Mərhəmət elçiləri
Mənəvi dəyərlərimi
Xalqların tarixində dinin əxlaqi və mənəvi-təmizləyiçi rolu misilsizdir. Dünyada ən kamil din olan islam təkcə din kimi yayılmamış, həm də min dörd yüz ildir ki, istər Şərq, istərsə də Qərb mədəniyyətinə ideya-fəlsəfi təsir göstərməkdədir. Sonuncu səma kitabı olan Quran Allah kəlamıdır. Onun gücü təkcə insan zəkasına bədii-fəlsəfi qida verməsində deyil, insanın ülviləşdirilməsində, insan qəlbini uca tutmasında - məxluqu xaliqə yaxınlaşdırmasındadır.
Quran Allahın əzəmətini, ali qüdrətini, nurlu niyyətini əks etdirən müqəddəs kitabdir. Qurani-Şərif bir dinin yox, yerin və göyün kitabı, Allahın insanlığa bəxş etdiyi ilahinamədir. Allahın insanlığa bəxş etdiyi ən ilahi sərvət mərhəmətdir. Mərhəmətsiz bəşəriyyət vəhşiləşər. Mərhəmət mənəvi ədalətin ali forması, Allahın bəşər övladına ilahi sevgisidir. Əslində, bütün din xadimləri insanlığa mərhəmət təlqin etməlidir. Onda dünya gözəlləşər, haqq-ədalət hakim olar, nəfs insanları tərk edər, insanlar Allaha doğru gedən yola üz tutar. Bu yazı mərhəmət elçiləri olan şeyxülislamlar və dinimizin tarixi taleyi, müasir qloballaşan dünyadakı mənəvi - fəlsəfi rolu barəsindədir.
Milli-mənəvi və dini dəyərlərimizə dövlətçilik mövqeyindən yanaşılması Azərbaycan xalqının milli və dövlət ideologiyası olan azərbaycançılığın əsas şərtlərindən, təməl prinsiplərindən biri və əsasıdır.
Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Biz öz mili-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır. Və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir". 1400 ilə yaxındır kı, islam dini xalqımızın tarixi, ədəbiyyat və mədəniyyəti, adət-ənənələri ilə bərabər qarşılıqlı təmasda inkişaf edir. Bəşəriyyətin sonuncu və ən kamil dini olan islam dininin qəbulundan sonra tarixdə bütün möhtəşəm türk yürüşləri islam bayrağı altında keçib. Əlbəttə, dinin yaranma tarixi dəqiq məlum deyil, bu məsələ ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Amma bir neçə mülahizəni söyləmək olar: birincisi, materialist düşüncə əsasında dinin mənşəyi və mahiyyətini izah etmək çətindir. İkincisi, "bir var həyatdan, müəllimdən, kitabdan əxz olunmuş müdrik elmlər, bir də var səmavi-mistik elmlər". Təfəkkür insana yalnız yer həqiqətlərini dərk etmək üçün verilir. Səma həqiqətləri isə qəlblə-bəsirət gözü ilə görülür və qəbul olunur. Bunun üçün ilahi vəhy əsas şərtdir. Üçüncüsü, din ideologiya deyil, din ehkamdır, müsəlmançılığın əsas düsturu olan "kəlmeyi-şəhadət"i dəyişmək olmaz. Din yeganə səma fenomenidir ki, onu tarixilik əsasında izah etmək mümkün deyil. Dini qəbul etmək üçün ona inanmaq, inanmaq üçün isə yer həqiqətlərinin, maddi aləmin cazibəsini dərk etmək lazımdır.
Bizim elmdə belə fikir mövcuddur ki, "ən əski zamanlarda təbiəti dərk etməyə cəhd dini və mifik, cəmiyyət amili ilə hesablaşmaq zərurəti ideologiyanı yaradıb". Bir mötəbər fikri də misal gətirmək istəyirəm: "Allah öz kimliyini göstərmək üçün təbiəti, insan öz kimliyini göstərmək üçün mədəniyyəti yaradıb". Beləliklə, təbiəti dərk etmək Allahı dərk etməkdir. Allah ideyası islam dinində başlıca yerdə durur. Allah ideyası peyğəmbərlərə gəlmiş, hələlik bizə məlum olan dörd müqəddəs səma kitabının - "Zəbur", "Tövrat", "İncil" və "Quran"ın - dördünün də əsasında dayanır. Fəqət o, ən parlaq şəkildə "Quran" ayələrində insanlara təqdim olunur. Bizim ən qədim eposumuzda - "Kitabi Dədə Qorqud" dastanında onun haqqında belə deyilir: "Ucalardan ucasan, kimsə bilməz necəsən". İslamın yarandığı dövrdə qədim türklərin Allah haqqında təsəvvürləri belə idi. Bunu Məhəmməd Əleyhüssəlamın müasirləri deyirdi. Eposun ilk cümləsində deyilir: "Rəsuləleyhüssəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu". Deməli, Qorqud Dədə Peyğəmbərdən əvvəl doğulub. Dastanda qəhrəmanlardan birinin - Bəkduz Əmənin Peyğəmbərin üzünü görüb gəlib Oğuzda yurd salması söylənilir. Dədə Qorqud Peyğəmbərin Kərbala çölündə şəhid olmuş nəvələrindən danışır. Dastan "Qadir Tanrı günahınızı adı görklü Məhəmməd Mustafa hörmətinə bağışlasın" sözləri ilə tamamlanır. Qədim türklər islamı qəbul etməklə tanrıçılıqdan Allaha sarı döndülər. Və həqiqətən də, belə demək olar ki, "ərəblər dini yaratdı, türklər dini yaşatdı".
