Müqəddəs ağaclara
balta çalmayaq
Qədim tarixi var zeytunçuluğun. Hələ eramızdan 2500 il əvvəl Misirdə bu meyvənin yağından gen-bol istifadəyə başlayıblar. Sonra zeytunun xoş sorağı dəyərli yeyinti məhsulu kimi dünyanı dolaşıb. Bu meyvəyə meyil və maraq, tələbat artdıqca tədqiqatçı alimlər də zeytunun sənaye əhəmiyyətini, tibbi dəyərini üzə çıxarıblar. Ən çox əkilib-becərildiyi ərazi Aralıq dənizi sahilləri olsa da, Abşeron zeytunun ikinci vətənidir. Dünyanın elə ölkələri var ki, bu qiymətli bitkinin becərilməsinə min hektarlarla sahə ayırırlar. İspaniyada, İtaliyada, elə qonşu Türkiyədə zeytun əkilən sahələr 2 milyon hektardan çoxdur. Zeytun yağının tərkibi çox zəngindir. Alimlər belə bir faktı da təsdiqləyiblər ki, Azərbaycanda yetişdirilən zeytun keyfiyyətinə görə hətta əsl vətənində bitən bitkidən də fərqlidir. Bir faktı da əlavə edək ki, zeytun təkcə Bakıda yox, Bərdədə, Ağdamda, Ağcabədidə, Füzulidə də çox əkilib. Bərdənin mərkəzində yaşı əsrlərlə ölçülən zeytun ağaclarına təsadüf etmək olur.
Təbiətşünas alim, akademik Həsən Əliyev xatirələrində yazır ki, zeytun ağaclarına baş çəkmək üçün dəfələrlə Bərdəyə gedibmiş. Görkəmli alim öz təşəbbüsü ilə zeytun bağlarını ciddi fəlakətlərdən xilas edib. Naşı adamların əli ilə zeytun bağlarını məhv etmək istəyənlər də tapılırdı. Amma yenə akademik Həsən Əliyevin xeyirxahlığı bu qədim ağacları təhlükələrdən qoruyub. Biologiya elmləri doktoru, professor Ağavəli İbrahimov söhbətlərinin birində inanc faktoru kimi zeytuna and içəndə bir qədər təəccüblənmişdik. Amma öyrənəndə ki, Müqəddəs Kitabımızda - Qurani-Kərimdə zeytun bitkisinin adı ən azı altı dəfə çəkilib, onda bu qiymətli bitkinin müqəddəsliyinə şübhə yeri qalmadı. Həzrət Əli buyurub ki: "Zeytun yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür". Bütün yüksək keyfiyyətlərinə görə Quranda zeytun "mübarək ağac" adlandırılır. Alimlər zeytunun bioloji təsnifatından da gen-bol danışırlar. Zeytun susuz sahələrdə yaxşı inkişaf edir, bol məhsul verir. Hətta dəniz küləyi tutan ərazilərdə, cəngəllik və kolluq sahələrdə də yaxşı boy atır, məhsuldar olur. Alimlərin mülahizəsinə görə, zeytunun yarpağından da müalicə məqsədi üçün istifadə olunur. Ondan alınan yağ soyuqdəymənin müalicəsində, mədə və ürək-damar xəstəliklərinin qarşısının alınmasında faydalı rol oynayır. Bir sözlə, zeytunun bioloji dəyəri də qədərincə öyrənilib.
