Bakıda istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir

 

Fevralın 5-də "Buta Palace"da 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir.  AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak etmişlər.

Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişmələrinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk günlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.

Qeyd edilmişdir ki, zamanın yeniləşən çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti uğurla inkişaf edir, məzmunca zənginləşir və intensivləşir. Təxminən üç milyonluq gənclər kütləsinin mənəvi və fiziki sağlamlığı, vətəndaşlıq tərbiyəsi, yaradıcılığının dəstəklənməsi, məşğulluğu və digər məsələlər dövlətin qayğısı ilə əhatə olunmuşdur.

Nazir vurğulamışdır ki, ölkənin qazandığı nailiyyətlər gənclərin fəaliyyətində davamını və inkişafını tapır. Keçən il Azərbaycanda ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına üzv ölkələrdən 50-dək gəncin iştirakı ilə "Kibertəhlükəsizlik" mövzusunda "Model UN" simulyasiya oyunu keçirilmişdir. 2013-cü ildə Gəncə ciddi rəqabət şəraitində 2016-cı il üçün Avropanın "Gənclər paytaxtı" seçilmişdir. Ötən il Bakıda "Xəmsə" milli intellektual oyunu üzrə dünya çempionatı keçirilmiş və yarışda 12 ölkədən 100-dək oyunçu iştirak etmişdir. Həmçinin yola saldığımız ildə Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Roma və Bakıda forumları keçirilmişdir.

Azərbaycan gəncləri beynəlxalq münasibətlərin və mədəniyyətlərarası dialoqun aparılmasında da fəal iştirak edirlər. Bu, xüsusilə ölkə xaricində fəaliyyət göstərən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli işində öz əksini tapır.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov gəncləri əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, bu gün Azərbaycan vətəndaşı olmaq qürurverici və şərəflidir. Bu ölkənin gənc vətəndaşı olmaq isə ikiqat qürurvericidir. Hazırda dövlət başçısının rəhbərliyi altında hər bir gənc  Azərbaycanın həm bu gününü, həm də gələcəyini təmsil edir. Bu, kifayət qədər məsuliyyət və hər bir gəncdən gələcəyə hazır olmaq kimi yüksək vətəndaşlıq keyfiyyətlərinə malik olmağı tələb edir.

Ölkə gəncliyinin dövlətin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Əli Əhmədov Azərbaycan Gəncləri Gününün ölkəmizdə qeyd olunmasının təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, ümummilli lider tərəfindən həyata keçirilən gənclər siyasəti hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə gəncliyi də, öz növbəsində, dövlətin qayğısına adekvat cavab verərək özünü Azərbaycanın gələcəyinə hazırlayır. Gənclərimiz yaradılmış imkanlardan istifadə edərək ən müasir biliklərə yiyələnir, dünyagörüşünə sahib olur, müstəqil Azərbaycanın layiqli vətəndaşı kimi formalaşırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev demişdir ki, bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. O, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.

 Sonra gənclər üçün Prezident mükafatına layiq görülmüş, dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərmiş şəxslər Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı" ilə təltif olunmuşlar.

Daha sonra 2014-cü il üçün Azərbaycanın "Gənclər paytaxtı" elan olunmuşdur. www.genclerpaytaxti.az saytında keçirilmiş səsvermənin nəticəsinə əsasən, Quba 2014-cü il üçün Azərbaycanın "Gənclər paytaxtı" seçilmişdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə təqdim etmişdir.

Tədbir konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan.-2014.- 6 fevral.- S.5.