Şübhəsiz ki, Allahın şərəf və şanını ən uca tutan peyğəmbərlər idi. Dahi Şeyx Nizami təsadüfən demirdi: "Əvvəl peyğəmbərlər, sonra şairlər". Və sonuncu peyğəmbər Məhəmməd salavatullah özündən əvvəlki bütün hikmətləri fitrətən mənimsəmişdi. O, Allahı görən, duyan, dərk edən, nəfəsini və səsini eşidən sonuncu ən xoşbəxt bəşər övladı idi. Tədqiqatçılardan biri yazır ki, ömrünün sonlarına yaxın Ayişə Məhəmməddən soruşur: "Allahın mərhəməti olmasa heç kim cənnətə girə bilməz?"
Məhəmməd əleyhüssəlam xüsusi intonasiya ilə: "Heç kim, heç kim, heç kim" - deyə, cavab verir. Onda Ayişə soruşur: "Bəs sən, peyğəmbər də yəni, Allahın mərhəməti olmadan cənnətə daxil ola bilməzsən?"
Onda Məhəmməd əlini başına qoyub təntənəli şəkildə üç dəfə təkrar edir: "Əgər Allah öz mərhəməti ilə məni nurlandırmasa, mən də cənnətə daxil ola bilmərəm".
Hər şeyi yaradan, bilən və görən Allah nə ismdir, nə də cism. Mərhəmət adlanan dünyanı isə işıqlandıran ilahi nurdur.
Dini yaratmaq da çətin, onu yaşatmaq da çətin idi. Azərbaycanda və bütün Qafqazda islam dini XIX əsrə qədər öz mənəvi təkamül yolu ilə təşəkkül tapmışdı. XIX əsrin önlərində Azərbaycan İran və Rusiya tərəfindən işğal yolu ilə iki yerə bölündükdən sonra cənubda əvvəlki qaydada yaşamalı oldu. Şimalda isə bu zaman təşkilatlanma prosesi gedirdi. Qafqaz Müsəlmanları Ruhani İdarəsi yaradıldı. Bu il ölkəmizdə tolerantlığın bərqərar olmasında, dinə sivil münasibətin formalaşmasında, fanatizm və xurafat kimi mənfi təzahürlərin aradan qaldırılmasında, dinin mənəvi nüfuzunun artmasında mühüm rol oynamış həmin qurumun 190 ili tamam olur.
XIX əsrin əvvəllərinə qədər bölgəmizdə islam təsisatları xeyli fərqli idi. Qafqaz ərazisinin Rusiya imperiyasının tərkibinə qatılması ilə əlaqədar bu yerlərdə islam təsisatlarının quruluşunda da xeyli dəyişikliklər baş verdi. 1823 və 1932-ci illərdə Tiflis şəhərində şeyxülislam və müfti vəzifələri təsis edildi. Məqsəd Zaqafqaziya müsəlmanlarına dini rəhbərliyi həyata keçirmək idi. Amma bu, hələ Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yaranması demək deyildi. Bu vəzifələri tutan din xadimləri də fərdi qaydada fəaliyyət göstərirdilər.
Çarın 1872-ci il 5 aprel tarixli fərmanı ilə şeyxülislam və müftinin rəhbərlik etdikləri idarələrin nəzdində şiə və sünni ruhani idarələri yaradıldı. Bu idarələr 1917-ci ilin fevralına qədər fəaliyyət göstərdi.
Şeyxülislam və müftini Qafqaz canişini təyin edirdi. Ruhani idarələrinin fəaliyyətini də çarizm üsuli-idarəsi istiqamətləndirirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılırdı. Ruhanilər çar məmurlarına bərabər tutulurdu. İslam dinini imperiyanın səadəti naminə xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə də təsis etmişdi. Həmin nizamnamədə ruhani titulları, onların funksiya və səlahiyyətləri müəyyənləşmişdi. Bu nizamnamədə şeyxülislamlıq islamın iki ən yüksək titulundan biri kimi təsbit olunmuşdu.
