Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı

dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilmişdir

 

Prezident İlham Əliyev konfransda iştirak etmişdir

 

Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək dedi:

 

- Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm həlqələrindən biri olan regionların sosial- iqtisadi inkişafı dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olmuşdur. Hələ 2003-cü ildə maliyyə resurslarının çatışmadığı bir dövrdə belə proqramların icrasının kifayət qədər riskli olmasına baxmayaraq, cənab Prezident, Siz öz qəti niyyətinizi və iradənizi ortaya qoymaqla bu sənədi təsdiq edərək reallaşdırılması çətin olan bir çox digər layihələr kimi, bu niyyətinizi də gerçəkliyə çevirdiniz. Məhz bunun nəticəsidir ki, hazırda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları iqtisadi inkişafın əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilmişdir. Ona görə də başlıca strateji hədəfi qeyri-neft sahələrinin inkişafı olan bu proqramın icrası nəticəsində aqrar sektorun çoxsahəli sabit inkişafının təmin edilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunmuşdur. Bu amillər hesabına həmin dövrdə bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manat təşkil etmişdir. Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək və yaxud təxminən 3,8 dəfə artaraq ümumi kənd təsərrüfatı məhsulunun strukturunda payı 49,5 faizə çatmışdır.

Heyvandarlıqda həyata keçirilən islahatlar nəticəsində mal-qaranın baş sayının sabit templə artımına nail olunmuşdur. Belə ki, 2004-2013-cü illər ərzində iribuynuzlu mal-qaranın baş sayı 17,1 faiz artaraq 2 milyon 713 minə, qoyun və keçilərin baş sayı 15,6 faiz artaraq 8 milyon 661 minə, quşların sayı isə 40,1 faiz artaraq 25,5 milyona çatmışdır. İribuynuzlu mal-qaranın baş sayının 17,1, qoyun və keçilərin baş sayının 15,6 faiz artması müqabilində intensiv inkişaf, yəni, onların cins tərkibinin dəyişdirilib, daha məhsuldar cinslərlə əvəz edilməsi həmin dövrdə ət istehsalının 51,3, süd istehsalının 49,9, yumurta istehsalının isə 68,9 faiz üstün artımına səbəb  olmuşdur.

Son 10 ildə torpaqların istifadə vəziyyətinin statistik təhlili göstərmişdir ki, 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ilə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin  aparılmışdır ki, bu da əkin sahəsinin demək olar tam həcmdə dövriyyəyə cəlb olunduğunu göstərir.

Respublikanın ümumi ərazisinin 52,4 faizi kənd təsərrüfatına yararlı torpaqlardır. Təhlil göstərir ki, bir tərəfdən əhalinin təbii artımı ilə, digər tərəfdən isə torpaqların müxtəlif deqradasiya proseslərinə uğraması, tikinti işlərinin aparılması, eləcə də qlobal iqlim dəyişikliyi və sair səbəblərdən adambaşına düşən əkin sahəsinin azalması tendensiyası gözləniləndir. Ona görə də bir tərəfdən kənd təsərrüfatına yararlı torpaqların maksimum intensiv istifadə edilməsi ilə yanaşı, ekstensiv istifadə imkanlarından faydalanmağa, yəni, digər sahələrdə mövcud olan əkinəyararlı sahələrin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə əlavə olunmasına zərurət yaranmaqdadır.

Möhtərəm cənab Prezident! Sizin sərəncamınızla 2004-cü ildə yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılmış, təkrar istifadədən qaytarılan 179 milyon manat və eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla, onun investisiya portfeli 650 milyon manat təşkil etmişdir. Bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqifiziki şəxslərə lizinqə verilmişya lizinq yolu ilə satılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynamışdır. Eyni zamanda, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alınmış, heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2009-cu ildən başlayaraq Sizin göstərişinizlə 9306 baş ətlik və südlük istiqamətdə iribuynuzlu damazlıq heyvanlar və 1321 baş yüksək məhsuldarlı cins keçilər alınaraq güzəştli şərtlərlə lizinqə verilmişdir. Məlumat üçün ali diqqətinizə məruzə edirəm ki, Sizin qayğınız nəticəsində Prezidentin Ehtiyat Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına qarşıdakı 3-4 ay ərzində dünyanın ən tanınmış şirkətlərindən 470 ədəd yeni kombaynyerli istehsal olan "Belarus" tipli 600-dən artıq traktor alınıb istifadəyə veriləcəkdir ki, bu da əvvəlki illərdə alınmış bütün işlək kombaynların təxminən yarısına bərabər olmaqla texniki təchizatda dönüş nöqtəsi yaradacaqdır.

Hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnmiş, ötən dövr ərzində onlara istifadə edilən yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi, eləcə də buğdatoxum istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ümumilikdə 663 milyon manat həcmində subsidiyanın verilməsi təmin olunmuşdur. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, hazırda dünyada səslənən yeni  çağırışlar və Sizin strateji hədəf və niyyətləriniz fonunda hələ də bu sahədə görəcəyimiz işlər mövcuddur ki, onların icrası üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm. Belə ki, rayon və şəhərlərdə pərakəndə halda  fəaliyyət göstərən struktur bölmələrinin bazasında vahid kənd təsərrüfatı siyasətinin həyata keçirilməsini təmin edən ərazi idarələrinin yaradılması, baytarlıq və fitosanitar xidmətlərinin özəlləşdirilməsi, elmi-tədqiqat institutlarında işin təşkilinin və strukturunun təkmilləşdirməsi və yeni tələblərə uyğunlaşdırılması, aqrar sahədə risklərin sığortalanması işinin beynəlxalq təcrübəyə uyğun təşkil edilməsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qeyri-qanuni istifadəsi ilə bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi, süni mayalanma texnologiyasının intensiv tətbiqi görüləcək işlər siyahısına daxildir. Onu da tam məsuliyyət və səmimiyyət hissi ilə qeyd etmək istəyirəm ki, aqrar sektorun islahatlarının banisi ulu öndər Heydər Əliyev, onun dərinləşdirilməsinin və yeni ideyalarla zənginləşdirilməsinin banisi isə Zati-aliniz olduğundan sadəcə, Sizin ayrı-ayrı müşavirələrdə, toplantılarda və görüşlərdə etdiyiniz çıxış və məruzələri diqqətlə öyrənmək, bu hədəflərə nail olmağın və problemləri  həll etməyin yol xəritəsini tərtib etməyə kifayət edəcəkdir. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Sizin tapşırığınızla yerlərdə əhali ilə görüşlər zamanı kənd zəhmətkeşləri dövlətin onlara müxtəlif formada göstərdiyi qayğını, dəstəyi yüksək qiymətləndirməklə bərabər, müasir kənd təsərrüfatı texnikalarının qiymətinin yüksək olduğu üçün onun bir hissəsinin dövlət tərəfindən qarşılanmasını, bu səbəbdən yaranmış borcların müəyyən qisminin dövlət tərəfindən bağışlanmasını, güzəştlə verilən mineral gübrələrin həcminin artırılmasını və ya faizinin daha da yüksəldilməsi arzusunda olduqlarını Zati-alinizin yüksək diqqətinə çatdırılmasını xahiş etmişlər.

Möhtərəm cənab Prezident, bir ingilis iqtisadçısı demişdir ki, torpaq kənd təsərrüfatının anası, əmək isə onun atasıdır. Ona  görə də biz əminik ki, Sizin rəhbərliyiniz altında fədakar kənd zəhmətkeşləri torpağa möhkəm bağlanaraq öz əməkləri ilə daha böyük nailiyyətlərə imza atacaqlar.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan.-2014.- 6 fevral.- S.3.