulu prosesinin videoyazısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.youtube.com/watch?v=EtRJrEltQ3I

 

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.- 1 fevral.- S.2.