AZƏRBAYCAN YOLU
Cığır açmaq həmişə çətin olub!
Çünki cığır açanın ayağına bəzən kol-kos dolaşır, dağa-daşa toxunub əzilə bilir.
Yol salmaq isə daha çətin və ağırdır!
Çünki yol salanda dağları, təpələri yarmaq, dərələrdən körpülər atmaq, min bir əziyyətə qatlaşmaq lazım gəlir!
Bütövlükdə isə yol çəkmək həmişə cığır açmaqdan qat-qat çətin sayılır.
Yol çəkənin iti və uzaqgörən zəkası, yetərincə gücü və imkanı, ölçü-biçi və hesablamaq bacarığı, vaxtında və dərhal ən düzgün, ən optimal qərar qəbul etmək qabiliyyəti olmalıdır!
Əslində hər bir yol özündə saysız-hesabsız, hətta bəzən unudulmuş cığırları belə birləşdirir.
Dediklərimiz ümumi yollar haqqındadır.
Xüsusi yollar, ələlxüsus inkişaf yolu salmaq isə bambaşqa məsələdir!
Bunu yalnız seçilmişlər, qeyri-adi intellekt sahibləri və möhkəm iradəli insanlar bacarırlar.
Azərbaycan
yolu məhz belə yollardandır!
"Azərbaycan yolu" deyəndə dövlət
müstəqilliyinin 23 ilini arxada qoymuş doğma Azərbaycanımızın
inamla irəlilədiyi yolu nəzərdə tuturuq.
Bu yol necə yoldur, fərqli cəhətləri və
ümumi xüsusiyyətləri hansılardır,
özgünlüyü nədə görünür?
Bütün bu və digər sualları
cavablandırmağa çalışacağıq.
Əvvəlcə qeyd edək ki, bu yolun
başlanğıcını və mahiyyətini Azərbaycan
xalqının məhəbbətlə "Heydər Əliyev
siyasi kursu" adlandırdığı anlayış ehtiva
edir. Yolu
"çəkməkdə" məqsəd Azərbaycanın
müstəqilliyini əbədiliyə və dönməzliyə
çevirmək, xalqın rahat və firavan
yaşayışını təmin etmək, Azərbaycanı
dünyanın nüfuzlu, sayılıb seçilən və
inkişaf etmiş ölkələri sırasına
çıxarmaqdır!
BU YOL:
Ümumbəşəri,
sivil inkişaf yoludur, bazar iqtisadiyyatı münasibətlərinə
əsaslanır, demokratik prinsip və normalara sadiqdir;
Müstəqildir,
yalnız dövləti mənafeyi, xalqın maraqlarını əsas
tutur;
Dövlətlərarası
münasibətlərdə heç kəsin daxili işlərinə
qarışmır, başqalarının da öz daxili işlərinə
qarışmasına imkan vermir;
İkitərəfli
və çoxcəhətli münasibətlərin
qurulmasına, mehriban qonşuluq və əməkdaşlıq
münasibətlərinin inkişafına
çalışır;
Beynəlxalq
norma və prinsiplərə,
imzaladıqları qanun, saziş və konvensiyalara dəqiqliklə
əməl edir;
Hər
cür mübahisəli məsələlərin
danışıqlar masası arxasında, sülh və
qarşılıqlı anlaşma əsasında həllinə
can atır;
Daim öz xalqının inam və ehtimadına güvənir,
dəstəyinə arxalanır və s.
Bu yolla gedənlər Azərbaycançılıq
ideologiyasına arxalanırlar.
- Azərbaycançılıq
ideologiyası Azərbaycan xalqını vahid tam halında birləşdirir,
ölkənin hərtərəfli inkişafına yardım
göstərir, sabitliyi, həmrəyliyi və dövlətçiliyin
möhkəmliyini təmin edir.
Bu yolla gedənlər tolerantlıqları ilə fərqlənirlər.
- Ölkəmizdə
yetmişdən çox xalqın, millətin nümayəndəsi,
etnik qrupu yaşayır. Bir dəfə də olsun milli və
dini zəmində münaqişə və qarşıdurma
baş verməmişdir! Bütün dünya Azərbaycandakı
tolerantlığı kamil nümunə kimi qəbul edir!
Bu yolla gedənlər xalqın milli-mənəvi dəyərlərinə,
mentalitetinə daim sədaqət nümayiş etdirirlər.
- Təkcə
bəşər mədəniyyətini öyrənərək
milli mədəniyyətlərini zənginləşdirmirlər.
