Dövlətçiliyin və asayişin etibarlı keşiyində

 

İlham ƏLİYEV: "Polis əməkdaşları öz həyatlarını risk altına ataraq

Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər"

 

 

 

Azərbaycan möhtəşəm nailiyyətləri və hər sahədə baş verən inkişaf dinamikasını əks etdirən daha bir uğurlu ili geridə qoydu. Dünyada baş verən iqtisadi, həmçinin siyasi böhranlar fonunda respublikamızın sosial-iqtisadi sahədə əldə etdiyi yüksəliş, ictimai-siyasi sabitliyini əzmlə qoruması, həmçinin Cənubi Qafqazın şəriksiz lider dövləti olmaqla yanaşı, Mərkəzi Asiya və Şərqi Avropa məkanında əsas söz sahibinə çevrilməsi 2013-cü ilin əsas göstəricilərindən idi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü, kosmos ölkələri sırasına daxil olması, Avropanın yeni enerji xəritəsini müəyyənləşdirən dövlət statusu qazanması isə beynəlxalq məkanda yüksələn nüfuzumuzu göstərən amillərdən oldu.

 

 

 

Sabitlik - milli inkişafın rəhni

 

 

 

2013-cü ilin sözün həqiqi mənasında, möhtəşəm il kimi səciyyələndirilməsi göründüyü kimi əsaslıdır. Əldə olunan nailiyyətlərin zəmini isə şübhəsiz ki, düzgün yürüdülən siyasət və ölkə iqtidarının xalq tərəfindən birmənalı dəstəklənən fəaliyyətidir. Üç ay öncə vətəndaşlarımızın mütləq əksəriyyətinin İlham Əliyevə növbəti dəfə etimad göstərməsinin mahiyyətində də məhz bu siyasətin, bu iqtidarın davamılığının arzulanması dayanırdı.

Prezident İlham Əliyevin Azərbaycanın dünyanın yeni inkişaf fenomeninə çevrilməsi prosesinin təminatçısı qismində gördüyü əsas istiqamətlərdən biri də böyük fədakarlıqlar bahasına əldə olunan ictimai sabitlik, asayişin etibarlı qorunması və kriminogen duruma tam nəzarətin bərqərarıdır. Bu nailiyyətlər ötən ilin uğurları sırasında da xüsusilə fərqlənir. Bəli, 2013-cü il bu müvəffəqiyyəti təmin edən strukturun - daxili işlər orqanlarının fəaliyyəti üçün də hər sahədə əlamətdar olmuş, qazanılan nailiyyətlər artan dinamika ilə daha geniş miqyası əhatə etmişdir.

İctimai sabitlyin ümumilikdə mili inkiaşıfın rəhni olmasından və bu prosesdə daxili işlər orqanlarının funksiyasından danışarkən acı gerçəklik kimi məhz 1990-1994-cü illəri misal çəkirik. Həqiqətən də, həmin dövrdə cərəyan edən xaos nəticəsində ölkəmizdə yaranan iqtisadi-siyasi böhran və bu problemi həll etməli olan əsas orqanın - Daxili İşlər Nazirliyinin rəhbərliyinin özünün cinayətkarlar yığınağına çevrilməsi tariximizin unudulmaz məqamlarıdır. Ötən il daxili işlər orqanları əməkdaşları ilə görüşündə Prezident İlham Əliyev bu fakta bir daha toxundu: "Müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurmuşdur. O vaxt Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və müavinləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır - özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi".

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə daxili işlər orqanlarının fəaliyyətində də köklü dəyişikliklərin əsası qoyuldu. 1994-cü ilin DİN rəhbərliyində əsaslı kadr dəyişikliklərinin aparılması ilə bu proses daha geniş miqyas aldı. İlk növbədə şəxsi heyətin sıraları təmizləndi, əsl peşəkarlar xidmətə qaytarıldı, ölkədə tüğyan edən cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün zəruri olan kadr potensialı, işgüzar ab-hava yaradıldı, kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi. 1994-cü ildə imzalanan "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcı qoyuldu. Həmin dövrdən 2003-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə qədər yüksəlmişdi. Bununla yanaşı, bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq isə 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə azalmışdı. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3,6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3,4 dəfə artmışdı. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdi.

Daxili işlər orqanları fəaliyyətini tamamilə yeni norma və prinsiplər üzərində quraraq dövlətçiliyin, ictimai asayişin və qanunçuluğun qorunması üçün böyük fədakarlıqlar göstərmişdir. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlərin, həmçinin Azərbaycan Prezidentinin fiziki məhvinə yönəlmiş cəhdlərin, digər terror aktlarının və təxribatların qarşısının alınmasında, bu cinayətlərin təşkilatçılarının və icraçılarının tutulub ədalət mühakiməsinə verilməsində daxili işlər orqanları müstəsna fəal mövqe tutmuş, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə, şərəflə gəlmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi - bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərmişdir".

