Azərbaycanın milli məfkurəli
tarixçisi
Yaqub Mahmudov -75
Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçi, professor Yaqub Mahmudov, - o, indi burdadır, - bir çox başqa alimlər Şəkinin yetirmələridir.
Heydər ƏLİYEV
Azərbaycanda tarix elminin müasir mərhələdə inkişafı milli dövlətçilik ənənələrimizin bərpası, Azərbaycanın tarixi torpaqlarının bir hissəsində müstəqil Azərbaycan Respublikasının qurulması və milli məfkurənin formalaşması ilə sıx bağlıdır. Bu milli məfkurənin formalaşmasında Azərbaycan tarixçilərinin rolu böyükdür.
75 illik yubileyi ərəfəsində olan Yaqub Mikayıl oğlu Mahmudov müasir Azərbaycanın görkəmli tarixçisi, dünya şöhrətli tədqiqatçısı və ictimai xadimi, böyük bir elmi məktəbin banisidir. Yaqub Mahmudov tarix elmində Azərbaycan tarixinin ən mühüm mərhələlərinin və istiqamətlərinin vahid elmi problem halında araşdırılmasının əsasını qoymuşdur.
1980-ci illərin ortalarından etibarən Azərbaycanda milli hərəkatın genişlənməsi, milli qürurun, milli-mənəvi dəyərlərin yenidən böyük əhəmiyyət kəsb etməsi, milli tariximizə ictimai marağın artması Azərbaycan tarix elminin və Azərbaycan tarixçilərinin qarşısına böyük məsuliyyət qoydu. Bir tərəfdən sovet hakimiyyəti dönəmindən marksist metodologiyasının ehkamlarına tabe etdirilmiş tarix elmini bu "buxovlardan" azad etmək, yəni elmi metodologiyanı dəyişmək lazım idi, digər tərəfdən, hələ XIX yüzilliyin başlanğıcından Rusiyanın tarix elminin, dəqiq desək, müstəmləkəçi-şovinist tarixçilərin təsiri və diktəsi altında yazılmış TARİXİMİZİ yenidən yazmaq zərurətə çevrilmişdi.
İdeologiya, məfkurə elə bir sistemdir ki, onu digəri ilə əvəz etmək, hətta vətənin və millətin xeyri naminə olsa belə, çətin qərardır. Musa peyğəmbərin yüzilliklər boyu kölə vəziyyətində yaşamış xalqını azadlığa çıxarması üçün onu 40 il Kənan ətrafında dolandırması lazım olduğu kimi, milli yöndə tədqiqatlar aparmağa hazır olan tarixçi üçün də ZAMAN gərək idi. Amma torpaqlarının bir hissəsi Ermənistanın işğalı altında olan, qonşuları tərəfindən təkcə torpaq iddiaları ilə deyil, TARİXİNƏ də iddialarla təkbətək qalan Azərbaycanın tarixçisi üçün bu zamandan yararlanmaq "imtiyazı" yox idi. Sovet dövrünün qadağalarına rəğmən milli ruha xəyanət etməyən, alim obyektivliyini qoruyub saxlayan tarixçilərimiz bütün bu "ağırlığı" öz üzərlərinə götürməyə hazır idilər. Belə tarixçilərdən biri və birincisi Yaqub Mahmudov oldu.
O, 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində Rəhimoğulları nəslində dünyaya gəlmişdir. Atası Mikayıl Mahmud oğlu 1918-1920-ci illərdə Şəki bölgəsində, o cümlədən Göynük mahalında azərbaycanlıları kütləvi surətdə qırmağa çalışan daşnaklara qarşı fəal mübarizə aparmış, başçılıq etdiyi xalq könüllüləri ilə birlikdə Nuru paşanın xilaskarlıq əməliyyatlarında yaxından iştirak etmiş, 1930-cu il Göynük üsyanının başçılarından biri olmuşdur. Yaqub Mahmudovun vətənpərvərlik ruhunun formalaşmasında, tədqiqatlarındakı hər cümləyə vətən sevgisinin keçməsində ailəsinin, doğulub boya-başa çatdığı mühitin, xüsusilə atası Mikayıl Mahmud oğlunun çox böyük rolu olmuşdur.
