Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

 

Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru,

əməkdar incəsənət xadimi, bəstəkar Fərəc QARAYEV çıxış edərək dedi:

 

- Möhtərəm cənab Prezident!

 

Hörmətli Mehriban xanım!

Əziz həmkarlar!

Əziz dostlar!

Əziz bakılılar!

Həqiqətən, bu gün bizim üçün böyük bayramdır. Biz bu gün  müəllimimizin, professorumuzun abidəsini açırıq. O, həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri indiki Bülbül prospektindəki mənzilindən çıxıb konservatoriyaya gedir, səhər saat 11-dən üçə, dördə və beşədək tələbələrlə məşğul olurdu. Zənnimcə,  bu yer çox uğurlu seçilmişdir.

Cənab Prezidentin dediyi kimi, Azərbaycanda həm Qara Qarayev prospekti, həm metro stansiyası, həm də "Qara Qarayev" teploxodu vardır, Dövlət kamera orkestriQara Qarayevin adını daşıyır. Mərhum bəstəkara bu hörmət və ehtiram  ötən əsrin 80-90-cı illərində göstərilmişdir. O vaxt respublikaya, daha sonra müstəqil Azərbaycana Heydər Əlirza oğlu Əliyev rəhbərlik edirdi. Cənab Prezident, həmin ənənənin bu gün davam etməsinə görə biz minnətdarlıq və təşəkkür dolu ən səmimi sözlərimizi ifadə edib, Sizə "çox sağ olun" deyirik. Hazırda çox gözəl  incəsənət məktəbinə  Qara Qarayevin adı verilmişdir. Bu gün bu gözəl abidənin açılışıdır.

Zənnimcə, abidə həqiqətən maraqlıdır. Biz abidənin eskizlərini müəllif, heykəltəraş Fazil Nəcəfovla  müzakirə etmişik. Düşünürəm ki, heykəltəraş abidədə bəstəkarın daxili dünyasını göstərə bilmişdir. Mənə belə gəlir ki, bu, böyük uğurdur.

Fikrimcə, Azərbaycan məşhur oğlu üçün maksimum nə mümkündürsə, onu da etmişdir.

Çox sağ olun, cənab Prezident.

 

Azərbaycan.-2014.- 4 fevral.- S.2.