Azərbaycan və İspaniya
beynəlxalq təşkilatlarda hər zaman
bir-birinin mövqeyini
dəstəkləyir
Dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İspaniya parlamentinin nümayəndələri ilə görüşüb.
Azərbaycan-İspaniya münasibətlərindən danışan Z.Əsgərov son illər ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan hər zaman İspaniya ilə münasibətlərin genişləndirilməsinə böyük önəm verir. Onun sözlərinə görə, Azərbaycan və İspaniya hər zaman beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər. Ölkələrimiz arasında yalnız enerji sahəsində deyil, digər sahələrdə də münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensial var.
Z.Əsgərov Azərbaycan-İspaniya arasında bütün sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi üçün lazım olan hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bugünə qədər iki ölkə arasında cəmi 3 sənəd imzalanıb, 10-a yaxın sənəd isə hazırlanma mərhələsindədir.
Ölkəmiz haqqında qonaqlara məlumat verən Z.Əsgərov qeyd edib ki, gənc ölkə olmasına baxmayaraq, Azərbaycan qısa bir zaman kəsiyində böyük inkişaf yolu keçmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Z.Əsgərov vurğulayıb ki, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlar Ermənistan tərəfindən icra olunmur.
İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı Xose Maria Çikiyo bu cür qarşılıqlı səfərlərin münasibətlərin və əlaqələrin genişləndirilməsində önəmli olduğunu bildirib.
Qonaq
Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə
sülh və ədalətli prinsiplər əsasında həll
olunacağına ümid etdiyini, bu istiqamətdə
lazımı köməyi göstərməyə hazır
olduqlarını vurğulayıb. 2012-ci il noyabrında Azərbaycandan bir
qrup nümayəndə heyətinin İspaniyaya səfər etdiyini
xatırladan qonaq qeyd edib ki, həmin səfər
çərçivəsində keçirilmiş
görüşlərdə Dağlıq Qarabağ
münaqişəsi və Azərbaycan haqqında ətraflı
məlumat alıblar. Sonda
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 7 fevral.- S.3.