Gülüstana çevrilən Gülüstan

 

Güllələr düşən yerdə güllər açıbdı indi...

 

 

Sədərək rayonunun mərkəzi olan Heydərabad qəsəbəsi Azərbaycanın üç dövlətlə sərhəddə yerləşən bəlkə də yeganə yaşayış məskənidir. Bir tərəfdən mənfur düşmənimiz olan Ermənistanla, bir tərəfdən İran İslam Respublikası ilə, bir tərəfdən isə qardaş Türkiyə ilə səhrəddə yerləşir Heydərabad.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə Sədərək rayonunun bu bölgəsində ayrıca yaşayış massivi salınıb. Müstəqilliyimizin bərpasının ilk illərində erməni işğalçıları tərəfindən bir neçə dəfə hücuma məruz qalan Sədərəkdə ən çox zərbə görən yaşayış məskəni də elə bu yer olmuşdur. Ötən əsrin doxsanıncı illərinin əvvəlində ermənilərin törətdiyi vəhşiliklər nəticəsində buradakı evlərin əksəriyyəti dağılmış, yararsız hala düşmüşdü. Nəhayət, 1997-1998-ci illərdə burada tikinti-quruculuq, abadlıq işləri aparılaraq həmin evlərin 75-i bərpa olunmuşyerli əhalinin təşəbbüsü əsasında, ulu öndər Heydər Əliyevin 75 illik yubileyi şərəfinə yaşayış məskəninə "Heydərabad" adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə isə qəsəbə rayonun ərazi bölgüsündən ayrılaraq müstəqil inzibati bölgüyə çevrilib. Hazırda Sədərək rayonunun mərkəzi olan qəsəbədə rayonun bir çox xidmət idarələri də fəaliyyət göstərir.

Heydərabad haqqında yazı hazırlamaq üçün üz tutduğumuz qəsəbədə qışın nəfəsi duyulmaqda idi. İlin əksər dövrlərində 80 kilometr uzaqlıqdakı Naxçıvan şəhərindən belə açıq gözlə apaydın görünən Türkiyə ərazisindəki Ağrı Dağı bu dəfə dumanların arxasında gizlənmişdi. Günəş isə üzünə çəkmişdi bulud örpəyini.

Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sədri Qurban Səfərovla vədələşdiyimiz vaxtda görüşürük. Gəzişə-gəzişə söhbət edirik. Əli ilə qarşıdakı dağı göstərib deyir ki, o görünənlər bizim hərbçilərin, digərləri isə düşmən postlarıdır. Aramızda heç 300-400 metr məsafə yoxdur. Buna baxmayaraq, dövlətimizin, Milli Ordumuzun sayəsində qəsəbəmizdə qaynar həyat var. Hamı öz işində, gücündədir. Sədərəklilərin bu xarakterinə görə də məhz bura "Qeyrət qalası" adlandırılır. O vaxtlar ermənilər neçə dəfə Sədərək kəndini, Heydərabad qəsəbəsini top atəşlərinə tutdular. Evlər dağıldı, şəhidlər verdik, amma bir qarış da geri çəkilmədik. O vaxt Naxçıvanın dörd bir tərəfindən eşidən, bilən Sədərəyə köməyə gəlmişdi. Naxçıvanlıların torpaq sevgisi, vətən təəssübkeşliyi qarşısında düşmən də duruş gətirə bilmədi, geri çəkilməli oldu. İndi qəsəbə dövlət tərəfindən yenidən güllü-gülüstana çevrilib.

Sədərək döyüşlərində yüzlərlə vətən oğlu şəhid olub ki, onların 52 nəfəri Sədərək rayonunun, iki nəfəri isə Heydərabad qəsəbəsinin sakinləri olub.

