Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı
dövlət
proqramlarının icrasına həsr olunmuş konfrans
keçirilmişdir
Prezident İlham Əliyev konfransda
iştirak etmişdir
İqtisadiyyat və sənaye naziri
Şahin MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
konfrans iştirakçıları!
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müdrik və
uzaqgörən inkişaf strategiyası nəticəsində
son 10 ildə dayanıqlı və davamlı iqtisadi
inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan,
regionun siyasi, iqtisadi və mədəni mərkəzinə
çevrilən ölkəmiz bu gün müəyyən
edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər
il bütün sahələrdə əldə olunan
böyük uğurlarla tarixə düşür.
Bu nailiyyətlərin
əldə edilməsində müstəsna rolu olan dövlət proqramları
regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə
artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin
keyfiyyətinin daha da yaxşılaşmasına, müasir
müəssisələrin açılmasına səbəb
olmuş, Azərbaycanı bütün bölgələrində
dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Nəticədə
10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə,
qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin
gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi
8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi
1,9 dəfə azalaraq 5 faizə enmiş, regionlarda 56 minə
yaxın müəssisə fəaliyyətə
başlamış və 1,2 milyondan çox yeni iş yeri
yaradılmışdır ki, bunun 900 mini daimidir.
Bu
müddət ərzində regionlarda ümumi məhsul
buraxılışı 3,2, sənaye məhsulu
3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3,
orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən
pullu xidmətlər isə 6 dəfə artmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, bir çox
göstəricilər üzrə artım tempi ölkə
üzrə müvafiq göstəricilərdən daha yüksək olmuşdur. Təsadüfi
deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Artıq 5 şəhər və rayonda xərclər
yerli gəlirlər hesabına maliyyələşdirilir.
Möhtərəm
cənab Prezident! Sizin 10 il ərzində bölgələrə
səfərləriniz çərçivəsində 1300-dək
müxtəlif təyinatlı infrastruktur obyektlərinin və
yeni müəssisələrin açılış və təməlqoyma
mərasimlərində şəxsən iştirakınız,
müəssisələrin fəaliyyəti ilə yaxından
tanış olmağınız, eləcə də ictimaiyyətlə
keçirilən görüşlərdə
qaldırılmış məsələlərin həlli məqsədilə
əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə
imzaladığınız 240 sərəncam regionların
inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir.
Ümumilikdə
proqramların icrasına bütün mənbələr
hesabına 50,7 milyard, o cümlədən birinci proqramın
icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7
milyard manat vəsait yönəldilmişdir.
Proqramların
icrası ilə bağlı konfranslarda verdiyiniz
tapşırıqların yerinə yetirilməsi üçün zəruri
tədbirlər həyata keçirilmişdir.
Regionların
inkişafının
mühüm amillərindən olan infrastruktur təminatının
yaxşılaşdırılması məqsədilə 10 ildə
yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının
yenilənməsi işləri aparılmış, nəticədə
regionlarda kommunal xidmətlərin
səviyyəsi əhəmiyyətli dərəcədə
yüksəlmişdir.
Bundan əlavə,
son 10 ildə su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri,
yüzlərlə subartezian quyusu inşa və ya əsaslı
təmir olunmuşdur. Bu obyektlər aqrar sektorun,
sahibkarlığın inkişafını sürətləndirir,
yeni torpaqların
dövriyyəyə cəlb edilməsinə,
içməli su və enerji təchizatının daha da
yaxşılaşdırılmasına imkan yaradır.
Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi
məqsədilə regionlarda telefon stansiyaları və
poçt binaları istifadəyə verilmiş, bütün
rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün
regionlarda hər 100 nəfərdən 60-ı internet, 48-i isə
genişzolaqlı internet istifadəçisidir.
Regionlarda
"ASAN xidmət"in fəaliyyətə başlaması göstərilən xidmətlərin
keyfiyyətini, şəffaflığını və
operativliyini artırmış və əhalinin gündəlik
həyatını asanlaşdırmışdır.