1956-cı ildə Balakən rayonunun Sarıbulaq orta məktəbini bitirən Y.Mahmudov 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. Dərs əlaçısı olduğu üçün əvvəlcə Stalin, sonra isə Lenin təqaüdlərinə layiq görülür. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini əla qiymətlərlə bitirir və Tarix fakültəsi Elmi Şurasının xüsusi qərarı ilə orta əsrlər tarixi ixtisası üzrə aspiranturada saxlanılır. Həmin vaxtdan da görkəmli ortaəsrşünas alim, professor Ə.M.Şahmalıyevin rəhbərliyi ilə orta əsr Azərbaycan dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri problemi ətrafında elmi axtarışlara başlayır. 1966-cı ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edir; dissertasiyada o vaxtadək tədqiqatçılara məlum olmayan bir çox yeni mənbələr əsasında XV əsrdə Azərbaycanın Qərbi Avropa dövlətləri ilə geniş ticarət və diplomatik əlaqələr saxladığı ilk dəfə olaraq aşkara çıxarılır, o cümlədən Azərbaycanın böyük dövlət xadimi, görkəmli sərkərdə Uzun Həsənin, məşhur diplomat Sara Xatunun həyat və fəaliyyəti tədqiq edilir. Həm vətən, həm də ümumdünya tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ilə siyasi-diplomatik və iqtisadi-ticarət əlaqələrini kompleks tədqiq edən tarixçi ümumilikdə Şərq-Qərb münasibətlərini araşdırır. Avropa mənbələrinin materialları əsasında Yaqub Mahmudov Böyük Coğrafi kəşflər ərəfəsində və dövründə beynəlxalq münasibətlərdə təkcə Avropa ölkələrinin və Osmanlı imperiyasının deyil, Azərbaycanın da aparıcı qüvvə olduğunu, hətta bir çox hallarda müəyyənedici rol oynadığını üzə çıxarmış, Azərbaycanın bu dövrdə periferiya deyil, dünyanın diplomatik və iqtisadi mərkəzi olduğunu sübut edə bilmişdir. Bu, sovet elmində marksist metodologiyanın hökmran olduğu bir vaxtda təkcə tarixçi deyil, həm də vətəndaş kimi çox cəsarətli addım idi.
Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinə verdiyi böyük töhfə milli ruhda yazılmış və milli dövlətçiliyimizə xidmət edən araşdırmalarla bitmir; bu tarixin öyrənilməsini koordinasiya etmək onun xidmətlərinin başında gəlir. Tarixin xalq və dövlət qarşısında ən mühüm vəzifələrindən biri də dövrün - zamanın çağırışına cavab verməsidir. Yaqub Mahmudov isə bu çağırışlara cavabların müəllifi və təşkilatçısıdır.
Əslində Yaqub Mahmudovun Azərbaycan tarix elminə koordinatorluğu - ona milli təəssübkeşlik nöqteyi-nəzərindən yanaşması, dövlətçilik tariximizi araşdırmaq üçün müvafiq qurumları və alimləri səfərbər etməsi də onun məktəbinin formalaşdığı dövrlə üst-üstə düşür və 1960-cı illərin ortalarından - Azərbaycan Sovet Ensiklopediyasında fəaliyyətə başladığı dövrdən götürülməlidir. 1966-cı ildə Azərbaycanın xalq şairi Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Sovet Ensiklopediyasında Tarix redaksiyasının elmi redaktoru kimi fəaliyyətə başlayan Yaqub Mahmudov 1971-ci il martın 24-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK Bürosunun qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasına baş redaktorun müavini göndərilir və 1975-ci ilədək burada böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, nəhayət elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışır. Bu dönəmdə Yaqub Mahmudov Azərbaycan tarixinin bir çox taleyüklü məsələlərinin saxtalaşdırılmasına qarşı çətin mübarizə yolunu seçir.
Bəhs olunan dövrdə Yaqub Mahmudov
Ensiklopediyada işləməklə yanaşı, elmi-pedaqoji fəaliyyətini
də davam etdirir. 1968-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun (indiki ADPU) Ümumi tarix kafedrasına
baş müəllim dəvət olunur. Burada orta əsrlər tarixini tədris
edir, dosent elmi adına layiq
görülür. Yaqub Mahmudov 1981-ci ildə professor M.Orucovun dəfələrlə
təkid göstərməsini nəzərə alaraq,
yenidən doğma universitetə qayıdır. O, Bakı
Dövlət Universitetində yenicə açılmış
Qədim dünya və orta əsrlər tarixi kafedrasında fəaliyyətə
başlayır, bir müddət Qədim dünya və orta əsrlər
tarixi kafedrasının müdiri vəzifəsini icra edir. 1985-ci ildə Yaqub Mahmudov Tarix fakültəsində əyani,
qiyabi və axşam şöbələri üzrə dekan
müavini təyin edilir. 1986-cı ildə
isə dekan seçilir, 1990-cı ilədək bu vəzifədə
fəaliyyətini davam etdirir. O, bu dövrdə "Səyyahlar,
kəşflər, Azərbaycan" (1985), "Azərbaycanın
Avropa ölkələri ilə əlaqələri" (1986),
ali məktəblərin tarix fakültələrinin tələbələri
üçün "Orta əsrlər tarixi" (1990)
kitablarını nəşr etdirir, ali və orta məktəblər
üçün "Orta əsrlər tarixi" dərsliyini
(1988) Azərbaycan dilinə tərcümə edir. 1989-cu ildə
Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Elmi
Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin
Qərbi Avropa ölkələri ilə
qarşılıqlı əlaqələri (XV əsrin II
yarısı - XVII əsrin əvvəlləri)"
mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Moskva
Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutu və Leninqrad (indiki
Sankt-Peterburq) Universiteti
alimlərinin yüksək qiymətləndirdiyi bu əsərə
görə Yaqub Mahmudova tarix elmləri doktoru alimlik elmi dərəcəsi
verilir. Azərbaycan aliminin bu tədqiqatı,
eyni zamanda, Moskva Dövlət Universiteti Orta əsrlər tarixi
kafedrasının qərarı ilə çapa layiq
görülür.
