Vergi ödəmək hər kəsin vətəndaşlıq və konstitusiya borcudur

 

Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik təsisatların yaradılması işində həm də dünyanın  inkişaf etmiş dövlətlərinin təcrübəsinə istinad etməsi demokratik prosesləri, hüquqi, iqtisadi və digər sahələrdəki islahatları sürətləndirmiş və nəticədə ölkəmiz qısa müddətdə uğurlu inkişaf yolu keçmişdir. Bu gün isə Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının dinamik inkişafı təmin olunmuş, Azərbaycan inkişaf sürətinə görə dünyada öncüllər sırasına çıxmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 72-ci maddəsinə əsasən isə, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək heç kəsi məsuliyyətdən azad etmir. 73-cü maddəyə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadanqanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.

Vergi xidməti ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Maliyyə Nazirliyinin tərkibində yaradılmışdır. Sonradan, 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan - Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanına əsasən isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılmışdır.

Bu gün ölkəmizdə iqtisadi sahədəki bütün uğurlu işlərdə və dinamik inkişafda layiqli payı olan Vergilər Nazirliyi tərəfindən səlahiyyətlərinə aid edilən cinayət və digər hüquqpozma hallarına, xüsusilə də vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və iqtisadi fəaliyyət sahəsində olan digər cinayətlərə qarşı məqsədyönlü, ardıcıl və səmərəli mübarizə aparılır. Bunun üçün ölkəmizdə təkmil qanunvericilikinformasiya texnologiyaları bazası olan  qurumlar yaradılmışdır.

Azərbaycanın  iqtisadisosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır. Bu xidmət orqanları tərəfindən fizikihüquqi şəxslərə vergi xidməti, onların qeydiyyata alınması, vergi qanunvericiliyinin tətbiqi və icrası ilə bağlı uğurlu tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli qanunu ilə vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edən Vergi Məcəlləsi qəbul edilmişdir. Həmin məcəlləyə əsasən, ölkəmizdə ödənilməsi məcburi olan dövlət vergiləri və yerli vergilər (bələdiyyə vergiləri) sistemi müəyyən olunmuşdur. Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa), əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergilər daxildir. Naxçıvan Muxtar Respublikası vergilərinə də Vergi Məcəlləsinin 6.1-cı maddəsində sadalanan bu dövlət vergiləri aiddir. Fiziki şəxslərin torpaq və əmlak, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən, eləcə də bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergiləri isə yerli vergilərdir. Ölkəmizin vergi qanunvericiliyi Konstitusiyadan, Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Bu qanunvericilik aktları sisteminə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi də daxildir və həmin məcəllənin 213.1-ci maddəsi ilə xeyli miqdarda, 213.2-ci maddəsi üzrə isə  mütəşəkkil dəstə tərəfindən törədilən və külli miqdarda vergiləri və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu maddənin qeydinə əsasən, "xeyli miqdar" dedikdə 2 min manatdan 50 min manatadək, "külli miqdar" dedikdə isə 50 min manatdan yuxarı olan məbləğ başa düşülür.

"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Prezidentin 25 avqust 2000-ci il tarixli fərmanına əsasən,  Cinayət Məcəlləsinin bir sıra maddələri ilə yanaşı, 213-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Vergilər Nazirliyi tərəfindən aparılır. 14 iyul 2000-ci il tarixli qanunla qəbul edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə Vergilər Nazirliyinə həm də ibtidai araşdırma funksiyası verilmişdir. Onu da qeyd edək ki, istintaq, təhqiqat, əməliyyat-axtarış və bir sıra digər funksiyaları həyata keçirmək üçün 12 sentyabr 2000-ci ildə Vergilər Nazirliyinin Hüquq-Mühafizə Orqanları ilə Əlaqələndirmə Baş İdarəsinin bazasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi yaradılmış və 11 iyun 2001-ci il tarixdə bu qurum Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çevrilmişdir.

Ölkəmizdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsidir ki, dövlət büdcəsinə vergis. daxilolmalar 2012-ci ildə 6.025.366,5 manat olmuşsa, 2013-cü ildə həmin göstərici  6.663.633,4 manat təşkil etmişdir. Daxilolmaların əsas hissəsi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqifiziki şəxslərin payına düşür. Bu o deməkdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əksər hüquqifiziki şəxslər vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməklə bağlı konstitusiya və vətəndaşlıq borclarını vicdanla yerinə yetirirlər.

Dünyanın əksər dövlətlərində, həmçinin ölkəmizdə iqtisadi sahədə cinayətkarlığa, o cümlədən vergiləri ödəməkdən yayınma cinayətlərinə qarşı ciddi mübarizə aparılır. Məsələn, dünyanın iqtisadi nəhəngi sayılan ABŞ-da iki şeydən qaçmaq olmaz: ölümdən və vergidən. Bir sıra inkişaf etmiş ölkələrdə qanunvericilikdə istənilən məbləğdə vergidən yayınmaya görə müəyyən hüquqi nəticələrə səbəb olmaqla məhkumiyyət yaradan cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycanda isə bu daha çox ədalət və humanizm prinsiplərinə söykənir. Yəni qanunvericiliyə əsasən, 2 min manatadək məbləğdə vergiləri ödəməkdən yayınmaya görə maddi məsuliyyətin bir növü olan vergi məsuliyyəti müəyyən edilmişdir.

