Culfa rayonunun
Əlincə kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir
Naxçıvan Muxtar
Respublikası - 90
Əlincə kəndi Naxçıvan Muxtar Respublikasının qədim yaşayış məskənlərindən biridir. Xalqımızın əyilməzlik və qəhrəmanlıq rəmzi olan Əlincə qalasının ətəyində yerləşən bu kənd çoxəsrlik tarixə malikdir. Bu gün Əlincə kəndi həm də müasirliyin və yeniliyin vəhdətində abad yaşayış məntəqəsi görkəmi almışdır. Aparılan quruculuq işləri zamanı kəndin qədim görkəminə yeni naxışlar əlavə olunmuş və xidmət mərkəzləri, istifadəyə verilən müasir məktəb binası yaşayış məntəqəsinin simasını tamamilə dəyişmişdir.
***
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 5-də Əlincə kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Novruz Talıbov çıxış edərək demişdir ki, Əlincədə dövlətimiz tərəfindən həyata keçirilən quruculuq tədbirləri insanların torpağa bağlılığını artırmış, onların rahat yaşamasına, təsərrüfat işləri ilə məşğul olmasına imkan yaratmışdır. Bu da kəndin inkişafı, insanların maddi rifah halının yaxşılaşması, məskunlaşmanın artması deməkdir. İnzibati ərazi dairəsi üzrə nümayəndə göstərilən dövlət qayğısına görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan quruculuq işləri nəticəsində Əlincə kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: "Ölkəmizdə kəndlərin inkişafına və abadlaşmasına xüsusi diqqət göstərilir, əhalinin məskunlaşması və rahat yaşayışının təmin olunması üçün lazımi tədbirlər həyata keçirilir. Bu iş muxtar respublikada da davam etdirilir, kəndlərdə müasir infrastruktur yaradılır, yeni kənd və xidmət mərkəzləri, tibb ocaqları, məktəb binaları tikilərək istifadəyə verilir. Bu da dövlət qurumlarının fəaliyyətinin normal təşkilinə, sakinlərin müraciətlərinin vaxtında həllinə, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə, şagirdlərin hərtərəfli təhsil almasına və insanların tibbi xidmətlə təmin olunmasına imkan verir. Eyni zamanda, muxtar respublikanın müasirləşən kəndlərində əhalinin sosial-məişət problemlərinin həllinə də diqqət yetirilir, mənzillər telefonlaşdırılır, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin edilir.
Ali Məclisin Sədri demişdir: "Əlincə kəndi dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşir. Kənddə əməkhaqqına 10 faiz əlavə ödənilir. Eyni zamanda, kənddə əhalinin məşğulluğunun təmin olunması məqsədilə dövlətimiz tərəfindən güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir, kənd təsərrüfatı məhsullarının istehsalı artırılır. Bu gün Əlincə kəndində yaradılan infrastruktur nəticəsində insanların rahat yaşayışı təmin olunmuş, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır".
Ali Məclisin Sədri bir daha sakinləri təbrik etmiş və onlara firavan həyat arzulamışdır.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. Üç mərtəbədən ibarət olan binada rabitə evi, sahə polis və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 51 yerlik iclas zalı vardır. Zalda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
Rabitə evi mərkəzin birinci mərtəbəsindədir. Burada quraşdırılan 384 nömrəlik elektron ATS Əlincə və Xoşkeşin kəndlərində 223 abonentə xidmət göstərir. Poçt bölməsində internet və danışıq kartlarının, eləcə də gündəlik mətbuatın satışı təmin olunmuşdur. Burada bank xidmətinin göstərilməsi üçün şərait yaradılmış, kommunal xidmət haqlarının poçt bölməsində yığılması təmin edilmişdir.
Kəndin ictimai-mədəni həyatında öz fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyası Əlincə kənd ərazi ilk təşkilatının 87 üzvü vardır. Onlardan 33-ü gənclər, 39-u isə qadınlardır. Kənd mərkəzində ərazi ilk təşkilatı üçün də iş otağı ayrılmışdır. Mərkəzdəki kitabxanada oxucuların istifadəsinə 6654 kitab verilmişdir.
Əlincə və Xoşkeşin kəndlərini əhatə edən baytarlıq məntəqəsinə dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuş, baytarlara nümunəvi iş şəraiti yaradılmışdır. Qeyd olunmuşdur ki, hər iki kənddə əhalinin əsas məşğuliyyət sahəsinin heyvandarlıq olması baytarlıq xidmətinin yüksək səviyyədə təşkilini zəruri edir.
Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən sahə polis məntəqəsi üçün ayrılan iş otağında da nümunəvi xidmət şəraiti vardır. Məntəqə Əlincə və Xoşkeşin kəndlərini əhatə edir.
Binada feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmış, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunmuşdur.
