Ailə, qadın, uşaq
problemlərinə qayğı dövlət siyasətinin prioritet istiqamətidir
Bu il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının səkkiz ili tamam olur. Ötən müddət ərzində komitə öz fəaliyyət istiqamətlərini həyata keçirərək bir sıra mühüm nəticələr əldə etmişdir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması, ölkənin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. Ölkə rəhbərinin "Azərbaycanda qadınların rolunun artırılması" və "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" sərəncamları qadınların bütün sahələrdə fəaliyyət göstərməsi üçün geniş imkanlar açmışdır. Onların ictimai-siyasi fəaliyyətinin artırılmasında, təbii ki, bu sənədlərin əhəmiyyəti böyükdür. Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübə də dərindən öyrənilmiş, habelə Azərbaycan Respublikası bir sıra beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə etmişdir. Müasir dövrün tələbləri ölkədə ailə, qadın və uşaq məsələlərinə kompleks yanaşmanı zərurət kimi meydana çıxarmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı. Bu komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə bu sahədə ilk dəfə yaradılan və fəaliyyət göstərən dövlət qurumudur.
Qeyd edək ki, ötən illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra hüquqi islahatlar aparılmışdır. "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanunları insan hüquqlarının bərabərliyi yönümündə atılmış uğurlu addımlardan olmuşdur. Bu sahədə hüquqi bazanın yenidən təkmilləşdirilməsi ilə əlaqədar müsbət nəticələr qazanılmışdır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və Fondun maliyyə dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında elm və təhsil, səhiyyə, ailə, qadın, uşaq məsələləri ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınması sayəsində misilsiz işlər aparılır. Mehriban xanım Əliyeva qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə də böyük qayğı ilə yanaşır. "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulunda məhz ölkənin birinci xanımının xüsusi rolu olmuşdur.
Yeni dövlət proqramlarına əsasən, ailələrin sosial, iqtisadi, mədəni həyatında müsbət dəyişikliklər baş vermişdir. Arıtq beynəlxalq ekspertlər də Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində gözəçarpan müsbət nəticələrin əldə olunduğunu qeyd edirlər. Qadın təşkilatları müxtəlif məsələlərlə bağlı geniş müzakirələr aparır, ciddi problemləri dövlət və cəmiyyət qarşısında qaldırırlar. Bu baxımdan Azərbaycan Respublikası qadınlarının 1998, 2003, 2008, 2013-cü illərdə keçirilən qurultayları böyük əhəmiyyət kəsb edir. Ötən il keçirilən dördüncü qurultayın əsas devizi inkişaf naminə bərabərlik prinsiplərinin müəyyənləşdirilməsi olmuşdur. Bu gün ən vacib məsələlərdən biri də qadınların ictimai fəallığının, təşəbbüskarlığının artırılmasıdır. Əgər bir neçə il bundan əvvəl çox az sayda qadın təşkilatları fəaliyyət göstərirdisə, indi bu rəqəm 200-dən çoxdur. Bu da onu göstərir ki, qadınlar iqtisadi, ictimai-siyasi, hüquqi müstəvidə öz hüquqlarını bilir və təşkilatlanmış formada fəaliyyət göstərirlər.
Təəssüflər olsun ki, biz müstəqilliyimizə çox mürəkkəb bir şəraitdə nail olmuşuq. Bir tərəfdən, dövlətimiz keçid dövründə yaşayır, digər tərəfdən isə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu. Bunun nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Onlardan da 400 mindən çoxu qadın, 300 mindən çoxu isə uşaq idi. Ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə, tənhalara, tək valideynli ailələrə, cəzaçəkmə müəssisələrindəki qadın və uşaqlara dövlətin daimi diqqəti sayəsində həmin insanların bir çox problemləri artıq həll olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sərəncamlarından sonra qısa müddətdə ölkənin icra hakimiyyəti orqanlarında müavinlər qadın təyin edilmişdir. Həmçinin onların qərarqəbuletmədə və idarəetmədə təmsilçiliyi də artmışdır. Son seçkilərin hesabatlarında bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə çoxalaraq, 26,7 faiz olmuşdur. Qadınların liderliyinin daha da yüksəldilməsi üçün beynəlxalq tədbirlərin, o cümlədən ikitərəfli əməkdaşlıq çərçivəsində konfransların keçirilməsi böyük əhəmiyyət kəsb etmişdir. Bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların ictimai və sosial həyatda iştirakının artırılmasıdır. Bu məqsədlə komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə ikiillik "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı" texniki yardım layihəsi həyata keçirir.
Hər hansı dövlətin və millətin inkişafı və gücü onun ailə institutunun möhkəmləndirilməsi ilə ölçülür. Eyni zamanda, ölkədə iqtisadi inkişaf və əhalinin sosial rifahının yaxşılaşdırılması respublikada vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, xüsusilə ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılmasında mühüm rol oynayır. Ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Çalışırıq ki, hər il Beynəlxalq ailə günü ərəfəsində həmin ailələrin təcrübəsini hamıya nümunə olaraq çatdıraq. Komitənin təşəbbüsü ilə 2008-ci ildən etibarən Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı rayonlarında, Lənkəran, Şəki şəhərlərində təşkil edilmişdir. Hər il bu bayramda Azərbaycanın bütün rayonlarından 100-dən çox ailə iştirak edir.
