Azərbaycanda milli musiqili teatrın banilərindən olan Əhməd Ağdamskinin 130 illik yubileyi qeyd edilmişdir

 

Yanvarın 31-də Üzeyir Hacıbəylinin  ev-muzeyində Azərbaycanda milli musiqili teatrın banilərindən olan Əhməd Bədəlbəyli-Ağdamskinin 130 illik yubileyi qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbiri muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq  Əhməd Ağdamskinin XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz xidmətlərindən danışmışdır.

Yazıçı-jurnalist Mustafa Çəmənli, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, "Qızıl qələm" mükafatçısı, nasir-publisist Xeyrəddin Qoca və başqaları Əhməd Ağdamskinin həyat və yaradıcılığından, Azərbaycanda teatr sənətinin formalaşmasında xidmətlərindən danışmışlar.

Bildirilmişdir ki, Ə.Ağdamski 1884-cü il yanvar ayının 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. O, hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. Teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, H.Hacıbababəyov və digər sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi.

Üzeyir Hacıbəyli teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz operamusiqili komediyalarında qadın rolları az olsunya heç olmasın. Bu isə, necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildi. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi. Bu vaxt Üzeyir bəy xalası oğlu Ə.Ağdamskiyə üz tuturo, bu rolu çox məharətlə ifa edir. Əhməd Ağdamskinin çıxışı Üzeyir Hacıbəylinin xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir.

Sonda Əhməd Ağdamskinin oğlu, professor Telman Ağdamski tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2014.- 1 fevral.- S.7.