Buna baxmayaraq, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Azərbaycan Respublikası CM-in 213-cü və s. maddəsi ilə çoxsaylı cinayət işləri müvəffəqiyyətlə istintaq edilmiş, dövlət büdcəsindən yayındırılan on milyonlarla vəsaitin büdcəyə ödənilməsi təmin olunmuş və həyata keçirilən preventiv tədbirlər nəticəsində iqtisadi fəaliyyət sahəsində çoxsaylı cinayətlərin qarşısı alınmışdır. Vergilər Nazirliyi rəhbərliyinin həyata keçirdiyi bir sıra uğurlu islahatların  nəticəsi olaraq ölkədə iqtisadi cinayətlərə, o cümlədən bunun bir növü olan vergi ödəməkdən yayınma hallarına qarşı mübarizə işində departament mobil bir quruma çevrilərək digər struktur qurumlarhüquq- mühafizə orqanları ilə birlikdə ayrı-ayrı cinayət faktlarının aşkar edilməsi, təhqiqatı, istintaqı və əməliyyat-axtarış tədbirləri üzrə uğurlu tədbirlər həyata keçirmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir: əgər sözügedən departament yarandıqdan sonra, yəni 2001-2005-ci illəri əhatə edən 5 ildə 472 nəfər haqqında 377 cinayət işinin istintaqı tamamlanmış və dövlətə vurulan 15.477.874 manat məbləğində ziyan ödənilmişsə, təkcə 2013-cü ildə bu qurumun istintaq idarəsinin müstəntiqləri tərəfindən 331 nəfər haqqında 383 cinayət işinin istintaqı tamamlanmış və  istintaq olunan cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilən 104 material üzrə dövlətə vurulmuş 34.565.846 manat ziyan ibtidai araşdırma mərhələsində ödətdirilmişdir. 2013-cü ildə məhkəmələrə göndərilən mürəkkəb və çoxepizodlu cinayət işlərinə vergidən yayınma faktlarına görə başlanılaraq ayrıca icraatda istintaq olunan çoxepizodlu 148 cinayət işinin birləşdirilməsi də nəzərə alınsa, onda departamentin fəaliyyəti ilə bağlı tam aydın mənzərə yaranar. Başqa sözlə desək, 2012-2013-cü illərdə istintaqı tamamlanmış cinayət işləri üzrə cinayət prosesində 106.326.108 manat ziyanın təqsirləndirilən şəxslərdən alınıb dövlət büdcəsinə ödənilməsi haqqında mülki iddialar qaldırılmışdır ki, onların da hamısı məhkəmələr tərəfindən təmin olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 2013-cü ildə vergi sahəsində hüquqpozmalarla bağlı qeydə alınmış cinayətlərin açılma faizi 95,4 faiz təşkil etmişdir. Beləliklə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yarandığı 14 il ərzində (2000-2013-cü illərdə)  səlahiyyətlərinə aid bütün sahələr üzrə yüksək göstəricilərə nail olmuşdur.

İstintaq və məhkəmə təcrübəsi göstərir ki, bəzi şəxslər uzun illər saxta vergi-hesab fakturaları əldə etməklə, yaxud satmaqla vergiləri ödəməkdən yayınmağa cəhd etmişlər. Məsələn, Biləsuvar sakini Qasımov Qulu Qasım oğlu 2002-ci ildən başlayaraq 100-dən artıq müxtəlif hüquqi şəxslər yaratmaqla və satın almaqla milyon manatlarla vergiləri dövlət büdcəsindən yayındırmışdır. Bu cinayətinə görə o, dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, cinayətkar fəaliyyətindən əl çəkməmişdir. Sonuncu dəfə "AzəriAvto" MMC-nin rəhbəri kimi 2008-2012-ci illər ərzində 263.715 manat əlavə dəyər vergisini ödəməkdən yayındırma cinayətində iştiraka görə CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, haqqında həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq ötən ilin fevralında məhkəmə məsuliyyətinə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə o, həmin maddə ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum  edilmişdir. Son illər vergi ödəməkdən yayınma cinayətlərinə görə ölkə vətəndaşları ilə yanaşı, vergi ödəyiciləri olan xarici ölkə vətəndaşları da cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında müxtəlif, o cümlədən həbs qətimkan tədbirləri seçilərək məhkəmə məsuliyyətinə, yaxud istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa verilmişlər.

Lakin bəzən vergidən yayınan bu cür şəxslər bir sıra müxtəlif kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və ölkəmizdə fəaliyyət göstərən xarici qurumlar tərəfindən "müdafiə" olunurlar. Hətta onlar siyasi məhbus belə adlandırılırlar. Onların cinayət məsuliyyətindən azad olunmaları üçün aparılan iftiraböhtan kampaniyalarının kimlərdən və haralardan qaynaqlandığı, bunun məram və məqsədi hamıya yaxşı məlumdur.

Hər kəs yaxşı bilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüququn qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanan Cinayət Məcəlləsinin qanun qarşısında bərabərlik prinsipi adlanan 6-cı maddəsinə əsasən, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər. Bundan əlavə, vergidən yayınma cinayətlərinin müəyyən edilməsi və qarşısının alınması üçün informasiya texnologiyaları sahəsində tətbiq olunan müasir metodların və səmərəli prinsiplərinin tətbiqi şəraitində belə cinayətləri və başqa hüquq pozuntularını törətmiş şəxslərin müəyyən edilməməsi və məsuliyyətdən yaxasını qurtarması sadəcə mümkün deyil. Odur ki, hər kəs öz hüquqları ilə bərabər, konstitusiya vəzifələrini də yaxşı bilməli və bu vəzifələrə hər zaman əməl etməlidir. Bu vəzifələrdən biri də ölkədə həyata keçirilən uğurlugenişmiqyasli sosial layihələrin icrasında mühüm mənbə və vasitə olan, dövlət büdcəsinin əsasını təşkil edən bütün növ vergilərin ödənilməsidir.

 

 

 

Xanoğlan ŞIXƏLİYEV,

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri,

  Dövlət Gömrük Komitəsinin İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində

qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri

Azərbaycan.-2014.- 6 fevral.- S.8.