Londonda «Arşın mal alan» filmi nümayiş etdirilmişdir

 

Londondakı "King`s College" Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Xaricdə Təhsil Alan Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi ilə "Arşın mal alan" filmi nümayiş etdirilmişdir.

Azərbaycan Cəmiyyətinin sədri Mərdan Həsənzadə əvvəlcə film haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmişdir. Rza Təhmasib ve Nikolay Leşşenkonun quruluş verdiyi ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeyler rol almışlar.

"Arşın mal alan" filmi Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan "Hollywood"da bərpa olunmuş rəngli variantda hazırlanmışdır.

Universitetin tələbəsi Əmir Quluzadə təmsil etdiyi Azərbaycan Cəmiyyətinin fəaliyyəti haqqında məlumat vermiş, azərbaycanlı tələbələr adından qonaqları salamlamışdır.

Ekran əsərinin nümayişindən əvvəl Azərbaycanın son illərdəki sürətli inkişafından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Daha sonra tamaşaçılar bərpa olunmuş rəngli variantda hazırlanmış "Arşın mal alan" filminə baxmışlar.

Film Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, səfirliyin əməkdaşları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, müxtəlif universitetlərdən tələbələrin daxil olduğu 250-yə yaxın tamaşaçıda böyük maraq doğurmuşdur.

Filmdən əvvəl ziyafət təşkil edilmiş, qonaqlar milli mətbəximizin ləziz təamlarını dadmışlar.

Tədbirdə iştirakçılara Azərbaycanın mədəniyyətindən, turizm potensialından adət-ənənələrimizdən bəhs edən jurnallar bukletlər paylanmışdır.

 

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan $g 2014.- 9 fevral.- S.8.