İgid əcəlini düşünməz

 

Bu gün xalqımızın fəxri, vüqarı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günüdür. Onu ölkəmizdə kiçikdən böyüyə hamı tanıyır. Minlərlə gənc, hətta məktəbə qədəm qoyan balaca uşaqlar belə ona bənzəmək istəyirlər. Milli ordumuzda elə bir əsgər tapılmaz ki, Mübarizin qəhrəmanlıq yolunu təkrar etmək ürəyindən keçməsin!

Dünyanın hər yerində bizə rəğbət bəsləyən, Qarabağ döyüşündə səbirsizliklə qələbəmizi gözləyən, təəssübümüzü çəkən hər kəs onu tanıyır. Hamının da qəlbində ona xüsusi məhəbbət, ehtiram, hörmət var. İgid soydaşımız qəhrəmanlığı ilə təkcə ölkəmizdə deyil dünyada - müsəlman-türk məmləkətlərində də sevilir, qəlblərdə yaşadılır.

Sanki Tanrının uca dərgahından ruhumuzun vətən deyib çırpınan duyğularına Mübarizin rəşadəti ilə bağlı ecazkarsehrli bir görüntü əlavə edilib. Mübariz son döyüşündə, hərb meydanında tək olub, lakin daxilən, ruhən hamımız sanki onun yanında olmuşuq, onun misilsiz şücaət, igidlik, qəhrəmanlıq göstərdiyini gözlərimizlə görmüşük. Böyüklərlə yanaşı kiçiklər - uşaqlar da Mübariz haqqında şerlər əzbərləyir, mahnılar öyrənir, rəsmlərini çəkir, heykəllərini düzəldir, qəhrəmana qarşı əməllərində və ürəklərində safülvi məhəbbətin hisslərini yaşadırlar. Əgər qızdırmanın içində çırpınan 5 yaşında bir qız uşağından "Mübariz haqqında şeir yadındadırmı?" - deyə soruşduqda dikəlib təntənə ilə şeiri söyləyir və hər dəfə olduğu kimi "Önündə baş əyirik biz, Vətənin igid oğlu Mübariz!" misralarından sonra qəlbən də, cismən də baş əyməyi unutmursa, bu onun qəhrəmanlığına verilən ən yüksək qiymət deyilmi? 6 yaşlı bir uşaq Mübariz kimi ermənilərlə döyüşə atılmaq istəyirsə, 12 yaşlı oğlan uşağı qəhrəmanın heykəlini yaratmağa çalışırsa,  bu o deməkdir ki, milli qəhrəmanımızın Vətən sevgisi, cəsarəti, mərdliyi, qəhrəmanlığı bütünlükdə gənc nəslin qürur mənbəyinə çevrilmişdir. Ondan örnək aldıqlarını on minlərlə gənc fəxarətlə izhar edir, hərbi xidmətə, peşələrə daha şövqlə və qəlbən meyil göstərməyə başlayır. Bu hadisədə bir hikmət var, İlahi bir müdaxilə var.

Sanki İlahi bir güc Mübarizin timsalında millətə öz kimliyini, mənşəyini anlatdı, təməl dəyərlərini xatırlatdı, özünə qaytardı, inam aşıladı, yeni nəfəs verdi. Eyni zamanda qalibiyyətin, düşməni çökdürməyin yolunu göstərdi. Bu, həm də "böyük güclərin" kölgəsini öz kölgəsi bilib öyünən köpəyin quyruq bulayan tülküdən də qorxaq olduğunu üzə çıxardı.

Yalnız bircə igidimizin - Mübarizin güclü həmləsi erməni cəbhəsində bir qoşunun vahiməsini yaratdı, erməni faşistlərinin lovğalıqla büruzə verdikləri "qalib" təkəbbürünü sabun köpüyü kimi partladıb, yerlə-yeksan etdi. Ermənilərin hava şarı kimi şişirdib göyə qaldırdıqları döyüşkənliyi yalnız bircə əsgərimizin zərbəsindən partlayaraq yox oldu.

