Forum işini yekunlaşdırmışdır

 

Xəbər verildiyi kimi, fevralın 6-7-də Bakıda "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda III Vergi Forumu keçirilmişdir. Forumun dünən keçirilən plenar iclasında Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa İttifaqının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın vergi xidməti orqanlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və KİV-in nümayəndələri, eləcə də adamları iştirak etmişlər.

Tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesindən keçmişdir: "Azərbaycanda sahibkarlıq subyektlərinin sayının artması, ölkənin iqtisadi baxımdan aktiv inkişaf fazasına keçməsi vergi xidmətinin fəaliyyətinin də faktiki olaraq müasir əsaslarda yenidən qurulmasını zəruri etmiş, son bir neçə il ərzində vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası qurulmuşdur". Hazırda Vergilər Nazirliyinin vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərdiyini vurğulayan nazir ötən il - "İnformasiya-texnologiyaları ili"ndə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən bir çox layihələrin davamı olaraq "Asan imza" layihəsinin də reallaşdırıldığını qeyd etmişdir. Bildirmişdir ki, vergi və digər sahələrdə xidmətlərin elektronlaşdırılması prosesinin davam etdirilməsi və bir sıra yeni xidmətlərin ölkəmizdə tətbiqi nəticəsində Dünya Bankının hazırladığı "Doing Business 2014" hesabatında "Biznesə başlama" göstəricisi  üzrə Azərbaycan ilk onluğa daxil olmuşdur.

Ötən il vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarla qurulmasına başlandığını qeyd edən F.Məmmədov artıq sahibkarlarla ilk partnyorluq sazişlərinin bağlandığını, bunun qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli bir yanaşma forması olduğunu bildirmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının milli vergi sistemi üçün yeni hədəflər müəyyən etdiyini diqqətə çatdıran natiq demişdir ki, bunun üçün vergi sistemi iqtisadiyyatın artan tələblərinə, yeni yaranan iqtisadi situasiyalara və bazarın tələblərinə çevik reaksiya verə bilməlidir.

Sonra çıxış edənlər - BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Gəlirlər Administrasiyasının rəhbəri Mehmet Kilci ölkəmizin vergi sistemində həyata keçirilən islahatları və əldə olunan uğurları müsbət qiymətləndirmişlər.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə "Aktiv vergi siyasəti dinamik və keyfiyyətli inkişafın strateji amilidir", iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova "Azərbaycan 2020: vergi siyasəti iqtisadi inkişafın amili kimi", Qazaxıstan Vergi Komitəsinin sədr müavini Arqın Kıpşakov "Vergi inzibatçılığında aparılan islahatlara müasir baxış", Azərbaycan Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva "Mobil hökumətin yaradılmasına doğru: Mobil İmza", Dünya Bankının vergi islahatları üzrə baş əlaqələndiricisi Munaver Khvaja "Risklərin idarə edilməsi", Türkiyə Gəlirlər Administrasiyasının Qrup rəhbəri Ahmet Kurt "Transfert qiymətqoyma", Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev "Biznes cəmiyyəti ilə vergi orqanları arasında əməkdaşlığın perspektivləri", Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Natiq Şirinov "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında vergi sisteminin inkişaf perspektivləri" mövzusunda təqdimatlarla çıxış etmişlər.

Tədbirə yekun vuran Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət müstəvisinə yüksəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Vergilər Nazirliyi yeni ideyalara və innovasiyalara açıqdır və beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoq və partnyorluq münasibətlərinin genişləndirilməsinə və buna xidmət edən hər bir addımı və ideyanı dəstəkləməyə hazırdır. Daha sonra o yaxın perspektivdə vergi orqanları qarşısında duran konkret vəzifələrə də toxunmuşdur. Forum çərçivəsində F.Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirmiş və jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Azərbaycan.-2014.- 8 fevral.- S.2.