Həm də öz mədəniyyətləri
ilə Avropa və dünya mədəniyyətinə töhfələr
verirlər. Artıq Novruz bayramı, aşıq sənəti,
tar ifaçılığı, muğam sənəti UNESKO xətti
ilə Avropa xalqlarının da həyatına daxil
olmaqdadır.
Bu yolla gedənlər hər bir xalqın, millətin və
etnik qrupun milli mədəniyyətinə, adət-ənənələrinə,
dini görüşlərinə hörmətlə
yanaşırlar.
- Azərbaycan
öz nümunəsi ilə dünyada multikulturalizmin müdafiəçisi
və təbliğatçısıdır. Müxtəlif
dinə, dilə, adət-ənənəyə malik
xalqların qarşılıqlı hörmət və
mehribanlıq şəraitində necə
yaşadığını əyani surətdə
nümayiş etdirir. Ölkəmiz
multikulturalizm və humanitar mövzudakı beynəlxalq tədbirlərin
uğurla keçirildiyi məkana çevrilmişdir.
Bu yolla
gedənlər dünya iqtisadiyyatına, ayrı-ayrı
ölkələrin nəqliyyat-enerji sektorunun inkişafına
təkan verəcək transmilli layihələr təklif edir və
onu az vaxtda gerçəkləşdirirlər.
- Ölkəmiz
təkcə neft və qaz istehsalçısı deyil, həm
də karbohidrogen ehtiyatlarının Avropa və dünya
bazarlarına çıxarılmasına şərait yaradan
ixrac boru kəmərlərinin sahibidir. Bakı-Tbilisi-Ceyhan
və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri Azərbaycanın
neft və qaz ehtiyatlarının təhlükəsiz surətdə
ixracının təminatçısıdır. Növbəti ildə istifadəyə veriləcək
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çinlə Londonu
birləşdirməklə tarixi İpək Yolunun bərpasını
başa çatdıracaqdır. Tikintisinə başlanan
TANAP və TAP layihələri isə "Şahdəniz-2"
konsopsumu əsasında Avropanın 30 il ərzində təbii
qazla təchizatına yardım göstərəcəkdir.
Bu yolla gedənlər investisiya qoyulan ölkədən
investisiya qoyan dövlətə çevrilirlər.
- İlk dəfə olaraq "Əsrin müqaviləsi"
neft kontraktı ölkəmizə 20 milyard dollar sərmayə
gətirmişdi. Təkcə ötən il isə
ölkə iqtisadiyyatına 28 milyard dollar vəsait
yatırılıb. "Şahdəniz-2"
müqaviləsi isə 45 milyard dollar sərmayə cəlb edəcəkdir.
Bu gün Azərbaycan xarici dövlətlərə,
o cümlədən Qərbi Avropa ölkələrinə sərmayə
qoyur.
Bu yolla gedənlər qısa müddət ərzində
özlərinin enerji, nəqliyyat və ərzaq təhlükəsizliklərini
təmin edə bilirlər.
- Müstəqilliyin
ilk illərində Azərbaycan qonşu dövlətdən təbii
qaz və elektrik enerjisi alırdı. Hansısa
məqamda hətta bundan istifadə edərək ona təzyiq
göstərmək cəhdi də oldu. Lakin
Azərbaycan belə vəziyyətə hazır idi və
heç bir problem yaranmadı. Bu gün Azərbaycan
nəinki başqa dövlətlərdən enerji
daşıyıcıları almır, əksinə,
qonşularına və Avropaya elektrik enerjisi, təbii qaz ixrac
edir. İndi ən müasir yol infrastrukturu
yaradılmış, ərzaq təhlükəsizliyinin təmini
isə başa çatmaq üzrədir.
Müstəqil Azərbaycan öz yolunu dəqiq müəyyənləşdirməklə
yanaşı, hətta 2020-ci ilədək bu yolla hansı hədəflərə
çatacağını da bəyan etmişdir. Bu barədə "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında geniş söhbət
açmışdır.
Azərbaycan yolu ölkə üçün
müşkül olan bir sıra problemlərin də qısa
müddətdə uğurlu həllinə imkan
yaratmışdır.
BELƏ
Kİ:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində doğma
yurd-yuvasından didərgin düşərək çətin
şəraitdə yaşayan yüz minlərlə insanın
yerləşdirilməsi üçün yeni qəsəbələrin
və müasir qaçqın şəhərciklərinin
salınması o qədər də asan məsələ
deyildi.
-
Artıq 80-dən çox yeni yaşayış məntəqələri
istifadəyə verilmiş, 170 min məcburi
köçkün təzə mənzillərə
köçürülmüşdür. 2015-ci
ilədək məcburi köçkünlərin yeni mənzillərlə
təmini prosesi tam başa çatacaqdır.
