Gənc muğam ifaçılarının «Gəncləşən muğam-5» adlı konserti olmuşdur

 

Fevralın 2-də Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının "Gəncləşən muğam-5" adlı konserti olmuşdur.

AzərTAc xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş "Gəncliyin səsi" festivalı çərçivəsində keçirilmişdir.

"Gəncliyin səsi" festivalı çərçivəsində həmçinin sarayın foyesində gənc rəssamlardan Ayan Əziz, Samirə Rəsulova, Diləfruz Bağırova, Cəsar Məmmədov və Aynur Məmmədovanın əsərləri sərgilənmişdir.

Ənənəvi olaraq hər il reallaşdırılan "Gəncləşən muğam" layihəsinin rəhbərləri xalq artisti, professor Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovdur.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi və Mənsum İbrahimov çıxış edərək layihə haqqında geniş məlumat vermişlər.

Bildirilmişdir ki, layihənin adı özündə yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir.

Diqqətə çatdırılmışdır ki, layihənin əhatə dairəsi ildən-ilə genişlənir, bu dəfə isə daha böyük miqyas almışdır. "Gəncləşən muğam-5" layihəsində 2005-ci ildən başlayaraq keçirilən 4 muğam müsabiqəsinin əsas qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər iştirak edirlər. Konsertdə 12 yaşından tutmuş 35-36 yaşadək müxtəlif qrupları əhatə edən, ümumilikdə, 51 xanəndə çıxış edəcəkdir.

Qeyd olunmuşdur ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının, eləcə də onun nəzdindəki musiqi kollecininböyük sənətkarlarımızın tələbələridə iştirak edirlər. Budəfəki ifalar keçənilki kimi duet, sırf konsert deyil, teatrlaşdırılmış kompozisiya şəklində təqdim olunacaqdır. Konsertə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş vermişdir.

Konsertin fərqli formatda hazırlandığı diqqətə çatdırılaraq qeyd edilmişdir ki, konsertdə "Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarından da kompozisiyalar olacaqdır.

Vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin və incəsənətimizin, o cümlədən muğam sənətimizin ölkədə və onun hüdudlarından kənarda təbliğində və tanıdılmasında müstəsna rolu vardır. Bu sahədə çalışan sənət adamlarına böyük dəstək və qayğı göstərilir.  Sonra konsert başlamışdır.

Dövlət və hökumət rəsmilərinin, görkəmli muğam ustalarının, musiqisevərlərin iştirak etdikləri konsert Azərbaycan Gəncləri Gününə gözəl bir töhfə olmuşdur.

 

Azərbaycan.-2014.- 4 fevral.- S.9.