Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı ANAR çıxış edərək dedi:

 

- Hörmətli cənab Prezident!

 

Hörmətli Mehriban xanım!

Hörmətli tədbir iştirakçıları!

Böyük bəstəkar, alim, pedaqoq, ziyalı, ictimai xadim Qara Qarayev Azərbaycanın yetişdirdiyi ən işıqlı insanlardan biri idi.  Azərbaycan ədəbiyyatının klassikləri Nizamiyə və Füzuliyə müraciət edərək "Leyli və Məcnun" simfonik poemasını və "Yeddi gözəl" baletini yaratdı. Dünya xalqlarının musiqisinə müraciət edərək  "Alban" rapsodiyasını, "Vyetnam" süitasını, "Don Kixot" simfonik qravürlərini və "İldırımlı yollarla" baletini yaratdı. Çağdaş dünya musiqisinin ən yeni texnologiyalarına müraciət edərək "Üçüncü simfoniya"sını və skripka konsertini yaratdı. Amma nə yaradıbsa, Qara Qarayev ilk növbədə, Azərbaycan bəstəkarı idi. Azərbaycana dünya musiqisini gətirirdi və dünyaya Azərbaycan musiqisinin qədimlərdən gələn ən zəngin ənənələrini, ən böyük sərvətlərini çatdırırdı.

Ömrünün son illərində Qara Qarayev Moskvada yaşayırdı, xəstə idi. Amma mənə deyirdilər, həkimlər deyəndə ki, bu yaxında Bakıya gedəcəksən, onun səhhəti daha yaxşı, daha gümrah olurdu. Nə yazıq ki, Azərbaycana tabutda gəldi. Azərbaycan xalqı, Azərbaycan torpağı müvəqqəti getmiş və əbədi qayıtmış oğlunu öz ağuşuna aldı.

Bu gün Qara Qarayev torpağın altındadır, torpağın üstündə onun bu heykəlidir, göylərdə onun ruhudur, fəzada, efirdə onun ölməz musiqisidir.

Cənab Prezident, mən Sizə təşəkkür edirəm. Siz böyük ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirərək həmişə bizim sənət adamlarına, ədəbiyyat xadimlərinə diqqətlə yanaşmısınız. Biz bu günbunun bir təzahürünü görürük.

Mən bu heykəlin müəllifi, bizim istedadlı heykəltəraş Fazil Nəcəfovu da təbrik edirəm. Hamımızı bu böyük hadisə münasibətilə təbrik edirəm. Çox sağ olun.

 

Azərbaycan.-2014.- 4 fevral.- S.1;2.