İslam dininə dair məxəzlərə istinadən verilən bilgilərə görə şeyxülislamlığın tarixi min ilə yaxındır. İlk dəfə o, "İslam rəhbəri", "ağsaqqal" mənalarında işlənib. Quranda o, yaşlı insan, müdrik ağsaqqal, başçı kimi əks olunur. Şərqdə elmli, müdrik adamlar da bu adı daşıyıb. "İslam dini yeni yaranan dövrdə şeyx adını tayfa və nəsil başçıları daşıyırdı. İslamın bərqərarından sonra bu ifadə dinə dair dərin biliyə malik olanlara, ilahiyyat sahəsində böyük nüfuz sahiblərinə, sufi təriqətin başçılarına şamil olunmağa başladı. XIV-XV əsrlərdə şeyxülislam müstəqil şəxs idi, yəni, heç kəsdən asılı olmayaraq... ancaq Quran və şəriət hökmlərindən çıxış edirdi" (Hacı Allahşükür Paşazadə).
Qafqaz
Müsəlmanları Ruhani İdarəsinə rəhbərlik
edən din xadimlərimizin ömürlüyü Qafqaz
şeyxülislamlarının öz zəmanələrinin
nüfuzlu ziyalıları, dərin biliklərə malik elm
sahibləri, mənəvi-əxlaqi keyfiyyətləri ilə
topluma nur saçan işıqlı şəxsiyyətlər
olduqlarını göstərir.
Rusiya imperiyasının 1823-cü ildə təsis etdiyi şeyxülislam rütbəsi ilk dəfə Axund Məhəmmədəli Hüseynzadəyə verilmişdir. Azərbaycanın görkəmli mütəfəkkirlərindən Əlibəy Hüseynzadənin ana babası olan Axund Məhəmmədəli Hüseynzadə Qafqaz Ali Ruhani İdarəsinə 1846-cı ilə qədər rəhbərlik etmişdir. 1846-cı ildə o, bu vəzifədən istefa verdikdən sonra müavini Axund Fazil İrəvani şeyxülislam olmuşdur. Şeyxülislam Fazil İrəvani Qahirənin "Əl-Əzhər" Universitetini bitirmişdi. Şərq tarixi və dini elmlərə aid bir neçə risalənin müəllifi kimi ad-san qazanmışdı. Dini fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olurdu.
Şeyxülislam Fazil İrəvani öz yerinə sələfi Axund Məhəmmədəli Hüseynzadənin oğlu - Axund Əhməd Hüseynzadəni hazırlamışdı. İrəvana qayıdacağı təqdirdə onun şeyxülislam təyin ediləcəyinə tam əmin olandan sonra 1862-ci ildə istefa verib doğma İrəvana köçmüşdü. Şeyxülislam Fazil İrəvaninin ölümündən sonra İrəvandakı "Şeyxülislam məhəlləsi" və Karvansaray uzun illər onun adını daşımışdır.
Şeyxülislam vəzifəsində Fazil İrəvanini əvəz edən Axund Əhməd Hüseynzadə də dövrünün görkəmli din xadimlərindən sayılırdı. O, Şərqin ən böyük dini mərkəzi olan İraqda ali dini təhsil alaraq vətənə yüksək dini rütbələrlə qayıtmışdı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdı. Görkəmli islamşünas alim olmaqla yanaşı, dünyəvi elmləri də yaxşı bilirdi. Bir neçə fənnə dair dərsliklər yazmışdı. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsi qazanmışdı.
1885-ci ildə Axund Əhməd Hüseynzadəni şeyxülislam vəzifəsində Axund Mirzə Həsən Tahirzadə əvəz etdi. O da dövrünün qabaqcıl maarifçisi, elm və din xadimi idi. Şərq və Avropa mədəniyyətinə mükəmməl bələd olan alimin adı bütün Qafqazda hörmətlə çəkilərdi. Axund Mirzə Həsən ömrünün sonunadək (1893) bu vəzifəni həyata keçirmişdir.
1895-ci ildən 1907-ci ilədək şeyxülislam Axund Əbdüssəlam Axundzadə olur. O da elmi, bədii yaradıcılıqla məşğul idi. Elmin müxtəlif sahələrinə aid 20-yə qədər əsərin müəllifidir. Rus dilində yazdığı "Müxtəsər sərf" və "Müsibət-Xosrovbəy" adlı əsərləri indi də Əlyazmalar İnstitutunda qorunur. Axund Əbdüssəlam Axunzadə 1907-ci ildə vəfat etdikdən sonra şeyxülislam vəzifəsini iki il müddətinə Hacı Məmmədhəsən Mövlazadə Şəkavi müvəqqəti icra edir.
