SƏBAİL - quruculuq
və inkişaf məkanı
İlin uğurlu yekunları
Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədi ölkədə davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olunmasıdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılmasıdır.
Son illərin iqtisadi göstəriciləri əsasında Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlardır.
Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün Azərbaycanıın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.
Dünyanın bir çox ölkəsinə nümunə ola biləcək iqtisadi inkişafın Azərbaycan modeli özünə getdikcə daha çox diqqət çəkməkdədir. 2013-cü ildə ölkədə böyük layihələr icra edilmiş, aparılan islahatlar daha da dərinləşmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır ki, bu da dünya səviyyəsində böyük nəticə hesab olunur. Ötən il Azərbaycanın qeyri-neft sektoru 9,8 faiz artmış, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu göstəricilərin hər biri öz-özlüyündə rekord nəticələrdir.
Azərbaycanın
iqtisadi inkişafında mühüm
dövr
Beynəlxalq qurumların hesabatları bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Ölkədə əlverişli biznes, investisiya mühiti mövcuddur. Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi və siyasi iradə nəticəsində mümkün olmuşdur. Bu həm də Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Keçən ilin digər makroiqtisadi göstəriciləri də deməyə əsas verir ki, 2013-cü il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr olmuşdur.
Dövlət başçısının imzaladığı sərəncamlara əsasən 2013-cü ildə respublikamızın bütün bölgələrində aparılan yenidənqurma, abadlıq və tikinti-quruculuq işləri paytaxt Bakı şəhərində və onun qəsəbələrində də geniş vüsət almışdır. Azərbaycanda iqtisadi və digər sahələrdə əldə olunan nailiyyətlərdə, Bakı şəhərinin, eləcə də onun rayonlarının müstəsna rolu vardır. Bu sırada Bakının paytaxtı adlandırılan Səbail rayonu xüsusi yer tutur. Səbail rayonunu mübaliğə etmədən tarixi və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Rayon ərazisində qədim dövrə, orta əsrlərə aid bir çox abidələr ilə yanaşı, müasir memarlıq abidələri də yerləşir. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları, 8 nazirlik və bir neçə dövlət komitələri, 13 xarici səfirlik və bir sıra beynəlxalq təşkilatların nümayəndəlikləri məhz Səbail rayonunun ərazisində yerləşir.
Bakılıların və şəhərimizin çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan xiyabanlar, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park, UNESCO-nun Dünya İrsi Siyahısına salınmış Şirvanşahlar sarayı kompleksi və qədim dövrlərin yadigarı olan Qız qalası məhz Səbail rayonundadır. Qız qalası həm də Səbail rayonunun rəmzi sayılır. Rayonda 4 ərazi nümayəndəliyi və 3 bələdiyyə fəaliyyət göstərir. İqtisadiyyat sahəsi üzrə 1140 dövlət və qeyri-dövlət müəssisələri, firma və kiçik müəssisə rayonun iqtisadi potensialının əsasını təşkil edir. Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 18 orta təhsil müəssisəsi, 18 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 24 səhiyyə müəssisəsi yerləşir.
Şəhərimizin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 1 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi Səbail rayonunda fəaliyyət göstərir. Rayonda 14 istirahət parkı var.
2013-cü il ərzində Səbaildə 2220 yeni iş yeri
açılmışdır
2013-cü ildə Səbail rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 347,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 1,2 faiz çox məhsul istehsal edilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 561,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox nəqliyyat xidmətləri göstərilmişdir. 2013-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 637,8 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 0,8 faiz çox rabitə xidmətləri göstərilmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 217,9 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz artmişdır. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.617,5 milyon manat olmuşdur.
Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 224 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6 faiz çox istehlak malları satılıb, əhaliyə 74,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 faiz çox iaşə xidmətləri göstərilmişdir.
2013-cü ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 1114.056 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 1004,2 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4,7 faiz çoxdur.
2013-cü
il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2220
yeni iş yeri açılmışdır.
Yeni obyektlərin
açılışı, təməlqoyma mərasimləri
və yaradılan yüksək şərait...
2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" hotelinin, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, Kütləvi informasiya vasitələri işçiləri üçün yeni yaşayış binasının, Neftçilər prospektində yeni yeraltı avtomobil dayanacağının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış, konservasiya işlərindən sonra Qız qalasının, əsaslı təmir və yenidənqurmadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Dağüstü parkın, Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasının istifadəyə verilmə və Su idmanı sarayının təməlqoyma mərasimləri keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1969-cu ildə tikilmiş, 150-dən çox uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçası əsaslı təmir olunmuş, bağçanın istifadəyə verilmə mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak etmişdilər.
