Bakıda «Bələdiyyə fəaliyyətində şəffaflıq və hesabatlılıq» mövzusunda seminar keçirilmişdir

 

Fevralın 5-də Bakıda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyaları ilə birgə "Bələdiyyə fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda seminar keçirmişdir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakı şəhərinin və ətraf rayonların bələdiyyələrinin sədrləri və işçiləri iştirak etmişlər.

Seminarda Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək ölkəmizdə yerli özünüidarəetmə orqanlarının işinin təşkili ilə bağlı həyata keçirilən tədbirlərdən, respublikamızın sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin iştirakından, bu işə dövlətin dəstəyindən, müvafiq Dövlət Proqramından, o cümlədən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda və "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı"nda nəzərdə tutulan tapşırıqların icrasından, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasından, eyni zamanda, yerli özünüidarə sahəsində mövcud problemlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.

Mehdi Səlimzadə demişdir ki, bələdiyyələr fəaliyyətlərində şəffaflığı təmin etməli, mütəmadi olaraq öz seçiciləri qarşısında fəaliyyətləri ilə bağlı hesabat verməlidirlər.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin son çıxış və görüşlərində bütün idarəetmə orqanları rəhbərlərinin fəaliyyətlərində şəffaflığın təmin olunması, qanunsuz hərəkətlərə qarşı mübarizənin gücləndirilməsi, məmurların etik davranış qaydalarına ciddi riayət etmələri mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu vəzifələr bütün dövlət və hökumət strukturları kimi, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifəli şəxslərini və üzvlərini də öz işlərinə daha da məsuliyyətlə yanaşmağa, vətəndaşlarla münasibətdə daha diqqətli olmağa sövq edir.

 Tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin  sədri Arif Rəhimzadə bildirmişdir ki, bugünkü seminar bələdiyyələrin işinə  müsbət təsir göstərəcəkdir. Azərbaycanda həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işlərindən danışan Arif Rəhimzadə  bu işdə bələdiyyələrin əvəzolunmaz rolunu qeyd etmişdir.

Bildirmişdir ki, bələdiyyələr insanlarla daim təmasda olmalı, öz işləri haqqında onlara məlumat verməlidirlər. Bunun üçün bələdiyyələrə müəyyən səlahiyyətlər verilmişdir. Bələdiyyələr öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və  yerli əhalini ölkədə gedən  proseslərə cəlb etməlidirlər.

 Seminarın çox aktual mövzunun müzakirəsinə həsr olunduğunu deyən Milli Məclisin deputatı Tahir Rzayev bildirmişdir ki, şəffaflıq və hesabatlılıq ilk növbədə bələdiyyələrin özləri üçün çox vacibdir. O, eyni zamanda, diqqətə çatdırmışdır ki, bələdiyyələr gördükləri işləri təbliğ etməyi də bacarmalıdırlar. Çünki bu, aşkarlığın və şəffaflığın təmin edilməsinin mühüm bir formasıdır.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev və digər çıxış edənlər də dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərməsini yüksək qiymətləndirmişlər.

Tədbirdə bu cür seminarların həm maarifləndirilmə, həm də hüquqi baxımdan əhəmiyyətli olduğu, ümumi işin daha da keyfiyyətlə həyata keçirilməsinə təkan verəcəyi bildirilmişdir.

Seminarda bələdiyyə mülkiyyətinin idarə olunmasında və büdcə məsələləri ilə bağlı maliyyə vəsaitlərinin səmərəli, qərarlaşmış istiqamətlərə uyğun xərclənməsində yol verilmiş nöqsanların aradan qaldırılmasının vacibliyi vurğulanmışdır. Bütün bunların  bələdiyyələrin üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə və əhali qarşısında nüfuzunun artmasına imkan verəcəyi bildirilmişdir.

Tədbirdə, həmçinin Bələdiyyələrlə İş Mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə dəstəyi ilə ölkə üzrə "Bələdiyyələrdə mühasibat uçotunun təşkili" mövzusunda təşkil olunan təlimlərin yekununa həsr edilmiş hesabatın təqdimatı keçirilmişdir.

Seminarda, eyni zamanda, "Bələdiyyələrin fəaliyyətində şəffaflıq", "Şəffaf büdcə proqramı: yerli vergi ödəyicilərinin uçotununyerli vergilərin hesablanmasının elektronlaşdırılması" mövzularında məruzələr dinlənilmişdir.

Sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

AzərTAc

Azərbaycan.-2014.- 6 fevral.- S.8.