 

 

 

Prezident İlham ƏLİYEV: "Mən görülmüş işləri yüksək qiymətləndirirəm və polis orqanlarını daim müdafiə edirəm"

 

 

 

Ötən illər ərzində əldə olunan nailiyyətlər 2013-cü ildə də qourunub saxlanılmışdır. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olmuş, vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləmişdir.

Ötən il Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ən əlamətdar hadisələrdən biri də dövlət başçısının Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də DİN-in Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışı mərasimində iştirakı və buradakı çıxışı olmuşdur. Qeyd edək ki, ən müasir üslubda inşa olunmuş üçmərtəbəli binada yerləşən Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli liderinin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanlar yaradılmışdır. Mərkəzin vəzifəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması və kataloqlaşdırılmasından, Polis Akademiyasında Heydər Əliyevin irsinə dair aparılan araşdırmaların təbliğindən, bu istiqamətdə plan və proqramların hazırlanmasından, onların maddi-texniki təminatı üçün tədbirlərin görülməsindən ibarətdir.

Prezident İlham Əliyev rəhbərliyi dövründə Daxili İşlər Nazirliyinin fəaliyyətini daim şəxsi nəzarətində saxlamış, bu strukturun daha da güclənməsi və təkmilləşməsi üçün hər cür yardım göstərmişdir. Prezidentin tələbi olan cinayətkarlıqla,  transmilli mütəşəkkil növlərinə qarşı mübarizənin daha effektli aparılması, Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlətin maraqlarının etibarlı qorunması, asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması kmi vəzifələr də uğurla həyata keçirilib. Bu mənada, Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edib.

Prezident İlham Əliyevin ötən illər ərzində imzaladığı sərəncamlarla şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları, habelə digər təminat xərcləri ardıcıllıqla artırılmışdır. Dövlət başçısının sərəncamları ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan yüzlərlə əməkdaş dövlət mükafatları ilə təltif olunmuş, ali rütbələrə layiq görülmüşlər. Bu diqqət və qayğı ötən il ərzində də davam etdirilib. Belə ki, ölkə rəhbəri 2013-cü ildə Daxili İşlər Nazirliyinin və DİN Daxili Qoşunları hərbi qulluqçularının 22 nəfərinin "İgidliyə görə" medalı, 19 nəfərinin "Vətən uğrunda" medalı, 13 nəfərin isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunması, həmçinin 3 nəfərə polis general-mayoru ali xüsusi rütbəsi, 1 nəfərə "Əməkdar mühəndis", 1 nəfərə "Əməkdar həkim" fəxri adlarının verilməsi barədə sərəncamlar imzalayıb. Bundan başqa, Daxili İşlər Nazirliyinin, eləcə də Daxili Qoşunların şəxsi heyətinin əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Prezident sərəncamları da imzalanmışdır.

DİN-in Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışı mərasimində çıxışı zamanı Daxili İşlər Nazirliyinin şəxsi heyətini Polis Günü münasibətilə təbrik edən, onlara uğurlar arzulayan dövlət başçısı əmin olduğunu bildirmişdir ki, səmərəli fəaliyyət göstərəcək bu mərkəz Akademiyada təhsil alan kadrların hazırlanmasında çox böyük rol oynayacaqdır.

Azərbaycan polisinin keçdiyi keşməkeşli inkişaf yoluna nəzər salan ölkə rəhbəri sabitliyi hər bir ölkənin inkişafı üçün əsas şərt kimi səciyyələndirərək, Azərbaycanın 20 ildir dünya miqyasında ən sabit ölkələrdən biri olduğunu vurğulamış, bu baxımdan sabitliyin bütün inkişafın təməlində dayanan amil olduğunu demişdir.

Sabitlik faktoruna Azərbaycandakı 20 il öncəki proseslər və bu gün müəyyən ölkələrdə baş verən xaos və anarxiya kontekstində toxunan Prezident ölkəmizə gələn yüksək səviyyəli xarici qonaqların söhbət zamanı cəmiyyətdə çox müsbət ovqatın, ab-havanın olduğunu, insanların rahat və təhlükəsiz yaşamalarını dönə-dönə qeyd etdiklərini söylədi. İctimai asayişin Azərbaycanda daim yüksək səviyyədə qorunmalı olduğunu xatırladan və sabitlik pozulduqda ölkənin idarəedilməz vəziyyətə düşdüyünü xatırladan dövlət başçısı bu gün asayişin polis orqanları tərəfindən layiqincə qorunduğunu da əlavə etmişdi: "Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq əksəriyyəti o qədər də ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox cüzi bir rəqəmdir... Azərbaycanda cinayətlərin açılması da yüksək səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından xəbər verir".