Sovet dövrü də daxil olmaqla indiyədək
Bakıətrafı kənd və qəsəbələrdə,
respublikanın rayon mərkəzlərində və digər
yaşayış yerlərində əhalinin icməli suya təlabatı
tam ödənilmir, kanalizasiya şəbəkəsi
qurulmamışdı, kəndarası yollar bərbad vəziyyətdə
idi.
- Bununla
bağlı layihələrin icrasına
başlanılmış və bir çox yerlərdə
başa çatmışdır. Dövlət
başçısı bəyan etmişdir ki, 2018-ci ilədək
Azərbaycanda bütün sosial problemlər həllini
tapacaqdır.
Ölkə vətəndaşlarının banklarda
batmış sovet dövrü əmanətlərinin qaytarılması
ciddi problemə çevrilmişdi.
- Bu proses
də başa çatmış, vətəndaşların
şəxsi maraqlarını nəzərə alan
dövlət özünün almadığı və
qaytarmağa borclu olmadığı əmanətləri ən
yüksək əmsalla hesablayaraq humanizm nöqteyi-nəzərindən
əmanətçilərə qaytarmışdır.
Bəs, Azərbaycan yolu Azərbaycan xalqını
hansı uğurlara çatdırıb?
Lap qısa şəkildə nəzər salaq.
İqtisadi
sahədə:
Dünyanı
maliyyə və iqtisadi böhran bürüdüyü bir
vaxtda Azərbaycan iqtisadiyyatı son on ildə 3 dəfə
artmış, adambaşına düşən ÜDM istehsalı
2,7 dəfə yüksəliş, işsizlik və yoxsulluq
faizi dəfələrlə aşağı
düşmüş, insan inkişafı indeksinə və rəqabət
qabiliyyətinə görə dünya rentinq cədvəlində
nəzərə çarpacaq dərəcədə irəliləmiş,
ölkəmiz ən nəhəng layihələri sərbəst
şəkildə maliyyələşdirmək imkanına yiyələnmişdir.
Siyasi sahədə:
Azərbaycan
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilmiş, bir il ərzində
quruma rəhbərlik etmiş, beynəlxalq təşkilatlarda
nüfuz sahibinə və beynəlxalq tədbirlərin
keçirildiyi mərkəzə çevrilmişdir.
Mədəniyyət
sahəsində:
"Avroviziya"
mahni müsabiqəsinin qalibi və təşkilatçısı
olmuş, UNESCO və İSESCO ilə sıx əməkdaşlığa
başlamış, Heydər Əliyev Fondu vasitəsilə Azərbaycan
mədəniyyətini dünyada tanıtmaq və təbliğ
etməklə böyük uğurlara imza atmışdır.
İdman
sahəsində:
Ölkə
daxilində 41 Olimpiya İdman Kompleksi istifadəyə
verilmiş, indiyədək Olimpiya oyunlarında 6-sı
qızıl olmaqla 26 medal qazanmış, ilk Avropa idman
oyunlarının keçirilməsinə ev sahibliyi hüququ əldə
etmişdir.
Ən nəhayət:
Orbitə
öz peykini çıxaran Azərbaycan həm də kosmik
kluba üzv olan 50 dövlətdən biridir!
Ən əsası:
Azərbaycan
özünəməxsus yolla gedəndə bütün təhlükə
və təzyiqlərdən yan keçə bilir: nə "ərəb
baharı" fəlakətlərini yaşayır, nə
qonşu Gürcüstan kimi müharibə alovlarına
bürünür, nə də Ukraynadakı tək
dağıntı və kütləvi narazılıqlarla
üzləşir!
Çünki
seçimini lap əvvəldən edib!
Öz
yolunu, özünəməxsus yol seçib!
Hər dəfə fərqli, qətiyyətli addımlar
atanda bunu siyasi, iqtisadi, dövləti maraqlar baxımından
mövcud reallıqlara uyğun formada əsaslandırır.
Şübhəsiz Azərbaycanın öz yolunun
olması dövlət müstəqilliyinin yaratdığı
imkandır. Bu gün Azərbaycan hansı dövlətinsə
forpostu, yaxud quberniyası deyil, daxili və xarici siyasətini
müəyyənləşdirərkən heç kəsdən
icazə və ya göstəriş almır. Başqa
sözlə, Azərbaycanın müstəqilliyi həqiqidir,
realdır, deklorativ səciyyə daşımır!
Dövlət başçısı cənab İlham
Əliyevin Azərbaycan yolu haqqında fikirləri olduqca
maraqlıdır və insanda aydın təsəvvür
yaradır.