Bakı
Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik
etdiyi 1986-1990-cı illərdə Yaqub Mahmudov elmi
yaradıcılıqla yanaşı, səriştəli elm və
tədris təşkilatçısı kimi tarixçi
kadrların hazırlanmasının keyfiyyətcə yüksəldilməsi,
tarix elminin tədrisinin yenidən qurulması, tədris
planlarının təkmilləşdirilməsi
üçün genişmiqyaslı fəaliyyət göstərir
və respublikanın kütləvi informasiya vasitələrində
konkret təkliflərlə çıxış edir. Həmin
dövrdə onun təşəbbüsü
və səyi ilə universitetin Tarix fakültəsində
"tarixçi-şərqşünas", "beynəlxalq
münasibətlər tarixi", "sosiologiya",
"psixologiya", "etnopsixologiya",
"etnososiologiya" və başqa yeni ixtisaslar
açılır, tələbə qəbulu
artırılır. Azərbaycanın Maddi Mədəniyyət
Tarixi, Tarixi Tədqiqatlarda Riyazi Üsullar, Tarixi Demoqrafiya kimi
yeni laboratoriyalar açılır, tələbə arxeoloji
ekspedisiyaları yaradılır, rayonlarda arxeoloji
qazıntı işlərinə başlanır, "Azərbaycan tarixi" fənninin
saatları artırılır, Tarix fakültəsində
xarici dillərin tədrisinə diqqət yetirilir, türk, ərəb, fars
qrupları yaradılır, qədim türk dillərinin,
folklorunun tədrisinə başlanılır. 1989-cu ilin
payızında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 70 illiyi
Moskva, Leninqrad, Kiyev, Minsk, Daşkənd, Alma-Ata, Aşqabad,
Tbilisi və başqa universitetlərin
tarixçi alimlərinin iştirakı ilə İttifaq səviyyəsində
qeyd olunur. Tarix fakültəsinin beynəlxalq əlaqələri
daha da genişlənir. Tarix fakültəsinin
Elmi Şurası bu dövrdə fakültə dekanı Yaqub
Mahmudovun sədrliyi ilə universitetin tarixi adının
(Bakı Dövlət Universiteti) bərpa olunması barədə
o dövr üçün çox cəsarətli qərar
çıxarır və bu barədə rektorluq
qarşısında məsələ qaldırır. Nəticədə
ədalət bərqərar olunaraq S.M.Kirov adına
Azərbaycan Dövlət Universiteti, 1919-cu ildə olduğu
kimi, yenidən Bakı Dövlət Universiteti
adlandırılır. Bundan başqa, alim tez-tez cəbhə
bölgələrinə - Xocalı, Şuşa, Ağdam,
Laçın, Kərkicahan, Xankəndi, Meşəli, Cəmilli,
Köhnə kənd, Qubadlı, Horadiz, Böyük Bəhmənli,
Bala Bəhmənli, Füzuli və başqa döyüş məntəqələrinə
gedir, gəncləri qəhrəmanlığa
ruhlandırır. O, eyni zamanda, tez-tez mətbuat səhifələrində
real vəziyyəti əks etdirən yazılarla
çıxış edir, vətənin müdafiəsi
üçün konkret təkliflər irəli sürür.
1990-cı ilin sonunda hakimiyyətdə olan rejimin təzyiqi
ilə Yaqub Mahmudov Tarix fakültəsinin dekanı vəzifəsindən
istefa verməyə məcbur olur. Başladığı
işlər yarımçıq qalır. Tarix
fakültəsində həyata keçirmiş olduğu
islahatların nəticələri də aradan qaldırılır.
Bütün bunlara baxmayaraq, zəhmətkeş
alim keçirdiyi ağır mənəvi sarsıntı və
təqiblər şəraitində öz elmi-pedaqoji fəaliyyətini
davam etdirir. 1991-1992-ci illərdə Yaqub
Mahmudov müstəqil Azərbaycan Respublikasının yeni təhsil
sisteminin yaradılması işində fəal iştirak edir.
Onun başçılığı və
bilavasitə əməyi ilə qabaqcıl dünya
standartlarına uyğun olan yeni təhsil sisteminin əsasları
hazırlanır. Yaqub Mahmudovun təqdimatı
ilə Milli Məclis olduqca gərgin keçən müzakirələrdən
sonra, 1992-ci ilin dekabrında "Azərbaycan
Respublikasının Təhsil Qanunu"nu qəbul edir. Bununla müstəqil Azərbaycanın yeni təhsil
sisteminin əsası qoyulur. Ali məktəblərdə
təhsilin bakalavr və magistratura mərhələləri fəaliyyətə
başlayır. Həmin dövrdə o, bir
müddət Azərbaycan Respublikası Ali Attestasiya
Komissiyası sədrinin müavini işləyir. Lakin alimə qarşı təzyiqlər davam
etdirilir və o, bu vəzifədən də
uzaqlaşdırılır.
