Müstəqillik və dövlətçilik gənclərimizin fəaliyyətinin ideya əsasıdır

 

Müstəqil Azərbaycan Respublikasının gəncləri artıq 17 ildir ki, 2 fevral - Gənclər Gününü təntənəli şəkildə qeyd edirlər. Təkzibolunmaz faktdır ki, dövlətçiliyimizin xilaskarı və müstəqilliyimizin təminatçısı ümummilli lider Heydər Əliyev 1997-ci ildə imzaladığı müvafiq sərəncamı ilə bu təqvimi əbədiləşdirdi. Həmçinin Prezident İlham Əliyevin həmin sənədin imzalanmasından 10 il sonra 2007-ci ili "Gənclər ili" elan etməsi və gəncliyin inkişafı ilə bağlı dövlət proqramlarını imzalaması Azərbaycan gəncliyi üçün bir dəyər formalaşdırdı və bununla da biz gənclərin qarşısına məsuliyyətli və şərəfli missiya qoyuldu. Bu missiya isə ondan ibarətdir ki, keçmişimizi unutmamaqla, hər zaman indiki məqama necə çatdığımızı dərk etməklə, sabitgüclü dövlətin yaratdığı imkanlardan istifadə olunmaqla, intellektual, kreativ bacarıqlarımızı reallaşdıraraq və bundan irəli gələn qabiliyyətimizi ölkəmizin qüdrətlənməsi üçün yürüdülən siyasətin davamlı olmasına sərf edək.

 

 

 

Tariximizin dərsləri: gəncliyimiz sınaqdan çıxdı

 

 

 

1991-ci ildə keçmiş SSRİ məkanında baş verən siyasi-hərbi və ictimai hadisələrin gedişatının nəticəsi olaraq müstəqillik əldə etmiş Azərbaycanda ilk illərdə heçarzu olunmayan proseslər cərəyan edirdi. Tez-tez hakimiyyət dəyişikliyinin baş verməsi, hərbi qüvvələrin Ermənistanın təcavüzünün qarşısını almağa deyil, siyasi hakimiyyəti ələ keçirmək üçün Ali Sovetin binasının dağıdılmasına yönəldilməsi, iqtidarda ayrı-ayrı antiazərbaycan qüvvələrinin nümayəndələrinin təmsil olunması, çoxkonfessiyalı və multi-etnik xalqı vahid platformada birləşdirəcək ideologiyanın işlənilməməsi, insanların rifahının yüksəlməsinə xidmət edən sosialiqtisadi siyasətin formalaşdırılmaması, Azərbaycanı müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru kimi təqdim edə biləcək xarici siyasət konsepsiyasının işlənilməməsi, bir sözlə, totalitar siyasi sistemdən, planlı iqtisadiyyatdan, inzibati-amirlik idarəçiliyindən demokratik, bazar iqtisadiyyatlı və müstəqil dövlətçiliyə doğru reformist addımların atılmaması sonda fiaskoya gətirib çıxardı.

Yaranmış xaotik vəziyyət əlbəttə ki, gəncliyimizdən də yan keçmədi. O zaman gənclər indiki kimi idmana, təhsilə, sağlam və vətənpərvər tərbiyə prosesinə deyil, kriminal hadisələrə yönləndirilirdi, cinayətlərin törədilməsinə təhrik edilirdi. Bütövlükdə, bu cür hadisələrin nəticəsində Azərbaycan gəncliyindən "şüursuz dəstə" kimi dövlətçilik və müstəqillik əleyhinə istifadə edilirdi.

Lakin ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra dəyişikliyi ilk hiss edən də elə gənclərimiz oldu. Ulu öndərin göstərişləri əsasında Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərimizin forumları keçirildi, gəncliklə siyasi hakimiyyət arasında dialoq formalaşdı. Bununla da gənclərin problemlərinə diqqət ayrıldı, onların həll edilməsi üçün siyasi iradə ortaya qoyuldu və gəncliyimiz tarixin sınağından çıxdı.

 

 

 

Gəncliyimiz müasir dövrün aparıcı qüvvəsinə çevrilir

 

 

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində isə müasir dövrün çağırışlarına və prioritetlərinə cavab verə biləcək gənclik formalaşdı. Müxtəlif siyasi-hüquqi addımların atılması ilə gənclərin sosial problemlərinin həlli istiqamətində tədbirlər görüldü, onların intellektual vətəndaş kimi formalaşması üçün bütün maddi-texniki imkanları olan məktəblər, universitetlər inşa və təmir edildi, sağlam və vətənpərvər yetişmələri üçün müasir Olimpiya-İdman Kompleksləri, Müalicə-Diaqnostika Mərkəzləri, Gənclər evləri tikildi, xaricdə təhsil almaları üçün proqramlar təsdiqləndi və s. Eyni zamanda, gənclərimizin siyasi biliklərinin artırılması, onların cəmiyyətin ictimai-siyasi həyatında rolunun yüksəldilməsi məqsədilə hakim Yeni Azərbaycan Partiyası tərəfindən "Yay" və "Qış" məktəbləri təşkil edildi, müxtəlif seminarlar və tədbirlər keçirildi. Məhz qısa müddət ərzində görülmüş işlər nəticəsində Azərbaycan gəncliyi üzərinə qoyulmuş məsuliyyətli və şərəfli missiyanın uğurla öhdəsindən gələrək ümidləri doğrultdu.