Artıq 5 ildir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan ailəsi" adlı filmlər festivalı həyata keçirir. Burada əsas məqsəd kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır. Bu filmlərdə, eyni zamanda, digər vacib problemlər də öz əksini tapır. Məsələn, erkən nikah, uşaqların, xüsusilə qızların təhsildən yayınması, insan alveri, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası və s. Beş il ərzində 13-ü xarici rejissor tərəfindən olmaqla təşkilat komitəsinə 140 film təqdim edilmişdir.
Son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazimi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmışdır. 2009-cu ilin "Uşaq ili" elan edilməsi bu istiqamətdə vacib tədbirlərin həyata keçirilməsinə, dövlət orqanlarının, eyni zamanda, qeyri-hökumət təşkilatlarının diqqətinin uşaqların problemlərinin həllinə yönəldilməsinə xidmət etmişdir. Uşaqların hərtərəfli inkişafında, hüquqi biliklərə yiyələnməsində uşaq forumlarının xüsusi rolu qeyd olunmalıdır. Valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi daim diqqət tələb edən sahələrdir. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti xüsusi sərəncam imzalamışdır. Həmçinin uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, pulsuz ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi də dövlətimizin xüsusi önəm verdiyi məsələlərdəndir.
Bu gün müasir Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevrilmişdir. Xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində keçirilən Avropa Şurasının "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı, Krans Montana Forumu çərçivəsində Qadın Hüquqları ilə bağlı Plenar İclası, UNECE çərçivəsində SPECA-nın birgə təşkilatçılığı ilə qadın sahibkarların III Forumu bunun bariz nümunəsidir. Qeyd edək ki, UNECE çərçivəsində SPECA-nın axırıncı konfransında həmin beynəlxalq təşkilatda Azərbaycan Respublikası sədr seçilmişdir. 2013-cü ildə Fransa Respublikası Sosial Birlik üzrə Baş Direktorluğunun və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həssas ailələr, qadınlar və uşaqların hüquqlarının müdafiəsi sahəsində imkanlarının artırılması" adlı Tvinninq layihəsinin Yekun Konfransı keçirilmişdir. 2013-cü ilin noyabr ayında isə Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatına (ISESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" mövzusunda IV konfransı olmuşdur. Həmin konfransda Bakı bəyannaməsi və qətnamə qəbul edilmişdir.
Ölkənin iqtisadi inkişafı və siyasi nüfuzu onun beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etməsinə gətirib çıxarmışdır. Azərbaycan dövləti aparıcı ölkələrdə keçirilən sessiyalarda, konfranslarda iştirak edərək yeni təcrübələrin öyrənilməsinə müsbət yanaşır. Bu tədbirlərdə respublikamız həmin təşkilatlara üzv olur, beynəlxalq sənədlərin qəbulu prosesində fəal iştirak edir. Xüsusi vurğulanmalıdır ki, ikitərəfli əməkdalıq çərçivəsində Azərbaycan dövləti Türkiyə, Litva, Fransa, Belarus, Mərakeş, Küveyt, Sloveniya kimi ölkələrlə memorandumlar imzalamışdır. Növbəti ildə də bir sıra ölkələrlə, o cümlədən İordaniya, Qətər, Polşa və sair ölkələrlə memorandumların imzalanması nəzərdə tutulur. Həmçinin Azərbaycanda fəaliyyət göstərən əksər beynəlxalq təşkilatlarla da müxtəlif layihələr həyata keçirilmişdir.
Artıq Azərbaycan bir çox təşkilatların yaxın tərəfdaşıdır. Həmin əməkdaşlıq ölkədə qadın və uşaqların inkişafı ilə bağlı mühüm layihələrin reallaşdırılmasına və təcrübə mübadilələrinin aparılmasına imkan yaradır. Bu təcrübə mübadiləsi uşaq və qadın siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının ekspertlərinin yetişməsində də xüsusi rol oynayır. Beynəlxalq səviyyəli mütəxəssislərimiz xarici ölkələrdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə məruzələr edirlər. Astanada, Küveytdə keçirilən tədbirdə erkən nikahlar və onların fəsadları, qadın hüquqları ilə bağlı Azərbaycan təcrübəsi öyrənilir. Böyük Britaniyada Beynəlxalq ailə gününün qeyd olunmasının iyirmu illiyi ilə bağlı kitaba "Azərbaycan ailə modeli" haqqında geniş məqalə daxil edilib.