Bütün
bu ağır təqiblər şəraitində də Yaqub
Mahmudov özünün cəsarətli
çıxışları, o cümlədən publisistik
yazıları ilə Azərbaycanı milli fəlakət həddinə
çatdıran qüvvələrə qarşı səsini
qaldırır, Heydər
Əliyevin yaratdığı Yeni Azərbaycan
Partiyasının (YAP) sıralarına daxil olur, ölkə
daxilindəki irticanın və xarici düşmənlərin
Azərbaycanı bir dövlət kimi parçalayıb yox etmək
planlarına qarşı qətiyyətlə
çıxış edir, ziyalı borcunu yerinə yetirərək
Vətəndaş müharibəsinin başlanmaqda olduğu və
ilk qanlar axıdıldığı Navahı kəndinə
gedir, qarşı duran qüvvələri
barışığa çağırır, nicat yolunu təcrübəli
siyasətçi Heydər Əliyevin hakimiyyətə
qaytarılmasında görür. O, vətəndaş
qarşıdurması və
qardaş qanı axıdılmasına qarşı müstəqil
ziyalı mövqeyindən çıxış edir, həyatını
təhlükə qarşısında qoyaraq ən qorxulu
silahlı qarşıdurma yerlərinə
gedib öz ziyalılıq borcunu yerinə yetirir, prezidentliyə
namizəd Heydər Əliyevin Elmlər Akademiyasında
respublika ziyalıları ilə görüşündə
xalq təhsili sistemi işçiləri adından
çıxış edir.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda
hakimiyyətə qayıtması ilə 1990-cı ildə dekan
vəzifəsindən uzaqlaşdırılmış Yaqub
Mahmudov bu vəzifəyə bərpa olunur. Məhz Heydər
Əliyev Yaqub Mahmudovun 1994-cü ilin əvvəlində BDU
Tarix fakültəsinin dekanı vəzifəsinə
qayıtmasına imkan yaradır. Yaqub
Mahmudov ikinci dəfə BDU-nun Tarix fakültəsinə dekan təyin
olunur və alim əsas diqqəti yenə Tarix fakültəsinin
dirçəldilməsinə, kadr
hazırlığının keyfiyyətcə yüksəldilməsinə,
tədris planlarının təkmilləşdirilməsinə
yönəldir. Yeni fənlər - "Azərbaycan
toponimikası", "Tarixi demoqrafiya",
"Altayşünaslığın əsasları",
"Beynəlxalq münasibətlər tarixi", "Türk
xalqları tarixi" tədris planına daxil edilir. Tarix təhsilinin
bakalavr və magistr pillələri üçün 15 ixtisas üzrə yeni tədris
planları hazırlayır. Tələbə qəbulu yenidən
artırılır, o cümlədən
regionşünaslıq ("Qafqazşünaslıq",
"Amerikaşünaslıq") ixtisasları
açılır və müvafiq tədris planları
hazırlanır. Yaqub Mahmudov 2004-cü ilədək BDU Tarix fakültəsinin dekanı
vəzifəsində qalır, eyni zamanda, Qədim dünya və
orta əsrlər tarixi kafedrasına rəhbərliyi də
davam etdirir. Uzun illər ərzində Bakı Dövlət
Universitetində, həmçinin Azərbaycan Elmlər
Akademiyasında (sonralar Azərbaycan Milli Elmlər
Akademiyasında) ixtisaslaşdırılmış namizədlik
və doktorluq şuralarının elmi katibi, həmsədri və
sədri kimi fəaliyyət göstərən,
çoxsaylı namizədlik və doktorluq
dissertasiyalarının elmi rəhbəri, opponenti, rəyçisi
olan Yaqub Mahmudov Azərbaycanda yüksək ixtisaslı
tarixçi kadrların hazırlanmasına böyük əmək
sərf edir.
Yaqub
Mahmudov Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Yunanıstan,
İran, Koreya, Səudiyyə Ərəbistanı, İraq,
İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti,
Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya
və başqa ölkələrin müxtəlif şəhərlərində
keçirilən beynəlxalq simpoziumlarda, müxtəlif
xarakterli toplantılarda, görüşlərdə iştirak
və çıxışlar etmişdir. Yaqub
Mahmudov geniş ictimai fəaliyyətlə məşğul
olmaqda davam edir. O, Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvüdür. Azərbaycan
Respublikasının Milli Məclisinə II, III və IV
çağırış deputat seçilmişdir. Azərbaycan Respublikasının "Şöhrət"
və "Şərəf" ordenləri ilə təltif
olunmuşdur. Azərbacyan
Respublikasının Dövlət mükafatı
laureatıdır.
Respublika Prezidenti İlham Əliyev Yaqub Mahmudovun Azərbaycan
tarix elmi üçün xidmətlərini yüksək qiymətləndirərək
2004-cü ildə onu Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutunun direktoru vəzifəsinə təyin edir. Yaqub Mahmudovun Azərbaycan
tarixinin problemlərini bir alimin məktəbi çərçivəsində
deyil, respublika miqyasında sistemli hala gətirərək təşkilatlandırması,
heç şübhəsiz, onun AMEA Tarix İnstitutuna direktor təyin
edilməsindən sonra daha geniş şəkil alır.