Hesabat
dövründə əhəmiyyətli ekoloji tədbirlər
həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin
sahəsi iki dəfə artırılaraq 900 min hektara
çatdırılmış, 9 milli park yaradılmış,
20 milyon ağac və bəzək kolu əkilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə
təminatının yaxşılaşdırılması
üçün 400 mindən çox əhalisi olan 222
yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğular quraşdırılmışdır.
Cənab
Prezident!
Proqramlar
çərçivəsində 2708 məktəb, regionlarda 38
mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə,
700-ə yaxın mədəniyyət, 250-dən çox idman
və gənclər obyekti tikilmiş və ya əsaslı təmir
olunmuşdur.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət
və digər sosial layihələrin
reallaşdırılmasında mühüm rolu olmuşdur. Fondun, şəxsən Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən layihələrin miqyası minlərlə
insanın sosial şəraitinin yaxşılaşması
üçün yeni imkanlar açmışdır.
Məcburi
köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə 12
çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə
salınmış, burada 37 min ailə yerləşdirilmişdir. Eyni
zamanda, əlil və şəhid ailələrinin sosial
müdafiəsinin gücləndirilməsi işləri davam
etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli
yaşayış binaları və 450-dən çox fərdi
ev tikilmişdir.
Möhtərəm
cənab Prezident! Sizin "Ölkəmizin
inkişafı sahibkarlığın inkişafından
asılıdır" strateji xəttinizə uyğun olaraq
biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması
ilə bağlı ardıcıl tədbirlər həyata
keçirilmişdir. Bu baxımdan qanunvericilik
bazasının təkmilləşdirilməsi, korrupsiyaya
qarşı mübarizənin gücləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin
təmin edilməsi, 400-dən çox xidmətin elektron
qaydada göstərilməsi,
"bir pəncərə" prinsipinin tətbiqi, 10 il ərzində
regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə
1200-dək maarifləndirmə, biznes forumların,
konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda
güclü özəl sektor formalaşmışdır.
Ötən
10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 19 mindən çox
sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin
maliyyələşməsinə, 45 faizi qaytarılmış
vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit
verilmiş və bu layihələr hesabına 110 minədək
yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan
iş yerlərinin isə 81 faizi regionların payına
düşür.
Bu
müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun
inkişaf etdirilməsi, yeni müəssisələrin
yaradılması istiqamətində məqsədyönlü tədbirlər
görmüş, "Milk Pro", "Ağstafa
Aqroservis", "Azərtoxum" və "Dəvəçi
broyler"də həyata keçirilən layihələrdə iştirak
etmişdir.
Bu tədbirlər
nəticəsində hesabat dövründə məşğulluqda
özəl sektorun payı 68 faizdən 74 faizə, vergi
daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış,
sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə
artmış, nəticədə ümumi daxili məhsulda
özəl sektorun xüsusi çəkisi 80 faizi
ötmüşdür.
Sözsüz
ki, müasir tələblərə cavab verən minlərlə
infrastruktur və sosial obyektlərin inşası ilə bərabər,
biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi
potensialını gücləndirməklə, ümumilikdə,
iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə,
qeyri-neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin
möhkəmlənməsinə mühüm töhfə
vermişdir.
Belə
ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye
müəssisəsi, o cümlədən Sumqayıtda
texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər
və avtomobil, Qazaxda sement, Gəncədə alüminium,
Goranboyda gips və gips məhsulları, Mingəçevirdə
polietilen borular, elektron avadanlıqları, Sumqayıtda
kağız emalı, bitki yağları, günəş
panelləri, Masallıda və Abşeronda kərpic,
Hacıqabulda seramik plitələr, Gədəbəy və
Daşkəsəndə qızıl emalı, Oğuzda
qarğıdalı emalı və qlükoza, İmişlidə
şəkər, bitki yağları və qarışıq
yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər
tikinti materialı, mebel, emal, çörək və digər
müasir müəssisələr fəaliyyətə
başlamışdır.
