Azərbaycan Dövlət İqtisad
Universitetində Məhəmməd Əmin Rəsulzadənin
130 illik yubileyi qeyd edilmişdir
Yanvarın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd edilmişdir.
Bu
münasibətlə keçirilən "dəyirmi
masa"da universitetin elm və innovasiyalar üzrə prorektoru,
professor Əvəz Bayramov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin
130 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü
il 22 noyabr tarixli sərəncamının əhəmiyyətini
vurğulamışdır.
Ə.Bayramov xalqımızın müstəqillik idealının gerçəkləşməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində rolundan danışmışdır. Qeyd etmişdir ki, 1918-ci il fevralın 23-də yaranmış Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində 1918-ci il mayın 26-da buraxılmışdı. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də Milli Şura 6 bənddən ibarət "İstiqlal Bəyannaməsi"ni qəbul etmiş və Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika elan olunmuşdu. 1918-ci il dekabrın 7-də müsəlman Şərqində ilk demokratik parlament yarandı. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirilmiş, Müsəlman Şərqində ilk demokratik parlament formalaşmışdır.
Universitetinin ictimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor əvəzi, dosent Zəfər Bayramov qeyd etmişdir ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuşdur. Tarixi ondan düzgün ibrət dərsi götürmək üçün öyrənmək lazımdır. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olaraq öz müstəqilliyini nəinki qoruyub möhkəmləndirmiş, eyni zamanda, sürətlə inkişaf edən və dünyada nüfuzu getdikcə artan bir ölkəyə çevrilmişdir. Bütün bunlar ilk növbədə ulu öndər Heydər Əliyevin müdrik siyasətinin və ümummilli liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
ADİU-nun
Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət
Cəfərov Məhəmməd Əmin Rəsulzadənin həyat
və fəaliyyəti haqqında geniş məruzə ilə
çıxış etmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 1 fevral.- S.6.