Təcrübəli elm təşkilatçısı
olan Yaqub Mahmudov qısa müddət ərzində Azərbaycan
Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətində
də əsaslı dönüş yaratmışdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin
Azərbaycanın tarixi torpaqlarına ərazi
iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının
genişləndiyi şəraitdə institut rəhbərliyinə
gələn Yaqub Mahmudov Azərbaycan tarixçi alimlərinin
ermənilərin əsassız iddialarını ifşa etməsi
işinə səfərbər olunmasında bu institutun rolunu və
əhəmiyyətini yaxşı başa
düşürdü. Ona görə də
2004-cü ildən başlayaraq institutda yeni tədqiqat istiqamətlərinin
müəyyən edilməsi zamanın tələbinə
uyğunlaşdırılır. Azərbaycanda
tarix elminin inkişafı prosesinə yeni münasibət və
baxış formalaşmağa başlayır. Bu məqsədlə
ilk növbədə elmin inkişafının təşkilati
prinsipləri və yeni struktur formalarının
yaradılması üzrə işlər qısa müddət
sonra nəticələrini verir: Tarix İnstitutunda yeni mərkəzlər
və şöbələr yaradılır. "Azərbaycanlıların
deportasiyası və soyqırımı" mərkəzi və
onun da tərkibində iki şöbə təşkil olunur.
"Heydər Əliyev irsinin öyrənilməsi",
"İnformasiya və tərcümə" mərkəzləri
açılır. Həm elmi, həm
siyasi aktuallıq kəsb edən problemlərin
araşdırılması ön plana çəkilir və bu
sahədə fundamental əsərlərin nəşrinə
nail olunur. Onun təşəbbüsü ilə institutun
elmi-tədqiqat planları dəyişdirilərək
yenidən işlənmiş, əsas diqqət Azərbaycanın
ayrı-ayrı dövrlərdə itirilmiş ərazilərinin
tarixinin araşdırılmasına yönəldilmiş,
Qarabağ, Naxçıvan, İrəvan, Borçalı, Dərbənd,
Cənubi Azərbaycan, Azərbaycan
xalqına qarşı həyata keçirilən
deportasiyalar və soyqırımları tarixi, habelə Azərbaycan
tarixinin qəsdən saxtalaşdırılmış bir
çox problemləri əsas və təxirəsalınmaz tədqiqat
obyektlərinə çevrilmişdir. Alimin rəhbərliyi,
məqsədyönlü fəaliyyəti və bilavasitə
iştirakı ilə qısa müddət ərzində
işıq üzü görmüş onlarla fundamental
monoqrafiya Tarix İnstitutunu akademiyanın qabaqcıl
institutları sırasına çıxarmışdır.
Tarix İnstitutunun ölkə miqyasında
nüfuzu artmış, beynəlxalq əlaqələri
genişləndirilmişdir. Hazırda
institutda elmi-struktur islahatlarının yeni mərhələsi
başlanmışdır. Azərbaycan tarix elminin əldə
etdiyi nailiyyətlərdə AMEA Tarix İnstitutu
aparıcı yerdə durur və bu tədqiqat institutunun son
illərdə apardığı nəhəng elmi fəaliyyət, heç şübhəsiz, Yaqub
Mahmudovun milli təəssübkeşliyinin nəticəsi olmaq
etibarilə Azərbaycan tarix elminin əldə etdiyi ən
böyük uğurlardandır.
Yaqub
Mahmudov ciddi tarixi araşdırma üçün mənbələrin
önəmliyini nəzərə alaraq öz məktəbinin
nümayəndələrindən də, rəhbərlik etdiyi Tarix İnstitutunun alimlərindən
də öz əsərlərini mənbələrə, arxiv
sənədlərinə istinadən yazmağı tövsiyə
edir. Tarix İnstitutunun 2004-cü ildən bəri
başlamış olduğu ciddi araşdırmaların daha
bir istiqaməti də elə mənbələrin, arxiv
materiallarının, xüsusilə Azərbaycana əlçatmaz
olan, xarici ölkələrdə toplanmış
materialların aşkar edilib nəşr olunmasıdır. Bu məqsədlə
Yaqub Mahmudov tarixçilərin bir qrupunu Rusiya,
Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya,
Fransa, Hindistan kimi ölkələrə ezam edərək həmin
materialların Azərbaycana gətirilməsini təmin
etmiş, eyni zamanda onların nəşrinə
başlamışdır.
Bu gün Yaqub Mahmudovun rəhbərlik etdiyi AMEA Tarix
İnstitutunda dünya tarixinin ən əhəmiyyətli, elmi
həllini gözləyən problemləri
araşdırılır və elmi dövriyyəyə
buraxılır. Bu baxımdan Tarix İnstitutunda son illərdə
görülən işlər Yaqub Mahmudov məktəbinin fəaliyyətinin
tərkib hissəsi sayılır. Yeri gəlmişkən,
2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində
AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə
görə ən yaxşı müəssisə - "Best
Enterprises" diplomuna layiq görülmüşdür. 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsinin Dublin
sammitində Yaqub Mahmudov böyük elmi nailiyyətinə
görə "The Name in Science" ("Elmdə ad") fəxri
titulu almışdır. Bununla da Yaqub
Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə
görə medalla təltif edilərək XXI əsrin ən məşhur
elm adamlarının siyahısına daxil edilmişdir. 2013-cü
ildə Yaqub Mahmudov Oksfordda keçirilən "Elm və təhsil"
mövzusunda beynəlxalq elmi konfransda milli dəyərlərin
qorunması, yüksək rəşadət və
dürüstlük nümayiş etdirdiyinə görə
"Kraliça Viktoriya" diplomuna və medalına layiq
görülmüşdür.
