Bakıda «Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri» layihəsi çərçivəsində görüş keçirilmişdir

 

Fevralın 3-də Bakıda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri" layihəsi çərçivəsində UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən danışmışdır. Hicran Hüseynova dostqardaş ölkələrimiz arasında mədəniyyətlə bağlı belə layihələrin həyata keçirilməsinin önəmini vurğulamışdır.

Bildirilmişdir ki, xalqlarımızın mədəniyyətində və tarixində çox böyük oxşarlıqlar vardır və bunların üzə çıxarılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu layihə sayəsində, eyni zamanda, Azərbaycanda olan istedadlı insanlar üzə çıxır.

Layihənin qadınlarda əl sənətləri sahəsində maraq oyadılması baxımından xüsusi əhəmiyyət daşıyacağını söyləyən komitə sədri onun uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etmişdir.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva layihə çərçivəsində görülən işlərdən danışmışdır. Günay Əfəndiyeva qeyd etmişdir ki, layihə çərçivəsində aparılmış bütün tədqiqatlar yekunda kitab şəklində buraxılacaq və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına təqdim ediləcəkdir. 

Diqqətə çatdırılmışdır ki, Türkiyə və Azərbaycan UNESCO-nun tədbirlərində hər zaman bir-birini dəstəkləyir və bu da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması ilə əlaqədardır. Qeyd edilmişdir ki, əsas məqsədi xalqlarımızın mədəni əlaqələrində bir çox oxşarlıqların üzə çıxarılması olan bu layihə hər iki ölkənin mədəniyyətinin təbliğində mühüm rol oynayacaqdır.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü, Hacettepe Universitetinin professoru Aylin Görgün Baran Türkiyə ilə Azərbaycan arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyini söyləmiş, həyata keçirilən layihənin uğur qazanacağına və əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Fevralın 4-7-də UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri Zaqatalaya, Şəkiyə və Gəncəyə səfər edəcəklər.

Xatırladaq ki, UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdiyi "Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri" layihəsi çərçivəsində ötən il fevralın 24-dən martın 2-dək Azərbaycandan yeddi nəfərdən ibarət işçi qrupu Türkiyənin beş bölgəsinə səfər etmişdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 4 fevral.- S.3.