Misirdə «İrs»
jurnalının ərəb dilində növbəti nömrəsi
çapdan çıxmışdır
Azərbaycanın Misirdəki səfirliyi və "İrs-Heritage" jurnalının redaksiya heyəti tərəfindən "İrs" jurnalının ərəb dilində növbəti nömrəsi çapdan çıxmışdır.
Nəfis tərtibatda hazırlanmış jurnal ərəb dünyasını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, islam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin müasir inkişaf perspektivləri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.
Jurnalın bu nömrəsində 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə əlaqədar məqalələr dərc edilmiş, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, misli görünməmiş faciəyə gətirib çıxaran səbəblərdən danışılmış, eyni zamanda, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Xocalı şəhərinə qəflətən hücum edərək şəhəri tam alova bürüdükləri, dinc əhaliyə divan tutmaları, törədilən soyqırımı nəticəsində 613 nəfər günahsız insanın ən vəhşi üsullarla qətlə yetirildiyi barədə məlumat verilmişdir.
Jurnalda həmçinin Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhər, orta əsrlər ərəb mənbələrində Xəzər dənizinin həcmi və mövqeyi, Qarabağın mahir silah mühəndisləri barədə məlumatları əks etdirən məqalələr ərəbdilli oxucular tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Görkəmli ədəbiyyatşünas alim, Milli Məclisin deputatı Rafael Hüseynovun Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi ilə bağlı məqaləsi və Odlar Yurdu Azərbaycanın tarixi haqqında yazılar da jurnalın son nömrəsində əksini tapmışdır.
Bütün
ərəb dünyasında yayılacaq jurnalın mütəmadi
surətdə nəşr etdirilməsi nəzərdə
tutulmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Əmman
Azərbaycan.-2014.- 5 fevral.- S.7.