«The Guardian» qəzeti britaniyalı fotojurnalistin Dağlıq Qarabağa

 qanunsuz səfəri ilə bağlı Azərbaycan səfirinin etiraz məktubunu dərc etmişdir

 

"The Guardian" qəzetində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun britaniyalı fotojurnalist Anastasiya Teylr-Layndın Dağlıq Qarabağ regionuna qanunsuz səfərinə və onun qəzetdə verilmiş məqaləsinə etiraz məktubu dərc edilmişdir.

Məktubda fotojurnalistin Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən toy mərasimində çəkdiyi fotobu barədə məlumatla bağlı narahatlıq ifadə olunur. Səfir qeyd edir ki, incəsənət adamları qərəzsiz və obyektiv olmalı, münaqişədən əziyyət çəkən bütün insanların vəziyyətini nəzərə almalıdırlar. A.Teylr-Laynd gərək Dağlıq Qarabağdan didərgin salınmış məcburi köçkünlərin vəziyyəti ilə də maraqlanaydı. Səfirin sözlərinə görə, bir başqasının bədbəxtliyi üstündə qurulan xoşbəxtlik barədə yazmaq regiona sülhstabillik gətirmək səylərini sarsıdır.

Fəxrəddin Qurbanov vurğulamışdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna və digər işğal olunmuş ərazilərinə icazəsiz səfərlər qeyri-qanuni hesab olunur. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınan hissəsidir və regiona səfər etməyi planlaşdıran xarici vətəndaşlar bunu ölkənin müvafiq qurumları vasitəsilə həyata keçirməlidirlər. İşğal altındakı bölgələrə müvafiq icazə olmadan səfər edən şəxslərin Azərbaycana gəlməsi də qadağan edilir.

Məktubun tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.theguardian.com/world/2014/jan/29/azerbaijan-concern-nagorno-karabakh.

 

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2014.- 4 fevral.- S.2.