Yaqub Mahmudovun rəhbərlik etdiyi Tarix İnstitutu hər
zaman tariximizə, onun tədqiqinə böyük qayğı
ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırıq və tövsiyələri
üzrə işləyir. Prezidentin elmimizin
inkişafı, dünyaya tanıdılması
üçün görmüş olduğu böyük
işlər Tarix İnstitutunun kollektivi tərəfindən hər
zaman böyük minnətdarlıqla qarşılanır.
Prezident İlham Əliyev də bütün
müvafiq çıxışlarında, o cümlədən
AMEA-nın illik hesabatlarına və fəaliyyətinə həsr
olunmuş tədbirlərdə Tarix İnstitutuna böyük
diqqət ayırır. Cənab İlham Əliyev "Azərbaycan
Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə
tarix üzrə araşdırmaların mərkəzidir"
deyərək Tarix İnstitutuna çox yüksək qiymət
vermişdir.
Aparılan
böyük əməyin nəticəsidir ki, bu gün AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan
tarix elminin başlıca qurumuna, milli ideologiyanın
formalaşdığı mərkəzlərdən birinə
çevrilmişdir. Bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan tarixi və
dövlətçiliyi üçün böyük siyasi
prinsipiallıq və elmi aktuallıq kəsb edən istiqamətlərdə
araşdırmalar aparılır. Bu istiqamətlərdən
bir neçəsinin üzərində xüsusi dayanmağa dəyər.
"İtirilmiş torpaqların tarixi"
konsepsiyası müasir Azərbaycan
tarixşünaslığında elmi və siyasi baxımdan,
demək olar ki, eyni dərəcədə aktuallıq kəsb
edən istiqamətlərdən biridir. Bu problemin elmi tərəfi
Azərbaycanın tarixi ərazisi, sərhədləri, vilayətləri,
siyasi və iqtisadi əlaqələrinin kompleks
araşdırılması ilə bağlıdırsa, siyasi tərəfi
- müasir dünyada sürətlə gedən inteqrasiya və
qloballaşma prosesləri ilə paralel, millətlərin
öz müqəddəratını təyinetmə hüququ
və dövlətlərin ərazi bütövlüyünə
hörmət prinsiplərinə riayət edilməsi şəraitində
Azərbaycan xalqının öz tarixi torpaqlarına və
tarixinə sahib çıxma zərurəti ilə əlaqəlidir.
Müasir Azərbaycan tarixşünaslığında
"İtirilmiş torpaqların tarixi" probleminin elmi
dövriyyəyə cəlb edilməsi və bu problemin
araşdırılması istiqamətində eyniadlı
konsepsiyanın yaranması bilavasitə Yaqub Mahmudovun adı ilə
bağlıdır. Görkəmli tarixçinin çoxillik elmi fəaliyyəti,
həmçinin məktəbinin nümayəndələri
içərisində bu problemlə məşğul olan
tarixçilər qrupunun təşkil edilməsi
"İtirilmiş torpaqların tarixi"
konsepsiyasının formalaşmasına, bu konsepsiya ətrafında
və çərçivəsində elmi
araşdırmaların yaranması müasir Azərbaycan tarix
elminin böyük uğuru sayılmalıdır. Keçən
qısa müddət ərzində Naxçıvanın,
Qarabağın, Göyçə və Zəngəzurun,
İrəvanın, Şimal-Qərbi Azərbaycanın,
Borçalının tarixi ciddi şəkildə
araşdırılmağa başlamış, fundamental tədqiqat
əsərləri yazılmışdır. "Qarabağ:
real tarix, faktlar, sənədlər", "Naxçıvan:
tarixi və abidələri", "İrəvan
xanlığı" adlı əsərlər Yaqub Mahmudovun
və onun davamçılarının əzəli Azərbaycan
torpaqlarının
tarixinin obyektiv, həm də mötəbər mənbələr
əsasında çoxillik araşdırmalarının nəticəsidir.
Göstərilən tədqiqatlar həm də
alimin Azərbaycan tarixinin dünya elmi ictimaiyyətinə
olduğu kimi çatdırılması yolunda böyük bir
uğurudur. Bu araşdırmaların daha
bir özəlliyi - torpaqlarının bir hissəsinin
işğal altında olduğu Azərbaycan üçün
onların təkcə elmi deyil, həm də siyasi əhəmiyyət
kəsb etməsi ilə bağlıdır.
Qarabağın,
Naxçıvanın, İrəvanın əzəli Azərbaycan
torpaqları olduğunu əvvəlki tədqiqatlarında da dəfələrlə
tutarlı dəlillərlə sübuta yetirən Yaqub Mahmudov
layihə rəhbəri, elmi redaktoru və həmmüəllifi
olduğu "Qarabağ: real tarix, faktlar, sənədlər",
"Naxçıvan: tarixi və abidələri",
"İrəvan xanlığı" adlı fundamental əsərlərdə
özgə torpaqlarına yiyələnmək siyasəti
aparan, Cənubi Qafqazı terror və soyqırımları təhlükəsi
altında saxlayan, "böyük Ermənistan"
xülyası ilə yaşayan erməni şovinistlərinin,
o cümlədən tarixçilərinin saxta nəzəriyyələrinə
və uydurma elmlərinə böyük zərbə
vurmağı bacarmışdır. Hər
üç əsər saxta erməni
tarixşünaslığını yendirməyi
bacarmış müasir Azərbaycan tarix elminin qələbəsidir.