İslamın mahir bilicilərindən sayılan Hacı Məmmədhəsən Mövlazadə Şəkavi Şərq ədəbiyyatını, tarixini, ərəb, fars və türk dillərini mükəmməl bilirdi. Bu dillərdə bir sıra kitablar qələmə almışdı. Onun "Kitabü-əl-Bəyan, fitəfsiril-Quran" kitabı 1991-ci ildə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin təşəbbüsü ilə Bakıda islam əlifbası ilə nəşr olunmuşdur.
1909-cu ildə şeyxülislam vəzifəsini Axund Məhəmməd Fərculla Pişnamazzadə icra etməyə başlayır və 1915-ci ildə rəsmən bu vəzifəyə təyin edildikdən sonra 1918-ci ilin fevralınadək Qafqazın şeyxülislamı olur.
XIX əsrdə Rusiyanın Qafqazda əsas təşkilati-güc mərkəzi olan Tiflis dünya şəhərinə çevrilir. Qafqaz canişinliyinin bütün siyasi-idarəcilik mərkəzlərində lazım gələrsə, bu çoxmillətli regionda milli münaqişələrin və dini ayrı-seçkiliyin qızışdırılması və çar Rusiyasının əsas idarəcilik üsulu olan "parçala və hökm sür!" taktikasının həyata keçirilməsi üçün strateji planlar qurulurdu. I Pyotrun mənfur "Vəsiyyətnamə"sinə uyğun olaraq Tiflisdə şiələr üçün ayrı, sünnilər üçün ayrı məktəblər açılmışdı. Şiə məktəbində sünnilərə, sünni məktəbində şiələrə nifrət hissi aşılanırdı. O zaman Quba məscidinin axundu bunun əleyhinə çıxıb dinimizin, Allahımızın və Peyğəmbərimizin bir, bölünməz olduğunu söyləmişdi. Onda Qafqaz canişini Qubaya öz nümayəndəsini göndərib ona sərt xəbərdarlıq etmişdi ki, o, imperiyanın siyasətinə mane olur, ona qarşı çıxır.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Azərbaycan milli hökuməti qarşısında duran məsələlərdən biri də Tiflis şəhərində yerləşən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Bakı şəhərinə köçürülməsi və 1918-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsinin bərpasından ibarət idi. 1918-ci ilin əvvəlində idarə Bakıya köçürülür. Dövrün nüfuzlu din xadimlərindən sayılan Axund Molla Ağa Əlizadə AXC-nin süqutuna qədər şeyxülislam olur.
...Və tarix burada qırılır.
Vaxtın bundan sonrasında 24 illik böyük bir boşluq var...
Sosializmin dinə düşmən münasibəti bu siyasi cərəyanın tapındığı fəlsəfi nəzəriyyələrdən irəli gəlirdi. Bunun əsasında kommunizmin banilərindən olan Fridrix Engelsin "Din xalq üçün tiryəkdir" düsturu dayanırdı. O, kommunizmə yetişməkdən ötrü dini inancların yox etməsinin vacibliyi iddiasını əsaslandırmağa xidmət edirdi. F.Engels "Meymunun insana çevrilməsi prosesində əməyin rolu" əsərində "insanın meymundan əmələ gəlməsi" qənaətini irəli sürərək dinin də bu təkamül prosesinin hansısa bir mərhələsində ortaya çıxdığını göstərirdi.
V.İ.Lenin 1905-ci ildə "Novaya Jizn" jurnalında dərc olunan "Sosializm və din" sərlövhəli məqaləsində insanların dini inancına, vicdan azadlığı məsələlərinə münasibətdə sələfləri ilə müqayisədə nisbətən yumşaq mövqe tutsa da, dini dağıdılması vacib olan "duman" adlandırmaqdan çəkinmirdi. Və kommunistlər tərəfindən aparılmalı olan ateizm təbliğatının müxtəlif istiqamətlərini izah edirdi.
1909-cu ildə "Proletar" jurnalında çapdan çıxmış "Proletar partiyasının din mövzusundakı mövqeyi" sərlövhəli məqaləsində isə V.İ.Leninin dinə nisbətən həlim münasibətinin əsl səbəblərini də duymaq mümkündür. Bu məqalədə o, dinlə açıq döyüşə girməyin faydasızlığını, bunun lazımsız "siyasi qumar" olduğunu yazırdı. "Ateist olduğumuzu açıq şəkildə bildirməməli və dinə inananları belə cərgələrimizə almalıyıq" deyən Lenin bu taktikanı kommunistlərin hakimiyyətə gəldiyi 1917-ci ilə qədər davam etdirdi. Bu tarixdən sonra isə "qırmızı ordu"nun süngüsü çatan hər yerdə inanclı insanlara qarşı böyük təzyiqlər başlandı.
