Frans TİMMERMANS: «Azərbaycan Niderland üçün çox vacib ölkədir»

 

Fevralın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ilə görüşmüşdür.  Görüşdən sonra keçirilən birgə mətbuat konfransında müzakirə olunmuş məsələlər barədə məlumat verilmişdir.

Elmar Məmmədyarov bildirmişdir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişləndirilməsi məsələlərinə toxunulmuşdur.

Azərbaycan ilə Niderland arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən E.Məmmədyarov Niderland şirkətlərinin ölkəmiz ilə çox yaxşı əməkdaşlıq qurduqlarını diqqətə çatdırmışdır.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə həmkarına məlumat verdiyini qeyd etmişdir.

Frans Timmermans demişdir ki, Azərbaycan Niderland üçün çox vacib ölkədir. Nazir bildirmişdir ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə kənd təsərrüfatı, təhsil sahələrində yaxşı əməkdaşlıq mövcuddur. F.Timmermans Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulamışdır.

Nazir həmçinin rəsmi Amsterdamın Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu söyləmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 5 fevral.- S.6.