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inkişaf tempindən də razı qalan dövlət başçısı polis orqanları qarşısında duran vəzifələri də Ali Baş Komandan olaraq müəyyənləşdirdi: asayişi qorumaq polisin əsas funksiyasıdır, polis işçiləri bu vəzifəni uğurla icra edirlər; Cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılmalıdır, bu sahədə qazanılan uğurlu təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər; Polis əməkdaşları korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də ön sıralarda olmalıdırlar; Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır; Polis əməkdaşları qanunun keşiyində dayanırlar, cinayətkarlığa qarşı mübarizə aparırlar, öz həyatlarını risk altına qoyurlar, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər və vətəndaşlar bunu unutmamalıdırlar. "Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm" - bəyanatı isə Prezident İlham Əliyevin ümumilikdə, daxili işlər orqanlarının fəaliyyətinə verdiyi növbəti yüksək qiymət idi.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan polisi ölkəmizdə sabitliyin, xüsusən də ən həssas məsələ olan dövlətçiliyin qorunmasında əsas funksiyanı həyata keçirən strukturlardandır. 2005-ci ildə məlum qüvvələr Azərbaycanda qondarma "narıncı inqilab" etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətlərinin və xoşagəlməz halların qarşısını aldığını xatırladan Prezident o vaxtlar polis orqanlarının hərəkətlərinin pislənilməsi, onların cəzalandırılması üçün güclü təzyiqlərin olduğunu da söylədi. Lakin Prezidentin mövqeyi birmənalı olub: polis orqanlarının bir əməkdaşı belə cəzalandırılmayacaq. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər.

 

 

 

Cinayətkarlığa qarşı mübarizədə dünyada ən yaxşı göstəricilərdən biri

 

 

 

"Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik. Polis orqanlarının da bu işdə çox böyük rolu vardır. Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcəklər" - Prezidentin bu əminliyini təmin edən amil heç şübhəsiz ki, məhz daxili işlər orqanlarının peşəkar fəaliyyətinə, Vətənə və xalqa sədaqət andının layiqincə doğrulmasına yönələn fəaliyyətə əsaslanır. Bu fəaliyyət ötən il də mühüm nailiyyətlərlə əlamətdar olub.

Ötən həftə Daxili İşlər Nazirliyində 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında da bu uğurlu fəaliyyət müzakirə mövzusu oldu. Daxili işlər naziri general-polkovnik Ramil Usubovun hesabat məruzəsi həqiqətən də hər bir vətəndaşın "mənim polisim mənim dayağımdır" fikirləşməsinə real zəmin yaradır. İctimai asayişin təminatı və kriminogen duruma nəzarət sahəsində daxili işlər orqanlarının fədakar fəaliyyətini qeyd etmək üçün statistikaya, rəqəm faktologiyasına bəlkə də ehtiyac yoxdur. Çünki hər kəs ən real vəziyyəti məhz öz təhlükəsiz, sabit yaşayışında, dövlətinin etibarlı qorunmasına əminliyində görür. Lakin uğurları tarixə həkk etmək üçün onun statistikasını da xatırlatmaq vacibdir.

Ümumilikdə, ötən ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin həyata keçirilməsi istiqamətində  22 min 891 cinayət qeydə alınmışdır. Onların 91,4 faizini və ya 20 min 465-ni hüquqazidd əməllər təşkil etmişdir. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olmuşdur. Profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara operativ reaksiya verilməsi məqsədi ilə ötən ilin ilk günlərindən etibarən sistemli şəkildə həyata keçirilən təşkilati-praktiki tədbirlər əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını təmin etmiş, cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirmişdir. Belə ki, qeydə alınmış cinayətlər azalaraq 20 min 465 fakt olmuşdur. Cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil etmişdir. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət "isti izlərlə" açılmışdır. Eyni zamanda keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsi sahəsindən danışarkən daxili işlər naziri general-polkovnik Ramil Usubov müasir informasiya texnologiyalarının əhəmiyyətinə də böyük önəm verib. Təkcə "102" xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınmış, habelə 2764 cinayət işi başlanmışdır. "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları ilə 105 cinayət açılmış, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanmış, axtarışda olan 121 avtomobil saxlanılmışdır. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılmış, axtarılan 1264 şəxs müəyyən edilmişdir.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də ötən il ərzində nəzarətdə saxlanılmışdır. Bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12 min 361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilmişdir.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşımışdır. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əsginaz çıxarılmışdır.

Ötən il transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olmuşdur. Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677 fakt aşkarlanmış, 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qeyri-leqal dövriyyədən 619 kiloqram narkotik vasitə çıxarılmış, 65,1 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Həmçinin tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilmişdir. Habelə bu əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.

