Bakının sabahı daha abad, daha müasir olacaq

 

Paytaxtın və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə - üçüncü

 Dövlət Proqramının icrasına başlanılmışdır

 

 

Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən üzübəri həmişə Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrinin sosial-iqtisadi vəziyyəti ilə maraqlanıb. Bunu göz önündə olan reallıqlar və gələcək üçün planlaşdırılan işlər bir daha sübut edir. Bunun bariz nümunəsi 2006-cı ildə paytaxtın və ətrafının sosial-iqtisadi inkişafına yönəldilən və ikiillik dövrü əhatə edən birinci Dövlət Proqramıdır. Daha sonra "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qəbul edildi, bu proqramla bağlı əhalinin yerlərdən gələn təklif və tövsiyələri əsasında əlavə tədbirlər, mövcud problemlərin aradan qaldırılması məqsədilə  fərman və sərəncamlar imzalandı.

Sözügedən proqramın icrası ilə əlaqədar görülən işlər, həyata keçirilən tədbirlər sayəsində paytaxtın, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, davamlı və dinamik inkişafın əsası qoyulmuşdur. Yerli sakinlər, hətta xarici ölkələrdən Azərbaycana yolu düşən dövlət başçıları, ezamiyyətə gələn mütəxəssislər, iş adamları, turistlər Bakıda dünya standartlarına uyğun yaradılan infrastruktur yeniliklərindən, aparılan abadlıq və quruculuq işlərindən, paytaxtın dinamik inkişafına heyranlıqlarını etiraf edirlər.  Artıq Bakıda irimiqyaslı, beynəlxalq tədbirlərin keçirilməsi də adi hal almışdır. Başqa sözlə, Bakı dünya xəritəsində öz layiqli yerini tuta bilmişdir.

Prezident İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir: "...Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə bilmir. Mənim çoxsaylı təmaslarımda, xarici qonaqlarla görüşlərimdə, demək olar, onların mütləq əksəriyyəti qeyd edir ki, Bakının bu dərəcədə gözəl olduğunu gözləmirdilər. Bakı gözəl şəhərdir, gözəl təbiəti, gözəl ab-havası vardır.

Bakının gözəlliyi təkcə binalarda deyildir. Bakının gözəlliyi şəhərimizdə olan tarixi ab-havadadır. Gözəl şəhərlər, gözəl binalarla dolu olan şəhərlər vardır. Ancaq şəhərin gözəlliyini bunlar müəyyən etmir. Bakının özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi siması vardır. Mən şadam ki, son illər ərzində biz Bakının tarixi simasını qoruya bilmişik. Eyni zamanda, hər bir şəhər kimi Bakının da inkişafı təmin edilməli idi. Hesab edirəm ki, biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etməklə, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada - Bakıda ziddiyyət təşkil etmir, əksinə, bir-birini tamamlayır.

Bakının bir neçə mərkəzi vardır. Bu da hər bir şəhərdə mövcud olan mənzərə deyildir. İçərişəhər, Azadlıq meydanı, "Azneft" meydanı tarixi mərkəzdir. Hazırda Bayraq Meydanı mərkəzə çevrilibdir, bulvar, onun yenilənmiş variantı və Yeni bulvar, "Ağ Şəhər" bulvarı, Heydər Əliyev Mərkəzi, Mərkəzi park... Görün Bakıda son illər ərzində nə qədər ictimai yerlər abadlaşıb, yaradılıb".

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri və onun ətraf qəsəbələrində aparılan abadlıq və tikinti-quruculuq işləri ilə yanaşı, əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikilməsi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə də bağlı xeyli işlər görülmüşdür. Konfransda bildirilmişdir ki, ötən üç il ərzində proqram çərçivəsində paytaxt və qəsəbələrdə 3500 kilometr qaz kəmərləri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası tikilmiş, 4400 kilometr uzunluğunda elektrik kabel xətləri çəkilmiş və nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin edilmişdir. Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatdırılmışdır. Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. Bundan əlavə, 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir. Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS rekonstruksiya olunmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber optik kabel çəkilmiş, "Bakinternet"in qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 geqabaytə çatdırılmışdır. İnşası və əsaslı təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri və 121 uşaq bağçası-körpələr evi əsaslı təmir olunmuş, 39 orta məktəbdə 14920 şagirdlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir.

Bakı və onun ətraf qəsəbələrində ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş siyasət ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı salınmışdır.

Proqramın icrası çərçivəsində Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, Böyük Şor gölünün ekoloji bərpası üçün layihələndirmə və mühəndislik işlərinə başlanmışdır. Əhalini fasiləsiz su ilə təchiz etmək üçün 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan 2 mərkəzi su nasos stansiyası layihələndirilmişdir.

Abşeron yarımadasının mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək ötən ilin avqust ayında istifadəyə verilmişdir. Uzunluğu 61 kilometr olan kəmərin istifadəyə verilməsi nəticəsində bineyi-qədimdən yeraltı sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri də daxil olmaqla Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərində əhalinin 122 min nəfərinin su təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa xəttinin əhatə etdiyi istiqamətdə yerləşən Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin dayanıqlı su təchizatına da imkan yaratmışdır.

Bakıda və ətraf qəsəbələrdə həmişə müxtəlif problemlərə səbəb olan kanalizasiya sistemlərinin yeniləşməsində də yaxşı nəticələr əldə edilmişdir. Kanalizasiya sistemində Abşeron yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi layihələndirilmişdir. Uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun tikilməsi, sahil və Dairəvi kollektorların təmizlənməsi nəticəsində buxtaya sutka ərzində axıdılan 170 min kubmetrə qədər çirkab suyun qarşısı alınaraq Hövsan Aerasiya Stansiyasına yönəldilmişdir. Bu stansiyada görülən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılmış, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur. Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınmışdır.

Ötən üç il ərzində sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son üç ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri istismara verilmişdir. Bir sıra istehsal və emal müəssisələrinin tikintisi isə davam etdirilir.

Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq bu sahə iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Sözügedən dövlət proqramının qəbulundan ötən dövr ərzində Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi çərçivəsində 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması ilə bağlı texniki yardım göstərilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun xəttilə ötən illərdə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kreditlər verilmiş, bununla da 5300-dək yeni iş yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir.

Bütün bunlar və digər yeni infrastrukturlar Bakının sürətli inkişafına, paytaxtda və ətraf qəsəbələrdə yaşayan insanların sosial-maddi vəziyyətinin yaxşılaşmasına, bir sözlə, qədim Abşeron yarımadasının müasirləşməsinə hesablanmış uğurlu layihələrdir.

Lakin bunlar hələ son işlər deyil. Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən konfransda söylədiyi yekun nitqində Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının yeni konturları açıqlanmışdır.  Sözügedən problemlərin icrası ilə əlaqədar Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qəbul edilmişdir. Şübhə yoxdur ki, üçüncü proqramın icrası sayəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial və digər problemləri öz həllini tapacaq. Bununla da Bakının sabahı daha uğurlu, daha gözəl olacaq.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 4 fevral.- S.10.