İcra nümayəndəsi ilə söhbət zamanı öyrəndik ki, qəsəbədə hazırda 84 yaşayış binası var. Ölkə başçısı cənab İlham Əliyev 2010-cu il oktyabr ayının 5-də Naxçıvana növbəti səfəri zamanı Sədərək rayonunda olub. Rayon xəstəxanası ilə yanaşı, Heydərabad qəsəbəsi üçün tikilmiş 16 yeni evin açılışını edib. Həmin vaxt qəsəbə sakinləri qarşısında çıxış edən Azərbaycan Prezidentinin bu sözlərini qəsəbə sakinləri qürurla xatırlayırlar: "Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır. Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı siyasəti bu bölgələri də əhatə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti və qətiyyəti, müdrikliyi nəticəsində Naxçıvan özünü qoruya bilmişdir. O vaxt Azərbaycan rəhbərliyi Naxçıvanı qorumaq üçün heç bir şey etmirdi, heç bir yardım göndərilmirdi. Azərbaycan rəhbərliyində olan bəzi şəxslər hətta bəlkə də istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Bizdə belə məlumatlar var idi. Çünki Naxçıvan o vaxt müstəqillik rəmzi, Azərbaycanın müstəqillik rəmzi idi. Təsadüfi deyil ki, üçrəngli milli bayrağımız birinci dəfə məhz Naxçıvanda Ali Məclisin sessiyasında Heydər Əliyevin qərarı ilə dövlət bayrağı kimi təsdiq edildi. Hələ Sovet İttifaqının dağılmasına çox vaxt var idi. Ona görə Naxçıvan müstəqillik, əyilməzlik rəmzi idi. Naxçıvanlılar Heydər Əliyevin ətrafında sıx birləşmişdilər və bunun nəticəsində Naxçıvan özünü qoruya bildi. Düşmənə imkan verilmədi ki, Naxçıvan da işğal altına düşsün".

Qəsəbə sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. 840 hektar ərazisi olan Heydərabadda taxılçılıq, meyvəçilik, tərəvəzçilik, eyni zamanda  heyvandarlıq təsərrüfatı geniş yayılıb.

Heydərabadlılar bu yerlərin yaşıllığına, təmizliyinə də diqqət göstərir, onun qayğısına qalırlar. Hələ bir neçə gün öncə düşmənlə sərhədin 150-200 metr yaxınlığındakı ərazidə 4 hektarlıq yeni yaşıllıq zolağı salınıb və yüzlərlə meyvə tingi əkilib.

Ölkəmizdə geniş vüsət alan tikinti-quruculuq, abadlıq işləri Heydərabad qəsəbəsini də gülüstana çevirib. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə Heydərabad qəsəbəsində uşaq bağçası istifadəyə verilib. İki mərtəbədən ibarət olan 144 yerlik bağça hər cür müasir təlim-tədris avadanlıqları ilə təmin olunub, uşaqların bacarıq və istedadlarının üzə çıxarılması, onların məktəbəqədər tərbiyəsi üçün hər cür şərait yaradılıb.

Bağçanın açılışı zamanı Ali Məclis Sədrinin söylədiyi fikirlər də Heydərabadın bugünkü inkişafından xəbər verir: "Heydərabad qəsəbəsi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan ilk yaşayış məntəqəsidir. Son illər Heydərabad qəsəbəsində yaradılan müasir ifrastruktur yeni yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına və məskunlamanın artmasına imkan vermişdir. Bu gün istifadəyə verilən uşaq bağçası da qəsəbənin sosial həyatında mühüm hadisə olmaqla yanaşı, əhalinin rahatlığına xidmət edəcəkdir".

Sərhəddə yerləşməsinə görə dəfələrlə erməni quldurlarının hücumuna məruz qalan, buna baxmayaraq, düşmənlə üz-üzə mərdliklə dayanmış Heydərabad qəsəbəsi hərtərəfli inkişafı, abadlığı və quruculuq töhfələri ilə düşmənə həm də göz dağıdır. Bir vaxtlar güllələrin düşdüyü bu yerlərdə indi güllərin ətri duyulmaqdadı.

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 6 fevral.- S.9.