Mətbuat
Şurasında Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş "Bir kərə
yüksələn
bayraq" sənədli filmin təqdimatı
keçirilmişdir
Yanvarın
31-də Mətbuat Şurasında (MŞ) Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularından biri - Məhəmməd Əmin
Rəsulzadəyə həsr olunmuş “Bir kərə
yüksələn bayraq” sənədli filminin təqdimatı
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbir ideya müəllifi Mətbuat
Şurası idarə heyətinin üzvü, Milli Məclisin
deputatı Cavanşir Feyziyev, layihə rəhbəri MŞ-nin
sədri Əflatun Amaşov və ssenari müəllifi
tanınmış telejurnalist Bəxtiyar Qaraca olan filmin
nümayişi ilə başlanmışdır.
Yarım
saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin
görkəmli tədqiqatçısı, Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd
Hüseynovun elmi araşdırmalarına istinad olunmuşdur.
Mərasimi açan MŞ-nin sədri Əflatun Amaşov bildirmişdir ki, M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyətində jurnalistika mühüm yer tutmuşdur. İdeyalarının cəmiyyətə çatdırılmasında jurnalistikanın gücündən məharətlə yararlanmış görkəmli mütəfəkkir Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq geniş yayılmış maarifçilik təfəkkürünü siyasi publisistikaya gətirərək məfkurə səviyyəsinə qaldırmışdı. Tarixilik baxımdan bu, son dərəcə mühüm missiya idi və nəticə etibarilə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxardı.
Diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamı çərçivəsində respublikamızın müxtəlif bölgələrində görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirilir. Mətbuat Şurasının hazırladığı film də bunlardan biridir.
Mətbuat Şurasının sədri, həmçinin rəhbərlik etdiyi qurumun Azərbaycanın ictimai fikir tarixində mühüm xidmətləri olan şəxslərlə bağlı daha 12 sənədli film çəkəcəyini diqqətə çatdırmışdır.
MŞ-nin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirmişdir ki, M.Ə.Rəsulzadənin yaradıcılığının Azərbaycan ictimaiyyətinə az məlum olan hissəsi onun mühacirətdəki fəaliyyətidir. Həmin dövrün hadisələrinin geniş ictimaiyyətə çatdırılmasına da ehtiyac böyükdür. Çünki məhz mühacirət illərində yazdığı əsərlər M.Ə.Rəsulzadəni dünya humanitar mədəniyyətinin tərkib hissəsinə çevirmişdir.
C.Feyziyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının görkəmli ictimai-siyasi xadimin irsinin öyrənilməsi ilə bağlı gerçəkləşdirilən işlərə təkan verəcəyinə əminliyini vurğulamışdır.
Mətbuat Şurası idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirmişdir ki, M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsinə, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsinə, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. Görkəmli şəxsiyyətə həsr edilmiş sənədli filmin Mətbuat Şurası tərəfindən çəkilməsi isə onun irsində jurnalistikanın önəmini vurğulamaq nöqteyi-nəzərdən son dərəcə önəmli hadisədir. Bu film, eyni zamanda, ölkə miqyasında M.Ə.Rəsulzadə ilə əlaqədar dövlət tədbirlərinə əməli dəstək mənasında mühüm səciyyə daşıyır.
Filmin ssenari müəllifi B.Qaraca M.Ə.Rəsulzadənin həyat və yaradıcılığına verdiyimiz önəmin gələcək nəsillərə azərbaycançılığı təbliğ istiqamətində dəyərli yol, məfkurə sığınacağı olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu cəhət Azərbaycan cəmiyyətində kifayət qədər dərk edilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsinə verilən dəyərin özünü həmişə konkret faktlarda, real iş müstəvisində göstərməsi ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır. M.Ə.Rəsulzadənin həyat yolu rəğbət doğuracaq şəxsiyyətlərimizdən, tarixi simalarımızdandır.
“Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu qeyd etmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı M.Ə.Rəsulzadənin ümummilli dəyər simasını tam şəkildə təsdiqləmişdir. Bu, dövlətçilik tariximiz baxımından son dərəcə mühüm addım olmuşdur. T.Aydınoğlu onu da qeyd etmişdir ki, M.Ə.Rəsulzadə haqqındakı filmdə görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun elmi baxışlarına istinad edilməsi ekran əsərinin uğurunu şərtləndirən amildir.
Təqdimat mərasimində MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, “Zaman Azərbaycan” qəzetinin redaktoru Ürfan Məmmədli, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov və başqaları sovet imperiyası dövründə M.Ə.Rəsulzadə şəxsiyyətinin Azərbaycan cəmiyyətinə yanlış təqdim edilməsinin doğurduğu mənfi nəticələrdən söz açmışlar.
Çıxışlarda “Bir
kərə yüksələn bayraq”
sənədli filmi media
ictimaiyyətinin böyük şəxsiyyətin
yubileyinə töhfəsi kimi dəyərləndirilmişdir.
Azərbaycan.-2014.- 1 fevral.- S.6.