Təkcə
güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat
olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu
layihələr üzrə 80 müəssisə istifadəyə
verilmiş, 24-ü üzrə
işlər davam etdirilir.
2014-cü ilin "Sənaye ili" elan olunması bu sahədə
aparılan işləri daha da genişləndirəcək və
sənayeləşməni sürətləndirəcəkdir.
Cənab
Prezident! İntensiv metodlara əsaslanan aqrar sektorun
yaradılmasına yönəlmiş siyasətiniz, həyata
keçirilən dövlət dəstəyi tədbirləri
öz nəticəsini vermiş, kənd təsərrüfatı
məhsullarının istehsalının və ixracının
artmasına, özünütəminetmə səviyyəsinin
yüksəlməsinə səbəb olmuşdur.
Sizin
göstərişinizə əsasən yaradılmış
pilot taxılçılıq təsərrüfatında
ötən il rekord həcmdə - hər
hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq
yüksək keyfiyyətli qarğıdalı
yığılmışdır. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad
və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının
yaradılması işləri yekunlaşmaqdadır.
Aqrar sektorda emalçılar ilə istehsalçılar
arasında münasibətlərin tənzimlənməsi,
fermerlərin dövlətin dəstək mexanizmlərindən
səmərəli istifadə etməsi məqsədilə
regionlarda 50 başlıq südlük cins heyvandarlıq ailə
təsərrüfatlarının yaradılmasına
başlanılmışdır. Bu mexanizm ət və süd məhsulları
istehsalının artırılmasında, emal sənayesinin
davamlı və fasiləsiz xammalla təmin olunmasında,
iribuynuzlu mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasında, kiçik
sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli
olacaqdır.
Hesabat
dövründə güzəştli kreditlərin 64 faizi kənd
təsərrüfatı məhsullarının istehsalı və emalı
layihələrinə yönəldilmişdir.
Belə
ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon
damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39
quşçuluq müəssisəsinə 100 milyon manat kredit
verilmiş, sənaye quşçuluğunun istehsal
gücü 100 min tona çatdırılmış, quş əti
istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye
üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olmuşdur. Görülmüş tədbirlər nəticəsində
quş əti idxalı 73 faiz azalmışdır.
Bununla
yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq
kompleksinin, illik gücü 175
min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət
istehsalı müəssisəsinin
açılması nəticəsində ət və süd
istehsalı artmış, özünütəminetmə səviyyəsi
yüksəlmişdir.
Eyni
zamanda, 28 intensiv bağçılıq və
üzümçülük təsərrüfatının,
30 müasir istixana kompleksinin və illik gücü 120 min ton
olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin
fəaliyyətə başlaması nəticəsində bu sahədə
istehsal və ixrac imkanları xeyli artmışdır.
Kənd təsərrüfatı
məhsullarının tədarükü, saxlanması və
satışı üzrə ümumi tutumu 203 min ton olan 40
logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21
taxıl anbarı kompleksinin yaradılması əhalinin il boyu
keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan
meyvə-tərəvəzin və taxılın tədarükündə,
ixracın artmasında, qiymətlərin sabitliyinin təmin
edilməsində mühüm rol oynayır.
Cənab Prezident! Ötən konfranslarda yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və ərzaq məhsullarının ixracının artırılması ilə bağlı verdiyiniz göstərişlərin icrası məqsədilə ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqətdə saxlanılmış, qablaşdırma, saxlanma, daşınma imkanlarının artırılması üzrə layihələr həyata keçirilmiş, Aktau şəhərində logistik mərkəzin yaradılmasına başlanılmışdır.
Ümumilikdə, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artmışdır.
Ötən müddətdə 14 beşulduzlu hotel də daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaratmışdır.
Möhtərəm cənab Prezident!
Regionların müəllifi olduğunuz inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir.
Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram!
Azərbaycan.-2014.- 6 fevral.- S.2.