Hələlik bircə ibrətamiz faktı yada salaq: milyonlarla insanın aclıqdan qırıldığı, insanların bircə parça çörəklə imtahana çəkildiyi 1920-1921-ci illər qıtlığını Lenin "insanların Allaha inamını yox edən faydalı irəliləyiş" sayırdı.
Amerikalı tarixçi Robert Konkvest "The Harvest of Sorrow" ("Kədər yığımı") adlı kitabında bolşeviklərin din siyasətinin bəzi məqamlarına konkret faktlarla toxunmuşdur: 1918-ci ildə qəbul edilmiş konstitusiyanın 65-ci maddəsində din adamları "burjuaziyanın xidmətçiləri" elan edildi. Onların maaşları kəsildi, övladları ibtidai siniflərdən sonra məktəblərə qəbul olunmadı.
28 yanvar 1918-ci ildə qüvvəyə minən qanunla bütün məktəblərdə dini təhsil qadağan edildi. 1921-ci ilin 13 iyununda daha bir qanunla 18 yaşına çatmamış gənclərə dini təhsilin verilməsinə qadağa qoyuldu. 1929-cu ilin 8 aprelində üzvlərinə yardım paylayan dini qrupların fəaliyyəti məhdudlaşdırıldı. 22 may 1929-cu ildə konstitusiyanın 18-ci maddəsi hazırlanaraq "dini və antidini təbliğat azadlığı" müddəası yeni redaksiyada "ibadət azadlığı və antidini təbliğat azadlığı" kimi dəyişdirildi. Təhsil komissiyası "məktəblərdə antidin təbliğatı"na əmr verdi. Kollektivləşdirmə dövründə bütün regional ibadət yerləri bağlandı.
Mollalar qolçomaqlara bərabər tutularaq həbs edilirdilər. Bədii əsərlərdə, kinoda, teatrda, musiqidə din xadimlərinin mənfi obrazının yaradılması da ayrıca bir vəzifə idi və bununla sosializm realizmi məşğul olurdu. Lenindən sonra hakimiyyətə gəlib bəşəriyyət tarixinin xatırladığı ən qanlı diktaturalardan birini qurmuş İ.V.Stalin də dinin qatı düşməni idi. İstintaqsız, məhkəməsiz güllələnməyə, gedər-gəlməzə göndərilən milyonlarla insanın faciəsi fonunda bu nifrət daha dəhşətli şəkildə təzahür edirdi.
Azərbaycana "Qırmızı qaranlıqlar" (Əlibəy Hüseynzadə) çökdükdən - 1920-ci ilin 28 aprelində bolşevik-daşnak işğalı başlanandan sonra 24 il Qafqazda şeyxülislam institutu bağlı, müqəddəs dinimiz başsız qaldı. Doğrudur, hələ tarixdə heç bir rejim Allaha məhəbbəti, dinə inamı insanların qəlbindən çıxara bilməmişdir.
Xüsusilə, 1920-1937-ci illərdə Azərbaycanda dinə qarşı total hücum başlandı. Böyük sənət abidəsi olan "Bibiheybət" məscidi, onlarla məbədgah dağıdıldı, dini kitablar yandırıldı. Azərbaycanın Yaxın Şərqlə bütün əlaqələri kəsildi, nəinki dini ayinlərə, mərsiyələrə, habelə, muğama, tara, əruz vəzninə qarşı hücumlar başlandı. Azərbaycanda "Mübariz Allahsızlar İttifaqı" yarandı, Sovet rəhbərləri böyük yazıçı Cəlil Məmmədquluzadədən tələb etdilər ki, "Molla Nəsrəddin" jurnalının adını dəyişib "Mübariz Allahsız" qoysun. Mirzə Cəlil buna razı olmadıqda onu ev dustağı etdilər. Xalqın dini mənəviyyata əsaslanan min illik adət və ənələri təhqir olundu. Çılpaq qızlar və oğlanlar sinələrindən "Daloy stıd!" - "Rədd olsun utanmaq!" şüarı asaraq küçələrdə gəzməyə başladılar. Ta 1937-nin qanlı repressiyalarına qədər milləti sevmək "Pantürkizim", dini sevmək "Panislamizm" kimi siyasi ittiham yarlıqlarına çevrildi.
Böyük
məhəbbətlə ucaldılmış qiymətli
memarlıq abidələri - məscidlər, kilsələr,
sinaqoqlar uçurulur, ən yaxşı halda anbara,
mağazaya, kluba, tövləyə çevrilir, Allahın
adını aşkar dilə gətirən inanclı insanlar
güllə işığında öz qəbirlərini
qazır, ya da bəxti azacıq gətiribsə, Sibir
çöllərinin qan donduran şaxtasında, Qazaxıstan
qumsallarında əzab çəkirdilər.