Bugünə qədər xaricə təhsil almağa göndərilmiş təxminən 1500 nəfər gənc ölkəmizin inkişafına töhfə verəcək "intellektual kontingent"ə çevrilir, həmçinin idman sahəsində yeni-yeni Olimpiya, dünya, Avropa çempionları Azərbaycan bayrağını yüksəklərdə dalğalandırır və himnimizi səsləndirir. Hətta Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanda düşmənlərimizi elə Yerevandaca bayrağımızın necə yüksəldiyini və himnimizin səsləndiyini sükutla müşahidə etməyə məcbur edən gənclərimiz yetişir. Bununla yanaşı, dövlət idarəçiliyinə, partiya işinə gənclər cəlb edilir, onlar isə öz növbəsində şəffaf fəaliyyətlərilə sağlam cəmiyyətin formalaşması prosesinə töhfələrini verir. Həmçinin gəncliyimiz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın simasında Azərbaycan Respublikasını beynəxalq aləmdə layiqincə təmsil edir. Beləliklə də, gəncliyimiz müasir dövrün aparıcı qüvvəsinə çevrilməklə üzərinə düşən missiyanın məsuliyyətini dərk edironu uğurla yerinə yetirir.

 

 

 

Qarşımızda mühüm məqsəd və vəzifələr durur

 

 

Tarixi keçmişimizlə müasir günümüzü ayıran - heçuzun olmayan 20 il ərzində uğurla reallaşdırılan gənclər siyasəti özünün mühüm nəticələrini verir. Təbii ki, bundan sonra da dövlətimiz gəncliyimizin inkişafı üçün bütün imkanlarından istifadə edəcək, yenə də onların problemlərinin həlli üçün səmərəli addımlar atacaq. Elə gənclərlə bağlı yeni dövlət proqramının imzalanması, Gənclər Fondunun işə başlaması, 2014-cü ilin büdcəsində ipoteka maliyyələşməsinə 40 milyon manatın ayrılması, gənc ailələrin sosial problemlərinin həlli istiqamətində qanunvericilikdə dəyişikliklərin edilməsi, onların işlə təminatı sahəsində mühüm tədbirlərin görülməsi və s. dövlətin gənclərə olan diqqət və qayğısının davamlılığından xəbər verir. Lakin gənclər də öz növbəsində qlobal transformasiya dövrünü yaşayan dünyada qarşılarında duran mühüm məqsəd və vəzifələri bilməlidir. Çünki bu günün Azərbaycanı Cənubi Qafqaz regionunda transmilli layihələri - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, "Şahdəniz-2", TANAP, TAP qaz və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrini reallaşdıran yeganə dövlətdir, Avropanın enerji təhlükəsizliyini təmin edən etibarlı enerji mənbəyidir. Hazırda Azərbaycan 20 milyard manat büdcəsi, 50 milyard dollar valyuta ehtiyatı olan dövlət kimi dünyada sosial rifah ölkəsi kimi tanınır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünya siyasətinin müəyyənləşdirilməsi prosesində iştirak edən Azərbaycan dünyanın siyasiiqtisadi elitasının iştirak etdiyi beynəlxalq tədbirlərin - "Eurovision"un, Beynəlxalq HumanitarDünya İqtisadi forumlarının keçirildiyi məkana çevrilir. Dünyanın 40 kosmik ölkəsindən birinə çevrilən Azərbaycan Ermənistanın dövlət büdcəsini 10, ümumi daxili məhsulun həcmini 8, əhali potensialını 6 dəfə üstələyir, dünyanın 39-cu rəqabətqabiliyyətli iqtisadiyyatına malikdir.

Göründüyü kimi, bugünkü gənclər kifayət qədər güclü sosial-iqtisadi əsaslara və siyasi sabitliyə malik olan Azərbaycanın vətəndaşlarıdır. Tarixən arzu və xəyallarımız olmuş müasir Azərbaycanı ümummilli lider Heydər Əliyev formalaşdırdı, Prezident İlham Əliyev isə daha da inkişaf etdirdi. Elə gənclərimizin də bundan sonrakı məqsəd və vəzifəsi əldə olunan nailiyyətlərin davamlı olmasına, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi siyasətinə dəstək vermək, 9 oktyabr 2013-cü ildə olduğu kimi gələcəkdə də antiazərbaycançı dairələrin siyasi sifarişlərini yerinə yetirən qüvvələrə - radikal müxalifətə, "beşinci kolona", reneqatlara yerini göstərməkdir. Əlbəttə ki, məqsəd və vəzifəni özündə ehtiva edən bu məsuliyyətli və şərəfli missiyanın reallaşdırılmasında dövlətçilik və müstəqillik bizim fəaliyyətimizin ideya əsası olmalıdır. Bu şərəfli missiyanın yerinə yetirilməsində dinindən, irqindən, etnik kimliyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan gənci öz məsuliyyətini dərk etməlidir. Çünki görüləcək bütün işlərin mahiyyətində dövlətçiliyimizin və müstəqilliyimizin daha da gücləndirilməsi dayanır.

 

 

 

Ramil VƏLİBƏYOV,

YAP Nizami rayon təşkilatının aparat rəhbəri

Azərbaycan.-2014.- 1 fevral.- S.3.