San Fransiskoda
Azərbaycana dair tədbir
ABŞ-ın beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış aparıcı təşkilatlarından hesab olunan Qlobal Məsələlər Şurasının (World Affairs Council) San Fransisko bölməsində Azərbaycana həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirin təşkilatçıları tərəfindən əsas qonaq qismində dəvət olunmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Azərbaycan və Avrasiya məkanında dəyişən regional dinamika" mövzusunda çıxış etmişdir. Tədbir sabiq amerikalı diplomat, Ağ Evin keçmiş əməkdaşı, hazırda isə Şevron Korporasiyasının siyasət üzrə aparıcı məsləhətçisi Cefri Kolins tərəfindən idarə olunurdu. C.Kolins Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu və ölkəmizin Şərq ilə Qərb arasında strateji coğrafiyada yerləşdiyini bildirmişdir. Daha sonra o, Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxaran ilk Xəzəryanı ölkə olduğunu söyləmiş, bunun respublikamızın dünya enerji bazarlarına inteqrasiyası baxımından əhəmiyyətini vurğulamışdır. Ölkəmizin beynəlxalq və regional sülhün və sabitliyin qorunmasına verdiyi töhfələrdən danışan sabiq diplomat Azərbaycanın regionda açar dövlət olduğunu, habelə Əfqanıstan və digər beynəlxalq sülhməramlı missiyalarda iştirak etdiyini xüsusi qeyd etmişdir. Çıxışının sonunda C.Kolins Ermənistan-Azərbaycan münaqişəsinə də toxunmuş, bu münaqişənin hər iki tərəfdən indiyədək 30 mindən çox insanın həyatına son qoyduğunu diqqətə çəkərək tezliklə tərəflər arasında sülhün yaranacağına əminliyini ifadə etmişdir.
Daha sonra çıxış edən səfir Elin Süleymanov ölkəmizin yerləşdiyi geostrateji məkan barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Azərbaycanda tarixən dini və etnik tolerantlığın olduğundan danışan azərbaycanlı diplomat bu gün də müxtəlif dini inanclara malik insanların ölkəmizdə tam rahat yaşadıqlarını bildirmişdir. Səfir E.Süleymanov Azərbaycanın beynəlxalq uğurlarının təkcə ölkəmizin yerləşdiyi coğrafi məkan və malik olduğu təbii sərvətlərlə deyil, iqtidarın yürütdüyü praqmatik və uzaqgörən siyasətlə bağlı olduğunu bildirmişdir. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamışdır. Səfir demişdir ki, ötən il dekabrın 17-də Bakıda Avropa üçün tarixi əhəmiyyətə malik "Şahdəniz-2" layihəsi üzrə Yekun İnvestisiya Qərarı imzalanmışdır. Səfir bunun Azərbaycandan Avropaya "Cənub" qaz dəhlizinin açılışı üçün əhəmiyyətli addım olduğunu bildirmişdir. Ümumi dəyəri 45 mlrd. ABŞ dolları olan "Cənub" qaz dəhlizinin keçdiyi ölkələrdə 30 mindən çox iş yerinin açılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Daha sonra Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən digər iri infrastruktur layihələri barədə məlumat verən səfir Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat məsafəsini əhəmiyyətli dərəcədə qısaldacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə danışmışdır. Ötən əsrin 80-ci illərinin sonlarından ölkəmizdə müstəqillik uğrunda mübarizənin gücləndiyini və bunun heç də asan əldə edilmədiyini bildirən səfir E.Süleymanov müstəqilliyin ilk illərindən Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını diqqətə çatdırmışdır. O, ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında saxlandığını, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün olduğunu söyləmişdir.
Tədbir sual-cavab sessiyası ilə davam etmişdir.
Qlobal Məsələlər
Şurası 1947-ci ildə
Şimali Kaliforniyada yaradılmış aparıcı
araşdırma mərkəzlərindəndir. İndiyədək mərkəzin əsas qonaqları sırasında
bir sıra ölkələrin dövlət
və hökumət başçıları olmuşdur.
Təşkilat San Fransisko şəhərində
yerləşir. San Fransiskoya səfəri çərçivəsində səfir E.Süleymanov
ABŞ-dakı yəhudi
icmasının aparıcı
təşkilatlarından olan
Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin rəhbər
şəxsləri və
üzvləri ilə görüşmüşdür. Direktor Mervin
Danker səfir E.Süleymanovu
yenidən San Fransisko şəhərində görməsi
ilə bağlı məmnunluğunu ifadə
etmiş və Azərbaycanın tolerant və
sürətlə inkişaf
edən bir ölkə olmasından, habelə bu mühitdən ölkəmizin
yəhudi icmasının
da bəhrələndiyindən
xəbərdar olduğunu
söyləmişdir. M.Danker ölkəmizdə yerli yəhudi icmasının hərtərəfli inkişafı
üçün yaradılmış
şəraitə görə
Azərbaycan xalqına
və şəxsən
dövlətimizin başçısı
İlham Əliyevə
minnətdarlığını ifadə etmişdir.
Təşkilatın rəhbər şəxslərinin
iştirak etdiyi görüşdə beynəlxalq
və regional əhəmiyyətə
malik məsələlər
müzakirə edilmişdir. Elin Süleymanovun, həmçinin
Kaliforniya ştatının
azərbaycanlı icmasının
fəalları ilə
görüşü olmuşdur.
Soydaşlarımızla görüşdə yerli azərbaycanlı diasporunun qarşısında
duran əsas məsələlər müzakirə
edilmişdir. Səfər zamanı
E.Süleymanov hazırda
Kaliforniya ştatında
yaşayan tanınmış
soydaşımız professor Lütfi Zadəni də ziyarət etmişdir. Görüşdə professor Lütfi Zadə
Prezident İlham Əliyevin yürütdüyü
uzaqgörən siyasətin
Azərbaycan dövlətinə
daha böyük nailiyyətlər gətirəcəyinə
əmin olduğunu söyləmişdir. O, ölkəmizin
dünya miqyasındakı
uğurlarını izlədiyini
və buna görə məmnun olduğunu qeyd etmişdir.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2014.- 5 fevral.- S.6.