Rusiyanın İTAR-TASS Agentliyinin keçirdiyi sorğunun nəticələri elan olunmuşdur

 

Rusiyanın İTAR-TASS Agentliyi 2013-cü ilin 1 nömrəli siyasətçisinin, 1 nömrəli elm adamının və 1 nömrəli mədəniyyət xadiminin müəyyənləşdirilməsi üçün dünyanın nüfuzlu informasiya agentlikləri və internet resursları arasında sorğu keçirmişdir.

Sorğu ilə bağlı aparıcı beynəlxalq və regional birliklərin, informasiya agentlikləri alyanslarının rəhbərlərindən ibarət Beynəlxalq Ekspert Şurasının fevralın 5-də Moskvada iclası olmuşdur. Bir saatdan çox davam edən iclasda Ekspert Şurasının üzvləri - İTAR-TASS Agentliyinin baş direktoru, AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) prezidenti, MDB İnformasiya Şurasının sədri Sergey Mixaylov, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın baş direktoru, OANA-nın vitse-prezidenti Aslan Aslanov, Xəbər Agentliklərinin Dünya Konqresinin baş katibi Uve Sorensen (Danimarka), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen (İsveç), Bolqarıstanın BTA Agentliyinin baş direktoru, BSANNA-nın vitse-prezidenti Maksim Minçev, Vyetnam İnformasiya Agentliyi baş direktorunun birinci müavini Le Zui Çuen, İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak etmişlər.

Sonra iclasın yekunlarına dair mətbuat konfransı keçirilmişdir. İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov mətbuat konfransını açaraq bildirmişdir ki, sorğuda bütün beynəlxalq və regional informasiya agentlikləri birlikləri, o cümlədən EANA, OANA, FANA, BSANNA iştirak etmişlər. Peşəkar xəbər media birliyinin üzvləri arasında ilk dəfə keçirilən bu sorğunun suallarını dünyanın 84 ölkəsindən 265 informasiya agentliyiinternet resursu cavablandırmışdır. 2013-cü ilin ümumdünya reytinqinə 175 informasiya agentliyiKİV-i 230 görkəmli siyasi xadimin, elm və mədəniyyət sahəsində tanınmış 230 şəxsin namizədliyini təklif etmişdir. Sorğunun nəticələri Beynəlxalq Ekspert Şurası üzvlərinə təqdim olunmuşdur.

Qlobal media birliyinin rəyinə əsasən, Rusiya Prezidenti Vladimir Putin 2013-cü ilin "1 nömrəli dünya siyasətçisi" seçilmişdir. Növbəti yerləri Roma Papası Fransisk, AFR Kansleri Angela Merkel, ABŞ Prezidenti Barak Obama və başqaları tutmuşlar.

Dünyanın elm adamları arasında birinci yerə 2013-cü ilin Nobel mükafatı laureatı, britaniyalı alim Piter Hiqqs layiq görülmüşdür. Bu nominasiyada ən çox adları çəkilənlər sırasında Nobel mükafatı laureatları Fransua Enqler (Belçika) və Rendi Şekman (ABŞ) olmuşlar.

Sorğuda adı çəkilən 106 mədəniyyət xadimi arasında Nobel mükafatı laureatı, Kanada yazıçısı Elis Munro qalib gəlmişdir. Xəbər agentlikləri və KİV-lər 2013-cü ildə, həmçinin Valeri Georgiyev (Rusiya) və Malala Yusifzayın (Pakistan) xidmətlərini də qeyd etmişlər.

Sorğunun qaliblərinə Beynəlxalq Ekspert Şurasının və İTAR-TASS-ın adından xatirə nişanları təqdim olunacaqdır.

 

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Azərbaycan.-2014.- 6 fevral.- S.8.