Ötən il Fəvvarələr meydanında 263 avtomobil yerlik yeni yerüstü avtomobil dayanacağı istifadəyə verilmiş, Azadlıq meydanının təmiri başa çatdırılmış, meydana yeni asfalt örtüyü çəkilmişdir.
"2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın icrası ilə bağlı 20-ci sahədə
35 kilovoltluq 2 yeni yarımstansiya inşa olunmuş, 7 və 163 saylı orta məktəblərin
binaları, 190 saylı orta məktəbin akt və idman
zalı, Bibiheybət qəsəbəsində Mədəniyyət
evi və qəsəbə kitabxana
binası, 44 saylı uşaq bağçası, 1
saylı şəhər poliklinikası və 33 saylı
poliklinikanın 1 saylı şöbəsi əsaslı təmir
olunmuş, 70 saylı uşaq
bağçası üçün 2 mərtəbəli, 1
musiqi zalı və 3 yardımçı otağı olan əlavə
korpus tikilmiş və bağçanın köhnə
binası əsaslı təmir olunmuş, C.Hacıyev adına 3 saylı musiqi məktəbi
sökülərək yenidən tikilmiş, 20-ci sahədə
yeni 19 saylı köməkçi təcili tibbi yardım
stansiyası və Bibiheybət qəsəbəsində
poçt məntəqəsi yaradılmışdır.
Görülən
işlərin nəticəsi uğurludur
Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün Parlament prospektində "Alov qüllələri" kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Əhəd Yaqubov küçəsində Səbail Rayon Prokurorluğu üçün 3 mərtəbəli yeni inzibati binanın, Badamdar qəsəbəsində 70 çarpayılıq mərkəzi xəstəxananın və yeni idman kompleksinin, müasir istedadlar məktəbi üçün idman və yataqxana kompleksinin, Səbail Rayon İcra Hakimiyyətinin həyətində 9 saylı xəzinədarlıq idarəsi üçün yeni 6 mərtəbəli binanın tikintisi, 2 saylı şəhər poliklinikasının əsaslı təmiri aparılır.
2015-ci
ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya
Oyunlarına hazırlıq işləri çərçivəsində
Neftçilər prospektindəki əl oyunları stadionunda əsaslı
təmir aparılır.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Salyan yolu boyunca "Şıx" ərazisində "Dostluq parkı"ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı salınmış, 10000 kv metr sahəyə yaşıl ot qatı salınmış, 15000 ədəd yeni ağac, 2000 ədəd dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmışdır. Bu ərazilərdə mütəmadi olaraq iməciliklər keçirilir və yaşıllıqlara qulluq göstərilir. Rayon icra hakimiyyəti tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının, 20 Yanvar Cəmiyyətinin qərargahlarının, eləcə də Şəhidlər xiyabanı kompleksinə xidmət göstərən qurumlar və həmçinin yeni yaradılmış Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün inzibati bina tikilmiş, RİH tərəfindən binadakı təşkilat və xidmət sahələri hər cür lazımi inventarla təmin olunmuşdur.
Keçən il 19 məzun qızıl medala
layiq görülüb
2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirmiş, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 119 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülmüşdür. Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.
2012-2013-cü təhsil ilinin yekununa görə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində - 6 saylı tam orta məktəb və 160 saylı klassik gimnaziya artıq ikinci dəfədir ki, qaliblər sırasında olmuşlar. Artıq 6-cı ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-si (onlardan 2-si 2 dəfə) qaliblər sırasında olmuşdur. "İlin ən yaxşı müəllimi" müsabiqəsində isə rayonun orta məktəblərinin 6 müəllimi qaliblər sırasında olmuşlar.
2013-cü il ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 18500 olmuşdur. İl ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir.
2013-cü ildə ölkədə ən mühüm ictimai-siyasi hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı rayondakı hər iki seçki dairəsi üzrə seçkilərin Seçki Məcəlləsinə uyğun olaraq keçirilməsi təmin edilmiş, seçkilər tam şəffaf, ədalətli və demokratik keçirilmişdir. 21-dən çox xarici ölkədən gəlmiş, ATƏT-in, Avropa Şurasının, MDB ölkələrinin və bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, həmçinin yerli müşahidəçilər rayonda seçkinin gedişatını izləmiş, heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Onu da qeyd edək ki, dünən Səbail RİH-nin akt zalında 2013-cü ildə rayonda sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2014-cü il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, 2013-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, rayon icra hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
Yığıncağın sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur. Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2013-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 20 nəfər orta məktəb şagirdinə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Yığıncaqda
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi Tağı Tağıyev, Milli Məclisin
deputatları Ziyad Səmədzadə, Şəmsəddin
Hacıyev, Fuad Muradov iştirak etmişlər.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 4 fevral.- S.7.