1937-ci ildə Stalini və onun əshabələrini heyrətə gətirən maraqlı bir fakt üzə çıxarıldı. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, tarix elmləri doktoru Andrey Zubovun bu xüsusda məqaləsini oxuyunca, açığı, biz də heyrətimizi gizlədə bilmədik.
Hər şey 1937-ci ildə ikinci Ümumittifaq siyahıyaalınmasının həyata keçirilməsindən başlanmışdı. Sosialist inqilabından sonra ilk Ümumittifaq əhalinin siyahıyaalınmasını 1926-cı ilin dekabrında keçirmişdilər.
1936-cı ilin 5 dekabrında SSRİ-də yeni "Stalin konstitusiyası" qəbul edildikdən sonra Kreml başbilənləri düşündülər ki, əhalinin yeni siyahıya alınmasını daha çox ləngitmək lazım deyil. Stalin bununla ölkə əhalisinin neçə faizinin onun tərəfdarı, neçə faizinin əleyhdarı olduğunu bilmək istəyirdi. Maraqlıdır ki, siyahıyaalmanın tarixini də 1937-ci ilin 6 yanvarına, pravoslav xristianlar üçün müqəddəs hesab edilən bir günə təyin etmişdilər və sorğu vərəqindəki 14 sualdan biri də elə məhz dinlə bağlı idi.
Stalinin göstərişi əsasında bu suala 16 yaşdan yuxarı olan bütün vətəndaşlar cavab verməli idilər.
Stalin ümid edirdi ki, Allaha inam artıq Sovet ölkəsi vətəndaşlarının qəlbindən silinib.
Amma siyahıyaalmanın nəticələri Kreml rəhbərliyinin ovqatını təlx etdi, məlum oldu ki, bəzi yerlərdə insanlar sorğu anketindəki dinlə bağlı sualı cavablandırmaqdan kütləvi şəkildə imtina ediblər. Cavab verənlərin də yarıdan çoxu Allaha inandıqlarını bildirib. Bolşevikləri təəccübləndirən imanlı insanların çoxluğu yox, onların bunu qorxmadan, çəkinmədən etiraf etmələri idi. Dindarların əzildiyi bir ölkədə əhalinin yarıdan çoxu açıq şəkildə Allaha inandığını bildirirdi. Özü də anonim sorğuda yox, hər kəs üçün ayrıca hazırlanmış, adının, soyadının, ünvanının qeyd olunduğu sorğuda.
Sorğunun nəticələri göstərirdi ki, 1937-ci ildə Allahı şüurlu olaraq qəbul edənlərin sayı hətta 1917-ci ildəkindən də xeyli çoxdur. İnqilabdan sonra 20 illik repressiyalar insanları nə qədər sıxıb əzsə də, onların daxilində Allaha inam nəinki ölməmiş, əksinə, artmışdı.
Bolşeviklər şoka düşmüşdülər. Stalinin əmri ilə bu sorğunun nəticələri "qüsurlu" elan edildi və açıqlanması yasaqlandı. Onu təşkil edənlərin, demək olar ki, hamısı güllələndi. Bu hadisədən dərhal sonra 2 iyul 1937-ci ildə siyasi şura ölkədə yeni repressiyalara başlanılmasına start verən qərarı yekdilliklə qəbul etdi. Bu, faktiki olaraq, dindarların, xüsusən də, təşkilatlanmış dindarların qətlinə fərman demək idi.
Stalin haqqında memuarlarda onun İkinci Dünya müharibəsi illərində mitropolit Sergi və yaxın rəiyyəti ilə Kremldəki görüşündən bəhs edən maraqlı bir epizod var. Söhbət zamanı dini lider ölkədə ruhani kadrların çatışmazlığından şikayətlənir. Stalin "Bəs nə üçün sizdə kadrlar çatışmır? Onlar hara yoxa çıxıb?" soruşduqda mitropolit hazırcavablıqla: "Bir çox səbəblər var - deyir, məsələn, biz ruhani hazırlayırıq, o isə gedib olur Sovet İttifaqı marşalı".
Özü vaxtilə ruhani seminariyasında təhsil alan və hətta kilsə xorunda oxuyan Stalin dini liderin bu sözlərində onu nəzərdə tutmasından məmnun qalaraq görüşün sonunda mitropolitin qoluna girib onu pilləkənlərlə qapıya qədər ötürür və vidalaşarkən deyir: "Hələlik Sizin üçün edə biləcəyim budur".
Görünür,
Koba da artıq anlamağa başlamışdı ki, heç
bir təzyiqlə Allah sevgisini insanların qəlbindən
çıxarmaq mümkün deyil və 24 illik fasilədən
sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin
bərpası, Zaqafqaziya müsəlmanlarının I
qurultayının keçirilməsi, növbəti
şeyxülislamın seçilməsi də yəqin ki, elə
bu "anlayışın" nəticəsi idi.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyəti SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə bərpa edilir. 1944-cü il mayın 25-28-də Zaqafqaziya müsəlmanlarının I qurultayı olur, qurultayda Axund Ağa Əlizadə ikinci dəfə şeyxülislam seçilir. O, öz vəzifəsini ömrünün sonuna - 1954-cü ilə kimi yerinə yetirir.
