Rənglərin musiqisi

 

Məşhur rəssam Mircəlil Seyidovun 64 tablosunun 3 gün ərzində Bakıda Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tamaşaçıların ixtiyarına veriləcəyini eşidəndə qədərsiz dərəcədə sevindim.

Tanıdığım, yaradıcılığına rəğbət bəslədiyim rəssamın əsərləri ilə görüşmək üçün vaxtın darlığına, işlərin çoxluğuna məhəl qoymadan Türkiyədən Bakıya uçdum. Onun əsərlərinə və təbiətinə uyğun sədaqətli dostları, ailəsi, qohumları və bir də barmaqları fırçadan yana ağlayan nəvəsi ilə görüşdüm.

Bu sərgi ömrümün ən gözəl və mənalı anlarını yaşatdı mənə. Zala daxil olan kimi ayrı bir dünyanın sakininə çevrilirsən, özünü, qayğılarını və hətta zamanı belə unudursan.  2009-cu ildə dünyasını dəyişən Mircəlil də sanki adamların arasında, haradasa tablolarından birinin qarşısında dayanıb, həmişəki kimi təlatümsüz və mehriban bir təbəssümlə gözləyir ki, yaxınlaşasan, sual verəsən. Mircəlil üçün həyat suallardan və fırçasının kətana hopdurduğu rənglərin musiqisindən ibarət idi. Kimsəyə bənzəməzdi. Onun rəssam dostları ilə görüşdüm. Bir neçə beynəlxalq müsabiqənin qalibi rəssam İlham Mirzəyev Mircəlilin gənclərə tövsiyəsini xatırladı: "O deyərdi, gərək elə çəkəsən ki, əsərin Pikassonun tablosunun yanından asılanda belə özün sıxılmayasan, çəkinməyəsən, işin də maraqlı, cəlbedici görünsün".

M.Seyidov həqiqətən də nadir sənətkarlardan idi. Azərbaycanda rəssamlıq daha geniş inkişaf edib, Türkiyəyə nisbətən bizdə rəssamların sayı da çoxdur. Lakin Mircəlili bir Azərbaycan qədər və bəlkə də ondan daha artıq Türkiyə sevir.   Onu  rəssamlıqdan dərs verdiyi Ağdəniz Universitetinin İncə sənətlər fakültəsində heç vaxt unutmayacaqlar. Azərbaycanda Mircəlilin şagirdlərini, ondan dərs alan rəssamları barmaqla saymaq olar, lakin Türkiyədə onun yetirmələrinin sayı qat-qat artıqdır. Ahmet Muhtar Kiziltan adlı adamı M.Seyidovun məsləhəti ilə Antalyada bir qalereya - "Sənət mərkəzi" yaradır. Qalereyanın dizayn işlərində seçilən bütün rənglər Mircəlilin əsərlərindən götürülüb, eyni zamanda Ahmet Muhtar bu "Sənət mərkəzi"ndə M.Seyidovun 20 işini ziyarətçilər üçün zaldan asıb. Bu ay həmin "Sənət mərkəzi"ndə Mircəlilin yetirmələri ustadlarının xatirəsinə həsr olunmuş tədbir keçirəcəklər, onu xatırlayacaqlar. Mən M.Seyidovu həm Türkiyədə, həm də Azərbaycanda unutmayanlara, bu sərgini təşkil edənlərə, böyük rəssam haqqında sənədli filmin çəkilişinə başlayanlara sonsuz dərəcədə minnətdaram. Rafaeli, Mikelancelonu, Vrubelionlarla başqa rəssamı dahi edən birinci öz xalqı olub, sonra onlar bütün dünyada məşhurlaşıblar. Biz də dahilərimizi tanımalı, sevməli, məşhurlaşdırmalı və qorumalıyıq.   

Sankt-Peterburqun Ermitajında, Moskvanın Puşkin muzeyində, Tretyakov qalereyasında, "Manej"dəki  sərgilərdə Mircəlilin nəcib, kübar və zəngin Bakı sərgisi təəssüratların zənginliyi, hisslərin çılğınlığı ilə seçilir.

M.Seyidov Sankt-Peterburqda ali rəssamlıq təhsili alıb, uzun müddət Rəssamlar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik edib, sonra Türkiyədə çalışıb. Yaradıcılığında qollarını geniş açaraq dünyanı qucaqlayıb, Qərblə Şərqin uğurlu sintezini yarada bilib. Onun tablolarında zaman minilliklərin dərinliyindən bulaq kimi qaynayaraq rənglərin göy qurşağına çevrilib.

Rəssam ömrünün bir neçə ilini böyük mütəfəkkir, şairdramaturq Hüseyn Cavidə həsr edir. "Cavidlə İblisin dialoqu", "Şairin yuxusu", "Cavid dünyası" əsərlərində o, Cavidin mürəkkəb həyat fəlsəfəsini, onun faciələrdən, zamanın  buxovlarından saflığa ucalan surətini yaratmaqla yanaşı, özünü dərk etməyə çalışır, istedadını mükəmməlliyin zirvələrində cilalayırdı.

Nazim Hikmət necə dənizə dönmək istəyirdisə, Mircəlilin də yaradıcılığında bir dəniz mövzusu, hədsiz dəniz sevgisi var. Onun yaradıcılığının üçüncü bir qolu muğamla bağlıdır. Tablo var ki, onu gözlərinlə görürsən, zövq alırsan. Tablo da var ki, onu görməkdən savayı səsini, musiqisini eşidirsən. Mircəlilin əsərlərində xalqımızın min illik tarixindən, xalılardan sızan naxışlarla yanaşı, həm də həzinliyi, kövrəkliyi ilə ruhunu yandıran, səni zil səsin dalğalanan zənguləsində özündən qoparıb keçmişinə, kökünə qaytaran misilsiz bir qüvvə, bir sehr var. Yəqin, elə buna görə də M.Seyidovun əsərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bədii fondunda, Almaniya, Avstriya, ABŞ, Türkiyə, Fransa, İngiltərə və digər ölkələrin muzey və rəsm qalereyalarında, şəxsi kolleksiyalarda özünə yer almışdır. Mircəlil aramızdan vaxtsız getsə də, istedadı və fırçasının sehri ilə özünü sənətin əbədiyyət adlı zirvəsinə qaldıra bildi.

 

 

 

Tərlan MEHDİYEVA,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, Antalya Ağdəniz Universiteti

Azərbaycan.-2014.- 7 fevral.- S.7.