Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt-komitənin dördüncü iclası keçirilmişdir

 

Fevralın 3-də Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt-komitənin dördüncü iclası keçirilmişdir.

Belçikada fəaliyyət göstərən "Eunews" informasiya portalı xəbər verir ki, alt-komitədə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı, səfir Fuad İsgəndərov və nümayəndəliyin əməkdaşları təmsil etmişlər.

Görüşün birinci hissəsində leqalqeyri-leqal miqrasiya, həmçinin insan alveri, sığınacaq və sərhəd mühafizəsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycanda sərhəd təhlükəsizliyi çərçivəsində biometrik pasportların verilməsi, həmçinin Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi, 2014-cü ilin ikinci yarısında imzalanacaq readmissiya müqaviləsi məsələsinə də toxunulmuşdur. Bununla yanaşı, mobillik sahəsində əməkdaşlıq istiqamətində atılan addımlar müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Azərbaycanın "Şərq Tərəfdaşlığı" ölkələri arasında elektron hökumət, sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması və Avropa İttifaqı ilə razılaşdırılmış digər elektron alətlərinin dövlət qurumları və vətəndaşlar üçün tətbiq olunması istiqamətində ən böyük addımlar atan ölkə olduğunu vurğulamışdır.

Mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri, korrupsiya və qeyri-leqal fəaliyyətin digər formaları, terrorizm, həmçinin maliyyə terrorizmi və çirkli pulların yuyulması ilə mübarizə siyasətində aparılan islahatlar, Cinayət Məcəlləsinə bu sahədə edilən dəyişikliklər qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan nümayəndə heyəti ötən il ərzində aşkarlanmış və zərərləşdirilmiş mütəşəkkil cinayət qruplarının, insan alveri ilə məşğul olan şəxslərin və beynəlxalq miqyaslı cinayət dəstələrinin statistikasını təqdim etmişdir. Aİ nümayəndələri, öz növbələrində, korrupsiya ilə mübarizə sahəsində təcrübələrini paylaşmağa hazır olduqlarını bildirmişlər.

Aİ "Şərq Tərəfdaşlığı" ölkələri ilə əlaqələr şöbəsinin başçısı Dirk Şubel Azərbaycanın Aİ üçün terrorizm sahəsində strateji tərəfdaş olduğunu və birgə əməkdaşlığı yüksək qiymətləndirmişdir.

İclasda, həmçinin hüququn aliliyi və ədliyyə mövzuları, habelə ədliyyə sahəsində Aİ-Azərbaycan arasında əməkdaşlıq məsələsi də geniş müzakirə olunmuşdur. Avropa Komissiyasının ədliyyə üzrə baş direktorluğunun nümayəndəsi ədliyyə sistemində aparılacaq islahatların vacibliyinibununla bağlı ikitərəfli danışıqların zəruriliyini vurğulamışdır.

Avropa İttifaqı nümayəndələri aparılan siyasəti razılıqla qarşılayaraq Azərbaycan nümayəndə heyətinin verdiyi təklifləri nəzərə alacaqlarını bildirmişlər.

İclasın ikinci günü, alt-komitə Azərbaycan və Avropa İttifaqında insan hüquqları mövzusunda fikir mübadiləsi ilə davam etmişdir. Müzakirələrdə insan hüquqlarının qorunması üzrə dövlət siyasəti, ədliyyə sahəsində islahatlar, seçkilər və seçki ilə bağlı proseslər, məlumat və ifadə, birləşmək və toplaşmaq azadlığı, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyəti barədə təkliflər səslənmişdir. Bununla yanaşı, Aİ və Azərbaycan beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və Avropa Şurası çərçivəsində insan hüquqları sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

Azərbaycan.-2014.- 6 fevral.- S.11.