Avropada, Asiyada, Afrikada - mülayim isti zonalarda geniş yayılmış zeytuna nədənsə ölkəmizdə münasibət sərindir. Abşeronda torpaqlar özəlləşdirildikdən sonra "yeni mülkədarlar" zeytun bağlarına məhəl qoymadılar. Bir vaxtlar Zığda salınmış geniş zeytun plantasiyaları o qədər seyrəldildi ki, bu gün o yerləri tanımaq olmur. Bəs laqeyd bağ sahiblərini nəzərə almasaq, onda zeytun ağaclarının əsas qənimləri kimlərdir? Bunun üçün geniş tədqiqata, araşdırmaya o qədər də ehtiyac yoxdur. Elə təkcə Zığdakı zeytun plantasiyalarının yerində ucaldılan göydələnlər və digər tikililər hər şeyə bələdçilik edir. Sən demə, 30-40 ilin zeytun bağlarına tikinti maqnatlarının gözü düşüb. Alimlər nə qədər həyəcan təbili çalsalar da, onların səsini, fəryadını eşidən olmadı. Ömründə bir tingə qulluq etməyən, bu zəhməti dəyərləndirməyən adamlar üçün ağac kəsmək onu əkməkdən çox-çox asandır. Belə münasibət olmasaydı, Zığdakı zeytun plantasiyaları bu qədər seyrəlməzdi. Hətta yaşıllığın qənimləri izi itirmək üçün yollar da arayıblar - boylu-buxunlu ağacları kəsib məhv edəndən sonra yerindəcə yandırıblar. Təbiətə divan tutanlar Zığı gözdən-könüldən bir qədər uzaq saysalar da, iştahaları onları hər yerə çəkib gətirib. Bakının 9-cu mikrorayon yaşayış sahəsində on hektarlarla zeytun bağı 2-3 aya məhv edildi. Yenə yerində göydələnlər ucaldıldı. Hələ ki yüz illərlə ərsəyə gətirilən bağlar bir ucdan qırılır. Bu müqəddəs ağaca qənim kəsilənlərin sayı artmaqdadır. Artıq 4-cü mikrorayon yaşayış sahəsində də zeytun bağları məhv edilməkdədir. Ömrünü bağçılığa sərf etmiş mütəxəssislər zeytunun faydasından, dəyərindən nə qədər çox danışsalar da, nədənsə onların həyəcan təbili eşidilmir. Deyirlər ki, müqəddəs ağacların ah-naləsi də dözülməz olur. Amma naşılara fərqi yoxdur. Ona görə ki, onlar heç nəyə müqəddəslik, ucalıq və toxunulmazlıq prizmasından baxa bilmirlər! Təki öz nəfislərini doydura bilsinlər. Amma hər vəchlə Abşeronun zeytun bağlarını əlibaltalı, daşürəkli adamlardan gərək qoruyaq. Yoxsa bağlar-bağatlar seyrələ-seyrələ barını-bərəkətini itirər.
Akademik Həsən Əliyev yazırdı ki, "yaşıllığa qıymaq, bar verən ağacı kəsmək bəşəriyyətin varlığını təhlükə qarşısında qoymaqdır. İnsan özünün yaratdıqlarının, əkib-becərdiyinin keşikçisi olmalıdır. Ayrı heç bir canlı onun harayına gəlməyəcək. Bu gün heç bir təşvişsiz-haraysız həyəcan təbili çalmaq yerinə düşərdi. Bu təbili heç yerdən asmaq lazım deyil. O, bugünün insanlarının ürəyidir".
Əgər Azərbaycan təbətinin bir hissəsi sayılan zeytun bağları sıradan çıxıb seyrəlirsə, ona kor-koranə münasibət varsa, bu həyəcan təbili hər birimizi ayıq-sayıq salmaq üçün daha uca səslə döyülməlidir. Gecikmək isə yaşamağa yubanmaq qədər təhlükəlidir. Azərbaycan Prezidenti İlham Əliyev ağacların qanunsuz kəsilməsinə, yaşıllığın məhv edilməsinə kəskin münasibət bildirərək deyib: "Mənə verilən məlumatlara görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da çoxmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olubdur. Həm yerli icra orqanlarına, həm də vəzifədən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu yığışdırsınlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə bilər: əgər hansısa infrastruktur layihəsi icra olunur, yol genişlənir. Yaxud da ki, hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün, məsələnin həlli üçün əgər bu lazımdırsa, o zaman ağaclar çıxarıla bilər". Dövlət başçısının bu vacib məsələyə həssas və tələbkar münasibəti yerli icra orqanlarına, məmurlara, bir sözlə, təbiətə qənim kəsilənlərin hamısına ciddi xəbərdarlıqdır! Hətta dövlət əhəmiyyəti tədbirin keçirilməsi üçün belə ağacın kəsilməsindən yox, lazımdırsa çıxarılıb başqa yerə köçürülməsindən söhbət gedə bilər. Bunu da o şərtlə ki, müvafiq dövlət qurumlarının rəsmi icazəsi olsun.
Doğrudur, yaşıllığın məhvinə görə nəzərdə tutulan cəzalar da var. Amma bütün hallarda cəza əlacsızlıq əlamətidir. Gərək bütün tədbirlər həyata elə keçirilsin ki, təbiətin məhvinə, ağacların qırılmasına imkan verilməsin. Təbiətin qənimləri nə qədər fürsət axtarsalar da, qanunların sərtliyi qarşısında daimi cavabdehlik olmalıdır. Belə olanda yaşıllığın təhlükələrdən sığortalanması üçün ilkin zəmanət və təminat yaranır.
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 7 fevral.- S.7.