"Müstəqillik sadəcə olaraq, dövlət
atributları deyildir. Müstəqillik müstəqil həyatdır,
müstəqil siyasətdir, dövlətin və milli
maraqların qorunmasıdır".
Başqa
bir vacib cəhət: Azərbaycan seçmir, müəyyən
edir! Yəni, nəyi necə edəcəyini,
hansı addımları atacağını özü irəlicədən
müəyyənləşdirir, qətiləşdirir. Daha kimlərin verdiyi təkliflər içərisindən
hansınısa seçmir.
Prezidentimiz
bu məqama da kifayət qədər aydınlıq gətirib:
"Ölkə qarşısında Avropa İttifaqı
və Gömrük İttifaqı ilə əməkdaşlıq
məsələsi barədə seçim yoxdur. Gömrük
İttifaqına üzv ölkələrlə bizim olduqca
geniş münasibətlərimiz mövcuddur. Mal dövriyyəsi artır. Bütövlükdə,
siyasi əlaqələr yüksək səviyyədədir.
Azərbaycanın qarşısında heç
vaxt hansısa seçim və ya alternativlə bağlı
sual olmayıb. Biz həm Gömrük, həm
də Avropa İttifaqı üzvləri ilə əməkdaşlıq
edirik".
Belədə
bəzən təzyiq göstərmək cəhdləri də
ola bilər. Amma bu da
yalnız "cəhd səviyyəsində" qalır.
Öz yolu, müstəqil siyasəti olan dövlətlərin
konkret, aydın və qəti mövqeyi də olur. Onlar bu
mövqeyi ortaya qoymaqdan da çəkinmirlər. Çünki belə mövqe ədalət prinsipinə
əsaslanır, dünyada gedən proseslərə cavab verə
bilir, həm də onu ortaya qoyana hörmət
qazandırır.
Bununla
bağlı cənab İlham Əliyevin çox maraqlı
fikri var:
"BMT Təhlükəsizlik Şurası elə bir
qurumdur ki, orada mövqe bildirməmək mümkün deyildir. Ona görə, bəzi
ölkələr heç can atmır ki, ora üzv olsun. Çünki belə olan halda gərək öz
mövqeyini ortaya qoysun. Cəmiyyətdə
də, siyasətdə də, xarici siyasətdə də elə
insanlar, elə ölkələr vardır ki, mövqe bildirmək
istəmirlər, hamı üçün yaxşı olmaq istəyirlər.
Təhlükəsizlik Şurası elə bir
qurumdur ki, bu, mümkün deyildir və əslində, biz
heç vaxt belə yanaşmanı düzgün
saymamışıq. Ondan əvvəlki
dövrdə də, bu gün də, bundan sonra da hər bir
mövzu ilə bağlı Azərbaycanın prinsipial
mövqeyi vardır və bu mövqe bütün hallarda ədalətə,
beynəlxalq hüquqa əsaslanır və əlbəttə
ki, dövlətimizin maraqlarına söykənir".
Azərbaycan
qısa müddətdə başqa ölkələrin 50-100 ilə
getdiyi qədər yol qət edib!
Bu yol
çox ağır sınaqlardan çıxıb, dövlət
çevrilişi cəhdləri ilə rastlaşıb, hətta
müstəqilliyinin itirilməsi təhlükəsi ilə
üzləşib!
Amma ulu
öndər Heydər Əliyev dövləti və xalqı bu
bəlalardan sovuşdurmağa nail olub, Azərbaycanda
zorakılıq yolu ilə hakimiyyətə gəlmək ənənəsinə
son qoyub!
15 oktyabr
2003-cü ildə isə cənab İlham Əliyev əzələ
gücü ilə iqtidara can atanlara elə bir dərs
keçdi ki, o vaxtdan indiyədək daha heç kəs belə
fikirlərə düşmür!
Səbəbini
isə dövlət başçısı aydın şəkildə
göstərir:
"Əsas odur sən əmin olasan ki, düzgün
yoldasan. Əsas odur ki, Azərbaycan cəmiyyəti
aparılan siyasəti bəyənsin, dəstəkləsin.
Mənə Prezident və siyasətçi kimi ən
çox güc verən, deyə bilərəm ki, Azərbaycan
xalqının inamıdır, dəstəyidir, nəinki Azərbaycanın
iqtisadi müstəqilliyi. Çünki bu
inam məni daha da gücləndirir və göstərir ki,
siyasi iradə olan yerdə və siyasətə sədaqət
olan yerdə istənilən məsələ həllini tapa bilər".
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 4 fevral.- S.4.