General-polkovnik Ramil Usubov daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlərdə də müsbət nəticələrin müşayiət olunduğunu bildirib. Ötən il bu sahədə ictimai münasibətləri tənzimləyən 15 qanunvericilik aktı qəbul edilmiş, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan bir sıra inzibati xətalara görə sanksiyalar sərtləşdirilmişdir. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1 milyon 245 min 677 vahid təşkil etmişdir. Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və yaralananların saylarında azalma olmuşdur. Yol hərəkətinə nəzarət prosesində hesabat dövründə 2012-ci illə müqayisədə 40 faiz çox və ya bir milyon 429 min 781 müvafiq inzibati xəta müəyyən edilmişdir. Şüşələrinə pərdə və plyonka çəkilmiş 10 min 578 avtomobil, avtoxuliqanlığa görə 703 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülmüşdür. Xətaların 11,8 faizi (168 min 197-si) avtomatik rejimdə işləyən foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə müəyyən edilmişdir. Bütövlükdə müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci illə müqayisədə 29 faiz çox və ya bir milyon 452 min 461 protokol tərtib olunmuş, nəticədə bir milyon 347 min 617 nəfər cərimələnmiş, 4130 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunmuş, 41 min 495 şəxsə xəbərdarlıq edilmişdir.

 

 

 

Milli maraqlar və dövlətçilik mənafeyi naminə

 

 

 

Cəmiyyətdə polisin nüfuzunun vətəndaşların müraciətlərinə vaxtında, obyektiv və ədalətli şəkildə baxılmasından, bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminindən birbaşa asılı olduğunu qeyd edən general-polkovnik Ramil Usubov ötən il vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində dövlət başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının daim ciddi nəzarətdə saxlanıldığını və zəruri təşkilati-əməli tədbirlərin planlı surətdə yerinə yetirildiyini vurğulamışdır. Belə ki, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunmuş, qaldırılan məsələlərin əksəriyyəti yerində müsbət həll edilmişdir. Hesabat ilində vətəndaşlardan nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olmuş, onların yalnız 3 faizini polis əməkdaşlarından şikayətlər təşkil etmişdir.

Xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha səmərəli təşkilinin zəruriliyi baxımından qanunçuluğun qorunması işinə də böyük tələbkarlıqla yanaşılmışdır. Nəticədə polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmamışdır. İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılmış, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilmişdir. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülmüşdür. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilmiş, 20-si aşağı vəzifəyə keçirilmiş, 2-si barədə digər tənbeh növləri tətbiq edilmişdir.

Nazir Ramil Usubov daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirmələri üçün dövlət başçısı tərəfindən hər cür şəraitin yaradıldığını, ötənilki fəaliyyətin yekunlarının ümumilikdə müsbət qiymətləndirildiyini, polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi qayğı ilə əhatə olunduğunu xatırladaraq arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulamış, bəzi konkret tapşırıq və tövsiyələrini vermişdir: "Azərbaycan Prezidentinin müəyyən etdiyi məqsədlərə nail olmaq, həmçinin müasir dövrün çağırış və təhdidləri baxımından cari ildə qarşımızda çox məsul vəzifələr durur. İlk növbədə, cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun, daxili təhlükəsizliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır".

Daxili işlər naziri general-polkovnik Ramil Usubov vurğulamışdır ki, əsas vəzifələrdən biri olan vətəndaşların ərizə və şikayətlərinə baxılmasına böyük həssaslıqla yanaşılmalı, daxil olan müraciətlər ətraflı və obyektiv yoxlanılmalı, onların pozulmuş hüquqlarının bərpası tam təmin edilməlidir. Şəxsi heyətin peşəkarlıq səviyyəsi də daim artırılmalı, peşə hazırlığı sistemində məqsədyönlü tədbirlərin keçirilməsinə önəm verilməlidir. Ərazi polis orqanlarının rəisləri və nizami hissələrin komandirləri xidmətə qəbul prosesində namizədlərin intellektual səviyyəsinə, fiziki inkişafına və müəyyən edilmiş digər meyarlara ciddi diqqət yetirməlidirlər.

Nazir general-polkovnik Ramil Usubovun "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edirik ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, qarşıya qoyulmuş məsul tapşırıqları 2014-cü ildə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir" - sözlərinin əməli fəaliyyətdə həmişə olduğu kimi yenə də layiqincə doğruldacağına heç bir şübhə yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarının şəxsi heyətinə inamını, etimadını ifadə edən, onların fəaliyyətinə müsbət münasibətini göstərən bu fikirləri - "polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, layiqli cavabını alacaqdır" - sözləri isə məlum qüvvələrə ən dəqiq cavab idi.

Bu, həm də müstəqil Azərbaycanın öz iradəsinə, öz gücünə inamının ən bariz göstəricisidir!

 

 

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 4 fevral.- S.5.