Axund Ağa Əlizadənin vəfatından sonra bölgə müsəlmanlarının həmin ildə çağırılmış 3-cü qurultayında Axund Şeyx Möhsüm Həkimzadə şeyxülislam seçilir. Sosializm quruculuğuna, dini ayinlər haqqında Sovet qanunvericiliyinə real münasibət bəsləyən, sülhsevərlik, əməksevərlik, dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı olan bu din xadimi mömin müsəlmanlar arasında böyük nüfuza malik idi. 1966-cı ildə onun vəfatından sonra şeyxülislam vəzifəsi iki il boş qalır. Yalnız 1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının IV qurultayında bu vəzifəyə Bakının Təzə pir məscidinin axundu Molla Əliağa Süleymanzadə seçilir. Ömrünün sonuna - 1976-cı ilə kimi bu vəzifəni icra edən Şeyxülislam Molla Əliağa Süleymanzadə Sovet quruluşuna hörmətlə yanaşan, xarici qonaqlarla söhbətlərində, məscidlərdəki moizələrində daim xeyirxahlığı və sülhü təbliğ edən bir din xadimi idi.
Yaşı
90-ı adlamış bu nurani insanın bir xoşbəxtliyi də
onda idi ki, onun şeyxülislamlığı
dövrünün əsas hissəsi xalqımızın
ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illərə təsadüf etmişdi və
o həmçinin onun timsalında ruhani idarəsi böyük
himayədar, qayğıkeş qazanmışdı.
"Bilirsiniz,
mən həyatımda ilk dəfə bir hadisəni sizə
danışacağam. Bunu indiyə qədər heç
kəsə danışmamışam və rəhmətlik
anamdan savayı heç kəs bunu bilmirdi. 1943-cü ildə mənim
iyirmi yaşım vardı. Bizim ailədə çətinliklər
vardı. Mən də, anam da bir nəzir dedik. Mən onda
Bakıda yaşamırdım, Naxçıvanda
yaşayırdım. Gəldim Bakıya, getdim
İçərişəhərdə Mir Mövsüm
Ağanın evinə, onu ziyarət etdim və nəzrimi də
verdim. İndi biz onun qəbri üstünə gəlirik, amma
mən sağlığında gedib onu ziyarət etmişəm
- 1943-cü ildə, 55 il bundan qabaq ziyarət etmişəm.
Bacısı da orada idi, evi indi də gözümün
qabağındadır.
Mən onda o sistemdə, o dövlətdə işləyirdim. Onda din qadağan idi, bütün bu şeylər qadağan idi, bu işlərin lap kəskin vaxtı idi. Amma mənim qəlbim və rəhmətlik anamın məsləhətləri məni gətirib oraya çıxardı".
(Qurban bayramı münasibətilə Mir Mövsüm Ağanın ziyarətgahında keçirilən görüşdə ulu öndər Heydər
Əliyevin
nitqindən - 8 aprel 1998-ci il)
...Pəncərələri
qibləyə sarı açılan, dualar başa varanda
"Allaha şükür" sədaları səslənən,
bir çətinlik qarşısında Allahdan kömək istənən
bir evdə böyümüşdü. Gündə beş vaxt namazının birini qəzaya
saxlamayan, oruc tutan, ağzı dualı bir ananın
övladı idi Heydər Əliyev.
"Məni Allah qoruyur"...
Onu hər hansı təhlükədən çəkindirmək
istəyənlərə Heydər Əliyev belə deyərdi.
Dilimizdə
maraqlı bir ifadə var, hansısa ağır təhlükədən
bir sədəmə toxunmadan qurtula bilmiş adamlar haqqında
söyləyirlər onu: "Anası namaz üstə imiş".
Heydər
Əliyevin Anası həmişə namaz üstə idi və
Allaha ünvanlanmış Ana dualarının mistik
gücü həyatın bütün dolanbaclarında Onun
üstünə qanad sərirdi...
Ona
görə də Heydər Əliyev Allahın Onu qoruduğuna
bütün qəlbi ilə inanırdı...
Heydər Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətinə
başladığı dövrdə inanclı insanlara
qarşı repressiyalar xeyli səngisə də,
keçmiş İttifaq məkanında vicdan
azadlığı barədə danışmaq hələ
çox tez idi. İbadət yerlərindən hələ
də anbar, mağaza, klub, rəsm qalereyası kimi istifadə
edirdilər. Bəzi məqamlarda din xadimləri
yenə də cəmiyyətin tüfeyli ünsürləri
kimi təqiblərə məruz qalırdı.