Bu qələbənin bariz sübutudur ki, Azərbaycan tarixi və
Azərbaycan tarix elmi üçün böyük elmi və
siyasi əhəmiyyəti nəzərə alınaraq, hər
üç kitab - "Qarabağ: real tarix, faktlar, sənədlər",
"Naxçıvan: tarixi və abidələri" və
"İrəvan xanlığı" Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci il üçün Azərbaycan
Respublikasının Dövlət mükafatına layiq
görülmüşdür. Adıçəkilən
tədqiqatlar, heç şübhəsiz, Azərbaycanın
şanlı tarixinin dünya elminə qərəzsiz, obyektiv
çatdırılmasına, həm də azərbaycançılığa
xidmət edir.
Danılmaz
bir faktdır ki, zamanın və bu zamanın yetişdirdiyi
tarixi şəxsiyyətlərin xidmətlərini
tarixçidən yaxşı heç kim
öyrənə bilməz! Bu gün biz
böyük tarixi tarixçilərin sayəsində bilirik;
tarixçilərin xidmətidir ki, minilliklər boyunca zamanlar
arasında əlaqə itməmişdir. XX
yüzilliyin sonunda tarixi torpaqlarının bir hissəsində
öz müstəqilliyini bərpa etmiş Azərbaycan
xalqı zəngin tarixə, qədim dövlətçilik ənənələrinə
və böyük mədəni irsə malikdir. Bu irsin layiqincə - milli ənənələrə
sadiq qalmaq şərtilə dünya mədəniyyətinin və
tarixinin tərkib hissəsi olaraq öyrənilməsi və nəsillərə
ötürülməsi tarixçi üçün
böyük məsuliyyət və fəxarətdir. Bu məsuliyyəti dərk edib böyük fəxarəti
yaşamaq isə hər tarixçiyə nəsib olmur. Yaqub Mahmudov əsl tarixçi kimi adı
böyük hərflərlə yazılacaq AZƏRBAYCANLI
HEYDƏR ƏLİYEV haqqında ilk tədqiqatların da
müəllifidir.
"Heydər
Əliyev ideyalarının zəfər
yürüşü" adlı əsərində Yaqub
Mahmudov müasir Azərbaycanın böyük şəxsiyyəti
olan Heydər Əliyevin fədakar ömür yolunu, tarixi xidmətlərini,
irsinin müasir Azərbaycan üçün əvəzedilməz
rolunu tədqiq etmişdir; XX yüzillikdəki siyasi keşməkeşlər
və bu ağır problemlərin yükü ilə
qarşılaşmış Azərbaycan xalqının xilas
yolunun Heydər Əlirza oğlu Əliyev olduğunu göstərmişdir.
Azərbaycan intibahının müasir mərhələsini
Heydər Əliyevlə bağlayan tarixçi bu dahi şəxsiyyəti
Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirləl Nehru,
Şarl de Qolla müqayisə edərək onu
"Bütün Zamanların Böyük Azərbaycanlısı"
və "Böyük Azərbaycançı"
adlandırır, Heydər Əliyev şəxsiyyətinə
obyektiv tarixçi qiyməti verir. Bu səbəbdən
adıçəkilən əsər Heydər Əliyev irsinin
gələcək nəsillərə hərtərəfli,
istisnasız çatdırılması üçün də
gərəkli vasitədir.
Yaqub
Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər
yürüşü" adlı fundamental monoqrafiyası
müasir dövlətçiliyimizin, müasir milli dirçəlişimizin
əsaslarını yaratmış, öz fəaliyyəti ilə
onilliklər deyil, yüzilliklər üçün
böyük irs qoymuş - Azərbaycan xalqının
böyük tarixi şəxsiyyəti, ulu öndər Heydər
Əliyevin dahi siyasətinə və Azərbaycanın yeni
intibah dövrü tarixinə həsr olunmuşdur. "Heydər
Əliyev ideyalarının zəfər
yürüşü" adlı monoqrafiyasında Heydər
Əliyev şəxsiyyətini və Heydər Əliyev irsini
Azərbaycanın qədim dövrdən başlayaraq XXI
yüzilliyə qədər gəlib çıxan
böyük, şanlı, zəngin dövlətçilik
tarixi fonunda araşdıran Yaqub Mahmudov kitabında, əslində,
Azərbaycan tarixinin yeni konsepsiyasını təqdim
etmişdir. Bu konsepsiya Azərbaycan
xalqının unikallığı və təkrarsızlığı,
geniş tarixi ərazidə yayılmaqla zəngin maddi və mənəvi
mədəniyyətə, milli məfkurəyə və tarixi
yaddaşa sahib olduğu faktına söykənir. Yaqub
Mahmudovun Heydər Əliyev irsi ilə bağlı
yazdığı bütün əsərləri, o cümlədən Azərbaycan,
rus və Ukrayna dillərində nəşr olunmuş "Heydər
Əliyev ideyalarının zəfər
yürüşü" adlı kitabı Heydər Əliyev
kursunun alternativsizliyini, Azərbaycan dövlətçiliyinin
qorunması və əbədi yaşaması üçün
yeganə təminat olduğunu bir daha təsdiqləyir və
eyni zamanda tarixşünaslığımız
üçün də böyük elmi əhəmiyyət kəsb
edir.
