Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
dövlət
proqramlarının icrasına həsr
olunmuş konfrans keçirilmişdir
Prezident İlham
Əliyev konfransda iştirak etmişdir
Nəqliyyat naziri Ziya
MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans
iştirakçıları!
Azərbaycan
Respublikası regionlarının inkişafı, ölkə əhalisinin
sosial problemlərinin həlli, o cümlədən bölgələrdə
nəqliyyat xidmətlərinə olan tələbatın
ödənilməsi məqsədilə 2009-2013-cü illərə
dair qəbul edilmiş dövlət proqramında Nəqliyyat
Nazirliyinə həvalə olunmuş tədbirlərin
icrası, cənab Prezident, Sizin diqqət və dəstəyiniz
sayəsində tərəfimizdən təmin edilmiş, bu
istiqamətdə müvafiq işlər
görülmüş, yerli və regional əhəmiyyətli
layihələr həyata keçirilmişdir.
Dövlət
proqramında yol-nəqliyyat kompleksinin - dəmir yolu, avtomobil,
hava, su nəqliyyatı və avtomobil yolları sahələrində
müasir infrastrukturların yaradılması üzrə 64 tədbir
nəzərdə tutulmuşdur ki, bunların icrası barədə
məlumatları ali diqqətinizə məruzə etmək istərdim.
Proqram çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur.
Abşeron iqtisadi rayonu üzrə 174 kilometr yol, 18 körpü, Gəncə-Qazax iqtisadi rayonu üzrə 626 kilometr yol, 21 körpü, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 206 kilometr yol, 34 körpü, Lənkəran iqtisadi rayonu üzrə 168 kilometr yol, 25 körpü, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 293 kilometr yol, 30 körpü, Aran iqtisadi rayonu üzrə 1068 kilometr yol, 26 körpü, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 96 kilometr yol, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 386 kilometr yol və 10 körpü tikilmiş və yenidən qurulmuşdur.
Proqramın magistral avtomobil yollarının yenidən qurulması bölməsi üzrə Bakı-Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi, Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri davam etdirilmiş, Bakı-Hacıqabul-118 kilometr, Yevlax-Gəncə-87 kilometr, Gəncə dövrələmə - 39 kilometr, Bakı-Gəndob-132 kilometr və Ələt-Kürsəngi-30 kilometr avtomobil yolları 4 zolaqlı - birinci texniki dərəcəyə, Bakı-Şamaxı-118 kilometr və Hacıqabul - Bəhramtəpə istiqamətində 50 kilometr avtomobil yolları isə ikinci texniki dərəcəyə uyğun çəkilmişdir. Beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işləri davam etdirilir.
Eyni zamanda, Qusar-Əniğ-Ləzə-39 kilometr, Şəki-Qax-35 kilometr, Qəbələ-Oğuz - 46 kilometr, Ağstafa-Poylu-Sadıxlı - 59 kilometr, Ağdaş-Ləki - 12 kilometr, Goran-Naftalan - 18 kilometr və digər yerli əhəmiyyətli avtomobil yolları da yenidən qurulmuşdur.
Möhtərəm cənab Prezident! Proqramda nəzərdə tutulmuş tədbirlərdən əlavə, regionlara etdiyiniz çoxsaylı səfərlər zamanı bölgələrdə avtomobil yollarının yenidən qurulması və təmiri ilə bağlı imzaladığınız sərəncamlara əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayırdığınız vəsaitlər hesabına 1334 kilometr kəndləri rayon mərkəzləri ilə birləşdirən və kəndlərarası yollar əsaslı təmir edilmişdir.
Proqrama uyğun olaraq,
Bakı şəhərində yol şəbəkəsinin
inkişafı məqsədilə 379 kilometr
yol çəkilmiş, müxtəlif səviyyəli
40 yol qovşağı, körpü
və tunel tikilmiş
və yenidən qurulmuş, vətəndaşların
təhlükəsizliyini təmin edən 37 piyada
keçidi inşa edilmişdir.
Bakı şəhərində hərəkətin və nəqliyyat axınlarının idarə olunması, ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Sistemi yaradılmışdır. Paytaxtda və bölgələrdə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi üzrə tədbirlər həyata keçirilmişdir.
Sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kiçik tutumlu 4700 mikroavtobus, iri və orta tutumlu 2240 müasir sərnişin avtobusu ilə əvəz edilmiş, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və magistral yollarda 750-dən artıq avtobus dayanacağı quraşdırılmış, 130-a yaxın taksi dayanacağı yaradılmışdır. Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Qax, Quba, Yevlax, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar, Ucar və Tovuz avtovağzalları yenidən qurulmuşdur. Daşkəsən, Horadiz və Gəncədə isə yeni avtovağzalların tikintisi aparılır.
Regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhərlərarası və rayonlararası xətlərdə marşrutların sayı 1,2 dəfə artmışdır. Eyni zamanda, Bakıdan və respublikanın digər şəhərlərindən qonşu ölkələrə 21 beynəlxalq marşrut üzrə 310 avtobus sərnişinlərə xidmət göstərir.
Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası əhalisinin Bakı şəhərinə gediş-gəlişinin asanlaşdırılması üçün İran ərazisindən keçməklə avtobus marşrutu təşkil olunmuş və gündəlik olaraq 5 reys həyata keçirilir.
Dəmir yolu nəqliyyatında struktur islahatları aparılmış, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Dəmir yolu infrastrukturunun yeniləşdirilməsi üzrə 318 kilometr yol, Saatlı-Becar və Çarxı-Sarvan mənzillərində 2 dəmir yolu körpüsü tam yenidən qurulmuş, Ağstafa rayonunda Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi, Yevlax rayonunun ərazisində isə mövcud körpünün bərpası yekunlaşmaq üzrədir. Həmçinin vağzal və stansiyaların təmiri, sərnişin vaqonlarının və lokomotivlərin tərkibinin yeniləşdirilməsi, rabitə, işarəvermə və elektrik təchizatı sistemlərinin yenidən qurulması həyata keçirilir.
Regionun ən böyük nəqliyyat layihələrindən biri olaraq Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılmışdır. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı cari ildə istismara hazır olacaqdır. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.
Möhtərəm cənab Prezident! Ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki dövlət proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilmişdir.
Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur.
Zati-aliləri, Sizi əmin etmək istərdim ki, gələcək illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında Nəqliyyat Nazirliyinə həvalə edilən tədbirlərin yerinə yetirilməsi tam təmin olunacaqdır.
Diqqətinizə görə minnətdaram!
Azərbaycan.-2014.- 6 fevral.- S.2;3.