Heydər Əliyev istər
DTK sədri, istərsə də ölkənin rəhbəri
olduğu vaxt dindarlara münasibətdə çox
dözümlü davranırdı. Belə bir əyyamda
Heydər Əliyevin görə biləcəyi yeganə iş
yerli məmurların inanclı insanlara qarşı özfəaliyyət
xarakterli təzyiqlərinin qarşısını almaq, ibadət
yerlərini müxtəlif əsaslarla əsl təyinatına
qaytarmaq idi və Heydər Əliyev bunu özünəməxsus
müdrikliklə edə bilirdi. Heydər
Əliyev o illərdə anbar, dükan, klub kimi istifadə
olunan məscidləri boşaldıb camaatı nümayişkəranə
şəkildə orada ibadətə səsləyə bilməzdi.
Yüksək vəzifə pillələrində irəlilədiyi
və bu irəliləyişlər zamanı şəxsi həyatda
ən xırda detalın da nəzərə alınıb əsla
bağışlanmadığı illərdə o, hətta
öz doğmalarına belə ibadətlə məşğul
olmaqda heç bir məhdudiyyət qoymamışdı. Heydər
Əliyevin anası kimi, bacısı Sura xanım da oruc tutub
namaz qılardı. Bacısının həyat
yoldaşı Qulu kişi isə hətta
yas məclislərinə ağsaqqallıq edir və el-obada onu
molla titulu ilə tanıyar, sevərdilər. Vaxtilə
Naxçıvanda ali partiya orqanlarında
çalışmış dəyərli deputat həmkarım,
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah
Heydərovun bununla bağlı xatırladığı
maraqlı bir epizod Elmira Axundovanın "Şəxsiyyət
və zaman" kitabında da özünə yer alıb:
"Heydər
Əliyev DTK sədrinin müavini təyin ediləndən sonra
bir məclisdə təsadüfən Qulu əmi ilə
rastlaşdıq və mən ona zarafatla dedim:
- Qulu əmi,
indi sən daha molla ola bilməyəcəksən.
DTK axı, həmişə dini təzahürlərlə
mübarizə aparırdı.
- Ürəyini
sıxma - dedi, - Bakıya gedib icazəmi almışam. Mən ondan soruşdum "Heydər, indi neynəyim?
Sən desən, mən daha məclislərə
gedib Quran oxumaram". O gülümsündü, məni
qucaqladı: "Fikir vermə heç kimə! Əvvəlki
kimi camaatı düz yola çağır, mən də
çalışaram, bu işi burada, Bakıda
görüm".
Uzun illərin
repressiyaları Azərbaycanda mükəmməl dini təhsil
görmüş ruhanilərin sayını tükətmiş,
öz dövrlərinin nüfuzlu din xadimlərinin çoxu
yaşa dolaraq dünyadan köçmüşdü.
Sovet İttifaqında islam üzrə cəmi iki təhsil ocağı vardı. Onların ikisi də Özbəkistanda idi: Buxara şəhərindəki məşhur Mir Ərəb mədrəsəsi və Daşkənd İslam İnstitutu.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə hər iki təhsil ocağını böyük müvəffəqiyyətlə başa vurub vətənə dönən və ilk günlərdən dövlətin böyük diqqət və qayğısı ilə əhatələnən din xadimlərimizdən biri də gənc Allahşükür Paşazadə idi.
Molla Əliağa Süleymanzadə dünyadan köçdükdən sonra Zaqafqaziya müsəlmanlarının 1977-ci ildə çağırılmış VII qurultayında şeyxülislam vəzifəsinə seçilərək vəfatına qədər (1980) bu vəzifəni yerinə yetirən Mirqəzənfər İbrahimovdan sonra Hacı Allahşükür Paşazadə Azərbaycanın və bütün Qafqazın şeyxülislamlıq tarixinin ən gənc şeyxülislamı oldu: cəmi 31 yaş...
Fikrimizcə, belə əhəmiyyətli bir vəzifəyə 31 yaşlı gəncin seçilməsinə Heydər Əliyevin verdiyi mənəvi dəstək də demokratik dəyərlərin, vicdan azadlığının, dini tolerantlığın aparıcı olacağı istiqlal soraqlı gələcəyə hazırlığın daha bir işarəsi idi...
Aradan
cəmi bir onillik keçəcək, 1993-cü ildə
müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi ilk
andiçmə mərasimində Heydər Əliyev əlini
Qurani-Kərimə basaraq Quran hikmətinin Azərbaycan dövlətinin
mənəvi istinadgahı olduğunu bütün dünyaya bəyan
edəcəkdi...
(Ardı var)
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-2014.- 4 fevral.- S.6.