Emin Hüseynov:
«ADA» Universitetini Azərbaycanın gələcək
kadr potensialını formalaşdıran ən
mühüm mərkəz kimi
görürük
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universiteti yaradılmışdır. Bu ali məktəbin gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin marağını cəlb edir. Universitetin strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynov AzərTAc-a müsahibəsində bu və digər məsələlər barədə ətraflı məlumat vermişdir.
- Universitetin yaradılması hansı zərurətdən irəli gəlmişdir?
- Azərbaycan Diplomatik Akademiyasının yaradılması xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin genişləndiyi bir dövrdə bu təmsilçiliklər üçün peşəkar, yüksək ixtisasa malik gənc diplomatların hazırlanması zərurətindən irəli gəlmişdir. ADA fəaliyyətə başladıqdan sonra bu istiqamətdə böyük işlər görüldü. Qısa vaxtda məlum oldu ki, Diplomatik Akademiya Azərbaycanın və regionun iqtisadiyyatında, hətta qlobal iqtisadiyyatda, ölkənin təhsil sisteminin inkişafında daha önəmli rol oynaya bilər. ADA bu missiyanı öz üzərinə götürdü, həmin istiqamətdə böyük işlər gördü.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il Azərbaycanda "İnformasiya Texnologiyaları İli" elan olunmuşdur. Bu il isə "Sənaye İli" elan edilmişdir. Azərbaycanın növbəti inkişaf mərhələsində, yəni son on ildə əldə etdiyi uğurlar nəticəsində artıq orta gəlirli bir ölkəyə çevrilməsi kontekstində növbəti on ildə, xüsusilə də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəfləri nəzərə alaraq, qeyri-neft sektorunun şaxələnməsi, sənayeləşmə siyasətinin reallaşdırılması və digər bu kimi məqsədlər ölkədə mühəndis-informasiya texnologiyaları sahəsində ixtisaslaşan yüksək səviyyəli kadr potensialının əhəmiyyətli dərəcədə artırılmasını zəruri edir. Hazırda bu sahədə kadr çatışmazlığı vardır. ADA məhz bu missiyanı öz üzərinə götürmüş, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbini yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış İnformasiya Texnologiyaları Universitetinin tələbələrinin ADA-nın tətbiq etdiyi modelə uyğun təhsil sisteminə cəlb edilməsi qərara alınmışdır. Göründüyü kimi, ADA artıq bir akademiya kimi deyil, universitet kimi faktiki fəaliyyətini həyata keçirirdi. Bütün bunlar universitetin formalaşması zərurətini ortaya çıxardı. Bu fəaliyyəti daha səmərəli, məqsədyönlü şəkildə, daha geniş miqyasda həyata keçirmək üçün ADA-nın universitet statusu alması olduqca vacib idi. Bu yüksək etimada, olduqca mürəkkəb, lakin şərəfli missiyanın bizə tapşırılmasına görə Azərbaycan Respublikasının Prezidentinə dərin təşəkkürümüzü bildiririk.
- Yeni status bu ali məktəb üçün hansı imkanları yaradır, nə kimi yeniliklər, dəyişikliklər gözlənilir?
- Biz "ADA" Universitetini Azərbaycanın gələcək kadr potensialını formalaşdıran ən mühüm mərkəz kimi görürük. ADA Azərbaycanda bu miqyasda, bu cür təhsil modeli tətbiq edən, belə öyrətmə və öyrənmə mühitinə malik olan yeganə ali təhsil ocağıdır. Ambisiyalarımız bununla bitmir. Azərbaycanda dünya səviyyəli bir ali təhsil ocağının formalaşdırılması arzusundayıq. Azərbaycan vətəndaşının haqqı çatır ki, yüksək səviyyəli təhsil almaq üçün xarici ölkələrə getməsin. O, bu təhsili Azərbaycanda da ala bilər.
Yeni status bu ali təhsil ocağı üçün böyük imkanlar yaradır. Birincisi, dərəcə proqramlarının sayı arta bilər. İkincisi, artıq diplomatiya, beynəlxalq əlaqələr ixtisaslarından şaxələnərək bu gün qeyri-neft sektoru üçün çox vacib olan digər sahələrə keçə bilərik. Buraya mühəndislik, informasiya texnologiyaları, kompyuter elmləri, təhsil sahəsi, təhsilin idarə edilməsi daxildir. Bu gün Azərbaycanda təhsil sahəsində çox önəmli islahatların həyata keçirilməsi bizi çox sevindirir və bu işdə əlimizdən gələni edəcəyik.
