Toğrul Qəniyev: Bilkənt Simfonik Orkestrinin Heydər Əliyev
Mərkəzində
keçirilən konsertinə
gözlənildiyindən də çox tamaşaçı gəlmişdi
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən konserti böyük alqışlarla qarşılanmışdır.
Orkestrin bədii rəhbəri İşın Mətinin dirijorluğu ilə keçən konsertdə skripkaçı, Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev solist kimi çıxış etmişdir.
Həmvətənimiz Toğrul Qəniyev konsert barədə öz təəssüratlarını AzərTAc ilə bölüşərək demişdir: “Hazırda Türkiyədə çalışsam da, hər dəfə Azərbaycanda – doğma Vətənimdə çıxış edəndə ikiqat həyəcan keçirirəm. Çünki burada dostlarım, sənətimi sevənlər çoxdur. Bu isə böyük məsuliyyətdir. Kiçik bir səhv nəticəsində insan illərlə qazandıqlarını itirə bilər. Belə hal olmasın deyə biz öz üzərimizdə daim işləyir, gün ərzində ən azı 4-5 saat məşq edirik”.
Toğrul Qəniyev vurğulamışdır ki, konsertə gözlənildiyindən də çox tamaşaçı, o cümlədən sənətsevərlər, görkəmli mədəniyyət-incəsənət xadimləri gəlmişdilər. Çıxışımız böyük alqışlarla qarşılanmışdır.
Əməkdar Artist Toğrul Qəniyev konsertin təşkilinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Mərkəzinə dərin təşəkkürünü bildirmişdir.
Türkiyədə artıq 24 ildir işlədiyini deyən Toğrul Qəniyev Bilkənt Simfonik Orkestrinin yaranma tarixi haqqında da məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, bu orkestrin yaradılması ideyası dünya şöhrətli türk alimi İhsan Doğramacıya məxsusdur. Böyük alimin təklifi əsasında atam Sərvər Qəniyev orkestrin təşkilində yaxından iştirak etmişdir. Beynəlxalq səviyyəli bu orkestrdə bir çox ölkələrdən musiqiçilər iştirak edirlər. Dünyanın hər yerindən solistlər, dirijorlar bu orkestrin tərkibində çıxış edirlər.
Heydər Əliyev Mərkəzinin çox gözəl memarlıq nümunəsi olduğunu deyən Toğrul Qəniyev belə bir Mərkəzin təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Vurğulamışdır ki, Ulu Öndərin adını daşıyan bu Mərkəz ona layiq bir məkandır. Mərkəzin binası, onun hər bir detalı insana çox böyük estetik zövq verir. Mən indiyədək heç yerdə Bakıdakı Heydər Əliyev Mərkəzinə bənzər memarlıq nümunəsi görməmişəm.
Həmvətənimiz diqqətə çatdırmışdır ki, Mərkəzin Auditorim zalı ikiqat akustikaya malikdir. Bəlkə də dünyanın heç yerində belə bir zala rast gəlmək mümkün deyil. Burada səsin auditoriyaya təbii çatdırılması üçün akustika imkanı çox yüksək səviyyədədir. Tamaşaçı zalın istənilən yerindən çıxışı rahatlıqla dinləyə və seyr edə bilər.
Həmsöhbətimiz qeyd etmişdir ki, Heydər Əliyev Mərkəzində konsertin keçirilməsi Bilkənt Simfonik Orkestri üzvlərinin Azərbaycan ilə daha yaxından tanış olmalarına əla bir fürsət vermişdir. Onlar Dənizkənarı Milli Park, paytaxt Bakının klassik və müasir memarlıq nümunələrinə heyran olmuş, Heydər Əliyev Mərkəzini sonsuz maraqla seyr etmişlər. Bu məkana bir dəfə daxil olan hər kəs yenidən qayıtmaq istəyir. Başlıcası isə odur ki, Heydər Əliyev Mərkəzi xalqın üzünə açıqdır.
Azərbaycanın gündən-günə inkişaf etdiyini, möhtəşəm beynəlxalq mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etdiyini deyən Toğrul Qəniyev nəinki paytaxt Bakıda, eləcə də respublikanın bölgələrində, o cümlədən gözəl Qəbələdə keçirilən beynəlxalq musiqi festivallarını xüsusi qeyd etmiş, bu tədbirlərə dünyanın nüfuzlu musiqiçilərinin toplaşdıqlarını diqqətə çatdırmışdır.
Gələcək planlarından danışan Əməkdar
Artist Toğrul Qəniyev
Türkiyədə çalışdığı müddətdə
qardaş xalqa xidmət
etməkdən məmnunluq duyduğunu bildirmişdir. Eyni zamanda qeyd etmişdir
ki, mən ömrümün
bu çağında - 48 yaşımda
yenidən Azərbaycana qayıdıb Vətənə öz borcumu vermək istəyirəm.
Mən konsertin təşkilində əməyi
olanlara, bütün sənətsevərlərə
təşəkkürümü bildirirəm, hər kəsi
qucaqlayıb bağrıma basıram.
Azərbaycan.-2014.- 1 fevral.- S.7.