Mübarizin hər şəhidin belə qismətinə yazılmayan qəhrəmanlıq salnaməsi, onun ardınca da Fərid Əhmədov və Əhməd Abdullayevin döyüş meydanındakı hərbi şücaəti, kişilik dərsi hamını özünə qaytardı - bizi də, düşməni də. Genetik yaddaşımız oyandı, nağıllarımızdan, dastanlarımızdan boy verən qəhrəmanların bənzərlərini Qarabağ döyüşlərində gördük. Anladıq ki,  özümüzə, gücümüzə tapınmaqda haqlıyıq. Eyni zamanda erməni faşistləri də döyüşkənliklərinin nə qədər miskin və cılız olduğunu ortaya qoydular, gücümüz qarşısında acizliklərini növbəti dəfə dərk etdilər. Həqiqətən də erməni faşistlərinin hərbi təbliğat maşını cəbhədəki o hadisəyə qədər məğlubedilməz, yenilməz ordu obrazını döyəcləyib yaradır, hamının da beyninə reallıqla heç bir əlaqəsi olmayan bu mifik surəti yeritməyə çalışırdı. Millətimizin təkcə üç övladının - Mübariz, Fərid və Əhmədin cəngavərliyi erməni ordusuna saxta stereotiplərlə yaşadığını anlatdı. Erməni döyüşkənliyi ilğıma çevrildi. O qəfildən göründüyü kimi, gözlənilmədən də qeyb oldu. Erməni işğalçıları bir daha aciz olduqlarını, ədalətsiz və aqibəti məğlubiyyətə ünvanlanan müharibəni körüklədiklərini anladılar. Bizim igidlərimiz ermənilərə ayaqlarının altında qəfil püskürən vulkan təsiri bağışladılar və bundan vahiməyə düşdülər.

İgid əcəlini düşünməz. O savaşa atılanda ölümündən çox əməlini düşünür, qəhrəmanlıqdan çox düşmənə qan uddurmağa can atır. Canını fikirləşənlər cəsarətsiz olur. Həqiqi Vətən, torpaq sevgisi ölüm qorxusunu aşmağa güc verən ən ali fəzilətlərdəndir ki, o da hər kəsə xas deyil.

Bu səbəbdən insanlar da fərqlidir: kimisi doğuşundan ölmək üçün yaşayır - maddi tələbatı, rifahı naminə hər "qəhrəmanlığa" müntəzirliklə əcəlinə sarı addımlayır. Mübariz kimi igidlər isə Vətənə, millətə, dövlətə faydalı olmaq üçün çalışır, sədaqətli vətəndaş, ailə başçısı, vəfalı dost, sadiq silahdaş olmaq naminə istənilən sınaqlardan keçir, savaşa atılır, ölümü də şərbət kimi düşünmədən başına çəkə bilirlər. Mübarizin həyat fəlsəfəsi dünyəvi dəyərlər üstündə qurulmuşdu, şəxsiyyəti İlahi fəzilətlərin təməli üzərində formalaşmışdı. Onun qəlbində bəşəri insan sevgisi ilə yanaşı, Tanrının ucalığına, haqqa və ədalətə baş əyən sonsuz inam var idi. Bütün bunlara görə Mübariz ölümdən çəkinmədən qəhrəman kimi düşmənlə amansız ölüm-dirim savaşına atıldı. Nahaq yerə demirlər ki, qorxaq min dəfə ölər, igid bir kərə...

Mübariz İbrahimov amansız düşmənlə şərəfli savaşda şəhidliyin zirvəsinə ucaldı, əbədiyyətə qovuşdu. O, həyatın mənasını və gücünü maddi istəklərin quluna çevirməkdə yox, Vətən, xalq, torpaq uğrunda canını fəda etməkdə gördü. Son məktubunun son cümlələrində "Allah böyükdür, Vətən sağ olsun. Haqqınızı halal edin" yazan Mübariz özü öz hökmünü verməklə ölüm xofundan tamamilə azad olduğunu çox sakitrahat şəkildə ifadə edib, məqsədini də "Şəhid olana kimi bu şərəfsizlərin üzərinə gedəcəyəm" ifadəsi ilə açıqlayıb. Öz sonunu deyil, düşmənin axırını düşünüb və qəhrəman olub.

Şübhə etmirik ki, zamanı gəldikdə Mübariz İbrahimovun qəhrəmanlıq yürüşünün bütün təfərrüatları hər incəliyi ilə bizə bəlli olacaq. Millət var olduqca da onun bu igidlik salnaməsi nəsildən nəslə ötürüləcək, xatirəsi uca tutulacaq. Əsrlər sonra da bugünkü qədər sidq-ürəkdən seviləcək, Ad günündə, qəhrəmanlıq günündə və əlbəttə ki, böyük qələbə günündə fəxarətlə anılacaq.

 

 

 

Ad günün mübarək,

əziz Mübariz

Önündə hamılıqla

baş əyirik biz!

 

 Elxan QƏNBƏRLİ,

Azərbaycan.-2014.- 7 fevral.- S.7.