Olduqca çətin məsələlərdən biri təhsil sahəsində idarəetmə kadrlarının formalaşdırılmasıdır. Ona görə də bu sahədə kadr hazırlığına çox ciddi diqqət yetirəcəyik. Digər məsələlər, xüsusilə regionşünaslıq, regionla bağlı dillərin tədrisi, iqtisadi-siyasi proseslərin öyrənilməsi bizə ilk növbədə, bir universitet kimi tədqiqat potensialımızı inkişaf etdirməyə imkan verəcəkdir. Biz təkcə mövcud olan yaxşı biliyi aşılamaqla kifayətlənməyəcəyik. Bu, eyni zamanda, yeni biliyin formalaşdırılmasına, Azərbaycanda elmi araşdırmaların inkişafına şərait yaradacaqdır. Bu və ya digər imkanlar, zənnimcə, yaxın beş ildə Azərbaycanda real nəticələrini verəcəkdir.
- "ADA" Universitetində hansı yeni ixtisasların açılması və proqramların tətbiqi gözlənilir? Konkret olaraq informasiya texnologiyaları istiqaməti ilə bağlı hansı layihələr planlaşdırılır?
- Sözsüz ki, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbinin yaradılmasının özü çox böyük bir layihədir. Bu məktəbin, onun professor-müəllim heyətinin, maliyyə fəaliyyətinin formalaşdırılması, dayanıqlılığının, infrastruktur ehtiyaclarının təmin edilməsi kifayət qədər mühüm və geniş bir layihədir. Biz bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək istəyirik. Hazırda dünyanın bir çox ölkələrində belə profilli universitetlər, ali təhsil ocaqları vardır. Asiya ölkələrində uğur qazanmış ali təhsil ocaqları ilə əməkdaşlıq etməyi daha çox istərdik. Qeyd edim ki, bu yaxınlarda Koreya Respublikasının çox məşhur ali təhsil müəssisəsi olan Dəqiq Elmlər və Texnologiya İnstitutunun (KAIST) nümayəndələri Azərbaycanda səfərdə olmuş, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində görüşlər keçirmişlər. Koreyalı qonaqlar, eyni zamanda, bizim ali təhsil ocağı ilə də yaxından tanış olmuşlar. Sözsüz ki, bu, çox maraqlı və bizə fayda verə biləcək bir imkandır. Bu cür nüfuzlu institutlarla əməkdaşlığımızı davam etdirəcək, dünya təcrübəsindən faydalanacağıq.
Digər tərəfdən, təhsilin idarə olunması institutunun formalaşması haqqında fikirləşirik. Təhsil bu gün Azərbaycanda olduqca vacib sahədir. Yüksək ixtisaslı kadrlar yetişdirmək üçün yaxşı müəllimlər olmalı, onlara əlverişli mühit yaradılmalıdır. Bu mənada təhsil sahəsinin özəlliklərinə bələd olan xüsusi menecerlərin yetişdirilməsi lazımdır. Həm məktəblərdə, həm universitetlərdə, həm də siyasət quruculuğu səviyyəsində yaxşı menecerlər formalaşmalıdır. Ona görə də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə çalışırıq. Ümid edirəm ki, yaxın beş ildə bu iki istiqamət inkişaf etdirilərsə, çox uğurlu nəticələrə nail olacağıq. Bununla yanaşı, bizim ənənəvi istiqamətlərimiz də öz qüvvəsində qalır, yəni həm beynəlxalq əlaqələr, həm Biznes İnstitutu üzrə fəaliyyətimizi davam etdirəcəyik.
- Yeni tədris ilində qəbul planında artım olacaqmı? "ADA" xarici
tələbələrdə də maraq doğuran
ali təhsil
ocağıdır. Əcnəbilər üçün qəbul planında nə kimi dəyişikliklər
nəzərdə tutulur?
- Qəbul planında, sözsüz ki, dəyişikliklər olacaqdır.
Son iki ildə bu sahədə dinamik ekspansiya gedir, yəni ötən il
qəbul planımız
iki dəfə artmışdır. Bu il qəbul planının daha da artacağı gözlənilir.
Çünki qeyd etdiyim sahələrdə yeni ixtisaslar açılmışdır
və ya açılması planlaşdırılır.
Hazırda 700 tələbəmiz vardır. Gələn
il daha
650-700 tələbənin qəbulunu
planlaşdırırıq.
Əslində, məqsəd böyük bir universitetə çevrilmək deyil, yəni strateji olaraq, qarşıya belə bir hədəf
qoyulmamışdır. Burada söhbət
kəmiyyətdən getmir,
daha çox keyfiyyətə diqqət yetirmək istəyirik.