Bu gün qloballaşan dünyada inteqrasiya prosesləri sürətlə getsə də, elmdə mərkəzçilik yenə də saxlanmaqdadır: tarix elmi, müəyyən mənada, hələ də Avropanın elmi məktəb və cərəyanlarının təsiri altında qalmaqdadır və Şərq tarixçilərinin əsərlərinin dünya elmi ictimaiyyətinə çatdırılması, ən əsası isə, bu ictimaiyyət tərəfindən qəbul edilməsi çox çətindir. Hələ bu əsərlər milli ruhda yazılıbsa, onların Qərbin skeptik alimləri tərəfindən necə qarşılandığı hamıya məlumdur. Müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycanın tarixçi aliminin isə başlıca missiyası - Azərbaycan tarixinin real həqiqətlərini dünya elminə çatdırmaq, Azərbaycan xalqının Qafqazın aborigen əhalisi olduğunu sübut etmək, tarixi Azərbaycan torpaqlarının coğrafiyasını elmi dəlillərlə əsaslandırmaq, Azərbaycan dövlətlərinin beynəlxalq münasibətlərdə aparıcı rollardan birini oynadığını mənbələrin danılmaz faktları ilə təsdiqləmək, Azərbaycanın dünyanın periferiyası deyil, sivilizasiya mərkəzlərindən biri olduğunu göstərməkdir. Fəaliyyəti ümumbəşəri dəyərlərin təbliğinə, milli ideologiyaya, milli ruha xidmət edən Yaqub Mahmudovun elmi araşdırmaları və elmi məktəbi bu gün təkcə keçmiş SSRİ məkanında, İranda, Türkiyədə deyil, Avropa ölkələrində, ABŞ-da, Cənubi Koreyada da tanınmışdır. Tədqiqatlarının bir çoxu həm də rus dilində nəşr olunmuş Yaqub Mahmudovun fundamental əsərinin - "Azərbaycan və Avropa" adlı monoqrafiyasının 2010-cu ildə Londonda və Nyu-Yorkda ingilis dilində böyük tirajla nəşr olunması Azərbaycanın tarix elmi üçün böyük hadisə sayıla bilər. Bu fundamental əsər ilk növbədə Qərb şərqşünaslarının və mediyevistlərinin marağına səbəb olmuşdur: çünki bu əsərdə avropalıların Şərq tarixçilərinin əsərlərində adət etdikləri və bu səbəbdən də ciddi qəbul olunmayan təəssübkeş şərqli fikirlərinə bənzər məqamlar və ya müsəlman monarxiyalarının fəthlərinin tərifi yoxdur. Eyni zamanda, həmin tədqiqatda avropamərkəzçiliklə barışan liberal fikirlərə də rast gəlinmir. Yaqub Mahmudovun əsəri sırf elmi tədqiqatdır və bu səbəbdən də istər elmi ictimaiyyət, istərsə də geniş ingilisdilli oxucu auditoriyası tərəfindən dərhal qəbul edilmişdir. Yaqub Mahmudovun "Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü" adlı əsərinin ingilis dilinə tərcüməsi də Londonda nəşr edilmişdir. Kitabda Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əlaqələrini doğuran tarixi şərait, Qərb ölkələri ilə diplomatik əlaqələrimiz, Avropanın Şərq siyasətinin mahiyyəti araşdırılmışdır. Əsərin ən önəmli tərəfi - müəllifin Azərbaycanın XV əsrin beynəlxalq münasibətlərində aparıcı rol oynamasını üzə çıxarmasıdır. Kitabda, həmçinin, tarixşünaslıqda ilk dəfə Y.Mahmudov tərəfindən Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı qəsbkarlıq planları, onların xarici siyasətlərinin müstəmləkəçilik mahiyyəti, Şərqə zorla nüfuzetmə cəhdləri XV əsrin beynəlxalq münasibətlərinin səciyyəvi cəhətləri kimi göstərilir.
Azərbaycan tarix elminin dünyada tanınması üçün Yaqub Mahmudovun xidmətləri, şübhəsiz, böyükdür. Alimin xaricdə - Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Afina, Bern, Cenevrə, Brüssel, Stokholm, Budapeşt, Venesiya, Roma, Moskva, Sankt-Peterburq, Kiyev, Kayseri, Tehran, Təbriz, Seul, Hoseo, Pusan, Manila və b. şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda və toplantılarda onlarla məruzəsi dinlənilmiş, əsərləri rus, Ukrayna, türk, ingilis, macar, Koreya dillərində çap edilmişdir.
Bu
gün Azərbaycan tarixçisinin əsərləri Yaqub
Mahmudovun müxtəlif xarici dillərdə nəşr edilən
kitablarının timsalında dünyada tanınır və
Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini layiqincə
təmsil edir.
Teymur BÜNYADOV,
akademik,
Tamilla MUSAYEVA,
tarix elmləri doktoru, professor, əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı
Sani HACIYEV,
tarix elmləri doktoru, professor
Azərbaycan.-2014.- 6 fevral.- S.7.