Bakıda internet
medianın informasiya təhlükəsizliyi
məsələləri müzakirə olundu
Fevralın 4-də Bakıda Azərbaycan İnternet Forumu (AİF), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnternet medianın informasiya təhlükəsizliyi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri açan AİF-in prezidenti Osman Gündüz "dəyirmi masa"nın məqsədinin ölkədə internet media sektorunda təhlükəsizlik, mövcud və yarana biləcək kibertəhlükələr, onların aradan qaldırılması üçün informasiya mühitini inkişaf etdirməkdən ibarət olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, milli xəbər portallarına, internet media resurslarına virtual hücumlar, qanunsuz müdaxilələr və müxtəlif elektron təhlükələr, ondan qorunmaq yolları "dəyirmi masa"nın əsas müzakirə mövzularıdır.
AİF-in
prezidenti informasiya təhlükəsizliyi ilə bağlı
yaradılan dövlət qurumlarının önəmini diqqətə
çatdıraraq, ETM-in təsis olunmasını dövlətin
bu istiqamətdə irəliyə atdığı
mühüm addım kimi qiymətləndirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev dövlətin informasiya siyasətindən bəhs etmişdir. Prezident Administrasiyasının rəsmisi demişdir ki, dövlət siyasətinin prioritetlərindən biri məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas aləti kimi KİV-lərin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır. KİV-lərin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının qorunmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin mahiyyətini təşkil edir. Hazırda Azərbaycanda yüzlərlə KİV, internet informasiya resursu cəmiyyətimizin informasiyaya olan tələbatının ödənilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Milli KİV-lər, xüsusilə onlayn media dünyanın mürəkkəb informasiya mühitində, vahid informasiya məkanında özünə yer tutmaq uğrunda mübarizəyə qoşulmuşdur və artıq bu sahədə ciddi uğurlar da əldə edilmişdir. Azərbaycan dövləti istər qanunvericiliyin təkmilləşdirilməsi, istərsə də praktiki addımlarla, informasiya sektorunda yeni təzahürlər və inkişaf meyillərini nəzərə almaqla ardıcıl şəkildə KİV-lərin inkişafını stimullaşdırır, ona hərtərəfli kömək göstərir. 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının" təsdiq edilməsi, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və KİV layihələrinin maliyyələşdirilməsi, mətbuat orqanlarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli və digər tədbirlər bunun əyani sübutudur.
Azərbaycanın ötən il İKT sahəsində əldə etdiyi uğurlardan bəhs edən V.Əliyev demişdir ki, bu sektorun inkişafını stimullaşdırmaq məqsədilə ardıcıl şəkildə dövlət proqramları, müxtəlif layihələr həyata keçirilmişdir. Görülən tədbirlər elə bir şərait yaradıbdır ki, bu gün beynəlxalq informasiya məkanını formalaşdıran komponentlərin hamısı Azərbaycanda mövcuddur. Ölkəmiz vahid informasiya şəbəkəsinin fəal subyektlərindən birinə çevrilmişdir. Bu amil internetin imkanlarını genişləndirmiş və respublikada müasir internet şəbəkəsi formalaşmışdır. Hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da dünyadakı orta göstəricidən 2 dəfə çoxdur. İnternet trafikinin giriş-çıxış həcmi dəfələrlə artmış, internet xidmətlərindən istifadə haqları aşağı salınaraq region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bu gün 9 milyondan çox əhalisi olan Azərbaycanda təkcə "facebook" sosial şəbəkəsində istifadəçilərin sayı artıq 1,2 milyon nəfəri keçmişdir.
Təxmini hesablamalara görə, bu gün Azərbaycanda 300-ə yaxın fəal internet informasiya resursu fəaliyyət göstərir. Bu resurslar Azərbaycan ictimaiyyətinin informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Buna görə də dövlət onlayn medianın inkişafını daim diqqətdə saxlayır.
İnformasiya təhlükəsizliyinin yalnız dövlətin üzərinə düşən vəzifə olmadığını vurğulayan V.Əliyev bildirmişdir ki, biz azad cəmiyyətdə yaşayırıq, heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Hər kəsin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ Konstitusiya normasıdır. Amma bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi, ümummilli məsələləri daim diqqətdə saxlamalıdır.
Bəzən hansısa yoxlanılmamış, qərəzli və ya sifariş xarakterli informasiya ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir göstərir, əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunmuş ölkələr üçün daha çox aktualdır. Buradan da göründüyü kimi, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlətlə medianın, bütövlükdə isə cəmiyyətin birgə səyi nəticəsində ərsəyə gələn məsələdir.
Dünyada internet medianın sürətlə inkişaf etdiyini deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov xəbər portallarının, eləcə də sosial şəbəkələrdə sürətlə yayılan informasiyaların fikirlərə təsirindən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda təkcə keçən il 170 xəbər portalı yaradılmış, eyni zamanda sosial şəbəkələrdə fəallıq göstəricisi daha da artmışdır.
Virtual aləmdə informasiya təhlükəsizliyinin önəmini nəzərə alaraq Mətbuat Şurası internet media ilə bağlı komissiya da yaratmışdır. O cümlədən 2014-cü ili "İnformasiya ili" elan etmişik və bu il internet media ilə bağlı çoxsaylı tədbirlər keçirməyi planlaşdırırıq. Həmçinin internet xəbər portallarında jurnalistlərin etik normalara necə əməl etmələri də diqqət mərkəzində olacaq, mütəmadi keçirilən monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında ETM-in direktoru Faiq Fərmanov isə informasiya təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, ETM kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin əlaqələndirilməsini, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən dövlət orqanıdır.
Ölkəmizdə
İKT sahəsində əldə olunan uğurları diqqətə
çatdıran F.Fərmanov qeyd etmişdir ki, Beynəlxalq
Telekommunikasiya İttifaqının statistikasına əsasən,
Azərbaycan son 10 ildə bu sahədə dünya üzrə
dinamik inkişaf edən ilk on ölkə arasındadır.
Əldə olunan uğurlar dövlətin bu sahəyə dəstəyinin
əyani sübutudur.
ETM-in
rəhbəri informasiya təhlükəsizliyinin qorunması
istiqamətində görülən işlər və gələcək
fəaliyyət istiqamətləri haqqında da ətraflı
məlumat vermişdir.
Sonra ETM-in sektor müdiri Rəşad Əliyev internet medianın informasiya təhlükəsizliyinin qorunması üçün zəruri olan tədbirlər haqqında tövsiyələrini iştirakçıların diqqətinə çatdırmışdır.
Xəbər
portalları və saytlarının redaktorlarının,
informasiya təhlükəsizliyi ilə bağlı məsul
şəxslərin, həmçinin sahə üzrə ekspert
və mütəxəssislərin də iştirak etdikləri
"dəyirmi masa"da bu sahədə qarşıya
çıxan problemlər və onların həlli yolları
barədə müzakirələr aparılmışdır.
Azərbaycan.-2014.- 5 fevral.- S.5.