Biz Azərbaycanda kiçik bir məktəb olub, amma daha çox
keyfiyyəti təmin edə, yüksək ixtisaslı mütəxəssislər
hazırlaya bilən bir məktəbə çevrilmək istəyirik.
Hesab edirəm ki, bunun üçün kifayət qədər imkanlar vardır.
Əcnəbi tələbələrə gəldikdə
isə, yarandığı
gündən etibarən
"ADA" məhz beynəlxalq
təbiətli, müxtəlifliyi
dəyərləndirən bir
təhsil ocağı
olmuşdur. Bu gün
"ADA" artıq beynəlxalq
səviyyədə tanınır.
Əlbəttə, bu məsələdə
Xarici İşlər
Nazirliyinin və xarici ölkələrdəki
səfirliklərimizin çox
böyük xidməti
vardır. ADA-da təhsil almaq istəyən əcnəbilərin sayı
çoxdur. Hazırda burada
27 ölkədən 42 tələbə
oxuyur. Onlar müxtəlif ölkələri,
müxtəlif qitələri
təmsil edirlər.
Bu, "ADA"da çox gözəl mühit yaradır. Azərbaycanlı tələbələr özlərini dünyanın,
qlobal ekosistemin vətəndaşı kimi
hiss edirlər. Əlbəttə,
belə mühitdə
təhsil alan,
yetişən bir insan qlobal səviyyəli
liderə çevrilə
və ölkəsini dünyada təmsil edə bilər. Bu olduqca vacib
bir məqamdır və bunu həmişə
diqqətimizdə saxlamağa
çalışırıq. Əcnəbilərin qəbul planında
payı artır və ümumi tələbə bazası
böyüdükcə bunun
davam edəcəyini düşünürəm. Bu isə son nəticədə
Azərbaycanın imicinin
yüksəlməsinə, onun
daha çox ölkələrdə tanınmasına
və Azərbaycan həqiqətlərinin daha
geniş ictimaiyyətə
çatdırılmasına müsbət təsir göstərəcəkdir.
- Bu yaxınlarda "ADA" Universiteti
ilə "Azərenerji"
ASC arasında əməkdaşlığa
dair memorandum imzalanmışdır.
Belə əməkdaşlıq daha
hansı qurumlarla nəzərdə tutulur?
- "ADA"nı digər universitetlərdən
fərqləndirən əsas
xüsusiyyətlərdən biri də məhz
onun biznes ictimaiyyəti ilə yaxından əməkdaşlıq
etməsidir. Bu gün bizim fəaliyyətimizin elə
bir sahəsi yoxdur ki, biznes
ictimaiyyətinin həmin
sahə ilə əlaqəsi olmasın. Bu, əsasən,
üç istiqamətdə
baş verir. Birincisi,
"ADA" Universitetinin nəzdində
Karyera Məşğulluq
Mərkəzi vardır.
"ADA"ya daxil olan tələbə ilk gündən sonuncu günə qədər dərslərindən əlavə
çox intensiv peşəkar hazırlıq
təlimləri keçir
ki, əmək bazarında tələb olunan vərdişlər ona aşılansın və nəticədə ona ali məktəbi bitirənədək
ən azı üç iş yeri təklif edilsin. Universiteti bitirdikdən sonra
məzunların 95 faizindən
çoxu işlə
tam təmin olunmalıdır.
Biz qarşımıza belə bir hədəf
qoymuşuq. Karyera Məşğulluq
Mərkəzi məhz
bu işlərlə məşğul olur, fəaliyyətini bu istiqamətdə qurur.
Mərkəz işəgötürənlərlə
çox sıx təmasda işləyir və bu əməkdaşlıqdan
bəhrələnir.
İkinci istiqamət əlavə təhsildir. Bu gün
"ADA" Universitetində əlavə
təhsil bölməsi
fəaliyyət göstərir.
Bu bölmə ixtisasartırma kursları
kimi də tanınır. Onun əsas
məramı biznes ictimaiyyətinin ehtiyaclarına
uyğun qısamüddətli
ixtisasartırma kurslarının
təşkil edilməsidir.
Bu kurslar təkcə
biznes ictimaiyyəti üçün deyil, dövlət strukturları
üçün də
keçirilir. Əslində,
bu qurum Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, Mərkəzi
Bank, BP və digər
böyük şirkətlər
üçün genişmiqyaslı
təlimlər keçirir,
onların kadr hazırlığı işinə
təkan verir, eyni zamanda, Xarici
İşlər Nazirliyinin
diplomatları üçün
təlimlər təşkil
edir. Sözsüz ki, bu da bizim biznes
ictimaiyyəti ilə sıx təmasda fəaliyyətimizi şərtləndirir.
