Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

 

Bakı Musiqi Akademiyasının rektoru xalq artisti Fərhad BƏDƏLBƏYLİ çıxış edərək dedi:

 

- Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Bu gün həqiqətən belə qarlı-günəşli gündə keçirilən bu mərasimdə iştirak etmək böyük bir şərəfdir. Yadımdadır, 32 il bundan əvvəl biz Şuşada qarlı bir gündə bir yerdə Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak edirdik. Biz cavan idik. İllər keçdi, amma nə yaxşı ki, bu ənənə davam etdirilir. Siz, möhtərəm Prezident, musiqi xadimlərinə, incəsənətə böyük diqqət yetirirsiniz. Baxın, son illər Bakımızda bir-birindən gözəl heykəllər qoyulub: Bülbülün, Fikrət Əmirovun və Volfqanq Amadey Motsartın heykəlləri, nəhayət, dahi Qara Qarayevin heykəli. Bunlar əlbəttə, Bakının yaraşığıdır. Bakıya kim gəlirsə, dərhal bunu qeyd edir.

Əlbəttə, Qara Qarayev çox xoşbəxt bir insan idi. Ona görə ki, dahi bəstəkar idi, ailədə xoşbəxt idi. Onun gözəl, istedadlı uşaqları vardır, bütün əsərləri səslənirdi. Qara Qarayev Şostakoviç, Stakovski, Stravinski və digər dahi insanlarla ünsiyyətdə olmuşdu. Cənab Prezident, Siz tamamilə düz dediniz, Qara Qarayev yaxınlıqdakı evdə yaşayırdı, yolu buradan keçirdi. Onun abidəsi üçün çox rəmzi bir yer seçiblər.

2018-ci ildə Qara Qarayevin 100 illiyi olacaqdır. Bizim belə arzumuz vardır. Onun məşhur "İldırımlı yollarla" baleti dünyanın böyük teatrlarının birində - ya Londonda, ya Parisdə, ya da Praqada tamaşaya qoyulsun. Çünki deyirlər ki, Afrika mövzusu müasir deyil, əksinə, indi Afrika od içindədir. Mövzu çox müasirdir. Musiqi də dahiyanə bir musiqidir.

Bu gün Londonda, Parisdə, Nyu-Yorkda, Moskvada, Vilnüsdə, Lvovda - hər yerdə Qara Qarayevin musiqisi səslənir. Onun əsərlərini London simfonik orkestri ifa edir. Biz doğrudan xoşbəxtik və fəxr edirik ki, biz azərbaycanlıyıq. Ona görə ki, bizim tariximizdə Qara Qarayev, böyük dövlət xadimi Heydər Əliyev, böyük mədəniyyət və elm xadimləri vardır. Biz bununla fəxr edirik.

Sizə cansağlığı arzulayırıq. Çox sağ olun ki, bizə həmişə diqqət yetirirsiniz.    

 

Azərbaycan.-2014.- 4 fevral.- S.1.