Ali Məclisin Sədri kənddə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinin və insanların sağlamlığının qorunmasının əhəmiyyətini vurğulamış, gigiyenik qaydalara əməl edilməsi və səhiyyə maarifi işinin gücləndirilməsi barədə tapşırıqlar vermişdir.
Binada fərdi qazanxana qurulmuş, həyətdə abadlıq işləri aparılmışdır.
***
Həmin gün Əlincə kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.
Binada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları vardır. Ekoloyi və sanitar qaydalara cavab verən mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının, eyni zamanda, geyim dəstlərinin, məktəbli formalarının və təsərrüfat mallarının satışı təşkil olunmuşdur. Xidmət mərkəzində 5 nəfər işlə təmin edilmişdir.
Binanın həyətində geniş abadlıq işləri aparılmışdır.
Ali Məclisin Sədri mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşmüşdür.
Kənd ağsaqqalları bildirmişlər ki, hər bir kəndin inkişafı yaradılan müasir infrastruktur və insanların rahat yaşayışı ilə ölçülür. Bu gün Əlincə kəndi abad yaşayış məntəqəsinə çevrilmişdir. Sakinlər qurulanları, yaradılanları ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirirlər. Xalqımızın bu siyasi xəttə sadiq qalması isə ölkəmizin, eləcə də muxtar respublikamızın daha sürətli inkişafından xəbər verir.
Ali Məclisin Sədri demişdir ki, dövlət-xalq birliyi Azərbaycanda inkişafın və sabitliyin başlıca şərtidir. Bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasi xəttinin əsasında da məhz bu birlik dayanır. Ötən ilin prezident seçkilərində xalqımızın bu siyasi xətti dəstəkləməsi inkişafın davamlı olacağına zəmanət verir. Əlincə kəndində tikilənlər, qurulanlar bu inkişafın bəhrələridir. Bu mənada kənd sakinləri göstərilən dövlət qayğısından lazımınca bəhrələnməli, tikilənləri, qurulanları qorumalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.
***
Əlincə kəndində aparılan quruculuq işləri çərçivəsində kənd məktəbinin binası da yenidən qurulmuş, məktəb müasir tədris avadanlığı və informasiya texnologiyaları ilə təmin olunmuşdur.
Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yenidənqurma işlərindən sonra məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 252 şagird yerlik məktəb binası 2 mərtəbədən ibarətdir. Məktəbdə 14 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompyuter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Məktəbin tədris avadanlığı ilə təminatı diqqət mərkəzində saxlanılmış, kitabxanaya 5 minə yaxın dərslik və bədii ədəbiyyat verilmişdir.
Yenidənqurma işləri zamanı məktəb binasında informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, müasir kompyuter otağı və 3 elektron lövhəli sinif yaradılmışdır. Kompyuterlərin hər birinin internetə çıxışı təmin olunmuş, məktəbə elektron dərsliklər verilmişdir. Bu da tədris prosesində keyfiyyətin yüksəldilməsinə, eyni zamanda, distant təhsil sisteminin formalaşdırılmasına və elektron tədris mübadiləsinə imkan verəcəkdir.
Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Texniki Kolleci ilə canlı videobağlantı qurulmuşdur.
Ali Məclisin Sədri videobağlantı vasitəsilə dərs prosesini izləmişdir.
Binada kimya, biologiya və fizika laboratoriyalarının, eləcə də hərbi kabinetin yaradılması müvafiq fənlər üzrə tədrisin yeni metodlarla aparılmasına, keçilən dərslərin həm nəzəri, həm də praktik olaraq daha yaxşı mənimsənilməsinə imkan verəcəkdir. Məktəbdə şagirdlərin fiziki sağlamlığının inkişafı da nəzərə alınmış, müasir idman zalı istifadəyə verilmişdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, Əlincə kənd tam orta məktəbində yaradılan müasir tədris şəraiti kənddə təhsilin inkişafına hesablanmışdır. Ona görə də tədrisin səviyyəsi yüksəldilməli, şagirdlərə Vətənə, torpağa məhəbbət hissləri aşılanmalıdır. 2012-2013-cü dərs ilində Əlincə kənd tam orta məktəbini bitirən 11 məzundan 6-sı ali məktəblərə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Ali məktəblərə qəbulda 2 məzun 500-700 intervalında bal toplamışdır. Bunlar məktəbin nailiyyətidir. Gələcəkdə bu uğurlar daha da artırılmalı, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir.
Müəllimlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
***
Əlincə kəndində aparılan quruculuq işləri çərçivəsində
kənddaxili 600 metr yola
asfalt örtük
salınmış, kənddə 160 metr fiber-optik kabel, 1415 metr elektrik və 250 metr qaz xətti çəkilmişdir.
Azərbaycan.-2014.- 6 fevral.- S.5.