Nəhayət, "ADA"nın inkişaf fondu vardır. Bu fondun məqsədi odur ki, Azərbaycan ictimaiyyəti bu universiteti dəstəkləsin, onun inkişafına kömək etsin. Bu fəaliyyət birtərəfli deyildir. Bunun müqabilində müəyyən xidmətlər - istər təlim kursları təşkil edilə, istərsə də müəyyən intellektual xidmətlər göstərilə bilər. Amma nəticə etibarı ilə cəmiyyət yaxşı təhsil verən universiteti inkişaf fondu vasitəsi ilə dəstəkləyir. Bu, bizə imkan verəcəkdir ki, orta müddətli perspektivdə artıq universitetin dayanıqlığını təmin edək. Əslində bu, yeni bir ideya deyildir. Məşhur mesenat Hacı Zeynalabdin Tağıyev qızlar gimnaziyasını açanda müəyyən miqdarda vəsaiti investisiya kimi banka yatırmış və yalnız onun gəlirindən məktəbin gündəlik əməliyyat xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilməsini nəzərdə tutmuşdu. Həmin konsepsiyanı biz "ADA"da həyata keçirmək istəyirik və artıq buna başlamışıq. İctimaiyyətin dəstəyi ilə universitetdə inkişaf fondunu formalaşdırırıq. Hesab edirik ki, bu daha düzgün, maliyyə baxımından daha səmərəli bir yoldur. Yaxşı təhsil təkcə dövlətin yox, ümumilikdə cəmiyyətin, ictimaiyyətin marağında olan məsələdir, ona görə də bu, hamının ümumi işinə çevrilməlidir.
Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, biznes ictimaiyyətinin ehtiyacları bizim tədris proqramında əksini tapır. Onlar bizim tədris proqramına dair rəylər verə bilərlər. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığa gəldikdə isə, bu qurum Azərbaycanın energetika sahəsində olduqca mühüm iştirakçıdır, vacib təsərrüfat subyektidir. Onlar Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbinin formalaşmasında bizi hərtərəfli dəstəkləyirlər. Bu cür digər əməkdaşlıqlarımız da vardır. Xüsusi təqaüd fondlarımız vardır ki, bu fondların təsis olunmasında tərəfdaşlarımız bizimlə birgə iştirak edirlər. Məsələn, "Bank of Baku"nun təqaüd fondu vardır. ARDNŞ ilə əməkdaşlıq haqqında memorandum imzalamışıq. Bütün bunlarda məqsəd universiteti biznes ictimaiyyəti ilə yaxınlaşdırmaqdır. Əminəm ki, bu işlərin nəticəsində "ADA" Universitetinin məzunları əmək bazarının tələblərinə tam cavab verəcək və işəgötürənlər onların keyfiyyətindən razı qalacaqlar.
- "ADA" Universiteti beynəlxalq təlim proqramlarında fəal iştirak edir. Bu il hansı ölkələrin mütəxəssisləri üçün təlimlərin keçirilməsi gözlənilir?
-
Ənənəvi olaraq "ADA" region ölkələrinin
diplomatları üçün də təlimlər
keçir. Azərbaycanda bu istiqamətdə
əsas təlimlər Xəzər hövzəsi ilə maraqlanan diplomatlar, dövlət
qulluqçuları, tədqiqatçılar, bu
sahədə araşdırmalar aparan
mütəxəssislər üçün təşkil edilir.
Aydındır ki, Xəzər hövzəsi
ilə bağlı Azərbaycandan başqa
heç bir yerdə daha geniş məlumat əldə
etmək mümkün deyildir.
Ona görə də biz
həmin təlimləri bu il
də davam etdirəcəyik. Eyni zamanda, fəaliyyətlərini xaricdəki səfirliklərimizdə
davam etdirəcək Azərbaycan
diplomatları üçün təlimlər
keçirəcəyik. Ümid edirəm ki, son üç
ildə XİN-in xətti ilə
Əfqanıstanın dövlət qulluqçuları üçün təşkil etdiyimiz
xüsusi təlimlər bu
il də davam etdiriləcəkdir.
Hazırda bu istiqamətdə
danışıqlar gedir. Bütün
bunlardan əlavə olaraq,
dərəcə proqramlarımız çərçivəsində
xüsusi təlim proqramlarını
işləyirik.
Azərbaycan.-2014.- 4 fevral.- S.8.