Biz hansı məqsədlərə nail olmaq istəyirik? Ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsi bizim əsas məqsədlərimizdəndir. Bunlara nail olmaq üçün "Sağlam ailə sağlam cəmiyyətin təməlidir", "Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu", "Yaşlı nəslin təcrübəsindən faydalanaq", "Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu" layihələri, Ağbirçəklər Şurasının üzvlərinin iştirakı ilə "Gənc ana" kursları həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu tədbirlər yalnız Bakı, iri şəhər və rayonları deyil, bütövlükdə bütün respublikanı əhatə edir. Əvvəllki illərdə olduğu kimi, bu ildə də komitə öz fəaliyyətini gücləndirmiş və tədbirlər planında nəzərdə tutulmayan problemləri belə operativ şəkildə həll etmişdir. 2013-cü il ərzində şəhər və rayonlarda gender bərabərliyinin təmin edilməsi, insan alveri, narkomaniya, məişət zorakılığı, erkən nikah, uşaqların təhsildən yayınması və digər sahələr üzrə yüzdən çox məlumatlandırıcı, maarifləndirici tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, sosial xarakterli filmlər çəkilmiş, mərkəzi və regional televiziya kanallarında nümayiş etdirilmişdir. Komitənin Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondu ilə birgə reallaşdırdığı layihələr davamlı şəkildə həyata keçirilir.
2012-ci il mayın 8-də qəbul edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir. Həmin qaydalar çərçivəsində bütün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik və digər məsələlərlə bağlı monitorinqi aparılmışdır. Nəticələrlə əlaqədar hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcəkdir. Uşaq hüquqlarının müdafiəsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı (2013-2015-ci illər)"nın layihəsi imzalanmışdır.
Maarifləndirmə işlərinin rayon və kəndlərdə aparılması çox vacibdir. Hazırda komitənin nəzdində regionlarda fəaliyyət göstərən 11 uşaq və ailələrə dəstək mərkəzi var. Uşaq və Ailələrə Dəstək Mərkəzi alternativ qayğı modeli olaraq icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara göstərilən dəstəyi özündə birləşdirir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldir, fəaliyyətini icmanın tələbatına uyğun qurur, əhali arasında müxtəlif mövzularda maarifləndirmə işləri aparılır. Mərkəzlər tərəfindən 57 mindən çox ailələrə psixoloji, hüquqi, tibbi yardımın alınmasında kömək edilmişdir.
2006-ci ildən hazırkı dövrə qədər 14 mindən çox vətəndaş komitəyə müraciət etmişdir və bu müraciətlərin, demək olar ki, böyük hissəsi öz həllini tapmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində 200-ə qədər vətəndaşın qəbulu keçirilmiş, 200 mindən çox əhaliyə yardım göstərilmişdir.
2013-cü ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyinin komitəyə müraciətinə əsasən agentliyin 1 saylı ASAN Xidmət Mərkəzində yaradılan uşaq guşəsinə Şüvəlan mərkəzindən ştatdankənar işçilər cəlb edilmişdir. İl ərzində mərkəzin işçiləri tərəfindən 3089 uşaq qəbul edilmişdir.
Son səkkiz il ərzində komitəyə olan yüksək diqqət və qayğı bir daha onu göstərir ki, Azərbaycan Respublikasının dövlət siyasətində ailə, qadın və uşaq siyasəti prioritet istiqamətlərdən biridir. Lakin bu sahədə hələ də müəyyən problemlər mövcuddur. Ailədaxili münasibətlərin tənzimlənməsində daha çox mənəvi dəyərlərin aşılanması üçün maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Ana və uşaqların sağlamlığının mühafizəsi istiqamətində xüsusi işlər aparılmalıdır. İntihar hallarının, həmçinin uşaqlar arasında intiharların sayının çoxalması müəyyən tədbirlərin həyata keçirilməsini aktuallaşdırmışdır. "Məktəb psixoloqu" sosial təsisatının aktivləşdirilməsi (Təhsil Nazirliyi ilə birgə tədbirlər keçirmək), ailə psixoloqu institutunun yaradılması, bir çox dövlətlərdə olduğu kimi, informasiya və psixoloji təhlükəsizlik haqqında, psixoloji xidmət haqqında qanunların hazırlanması və əsaslandırılması ilə bağlı işlərin həyata keçirilməsi məqsədəuyğun olardı.
Bu gün qarşımızda bir sıra mühüm məsələlər dayanır. 2012-ci ildə qəbul olunan "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş "Ailə öhdəlikləri olan işçilər haqqında Konvensiya"sına uyğun olaraq işləyən valideynlər üçün uşağa baxmanın asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması, həmçinin ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən istiqamətlərin reallaşdırılması üçün məqsədli sənədlər qəbul ediləcəkdir. Bununla bağlı Azərbaycan ailəsi strategiyasının, gender bərabərliyi üzrə milli fəaliyyət planının, uşaq məcəlləsinin və milli uşaq strategiyasının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, ailə psixoloqu institutu, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaq. Ailə, qadın və uşaq problemləri üzrə dövlət siyasətinin daha sistemli şəkildə həyata keçirilməsi və bir çox sənədlərin hazırlanması, eləcə də bu problemlər istiqamətində gələcəyə ünvanlanmış proqnozların işlənməsi, qəbul edilmiş qanunların daha çevik və effektli işləmə mexanizminin fəaliyyət göstərməsi üçün ailə, qadın və uşaq elmi-tədqiqat institutunun yaradılmasına ehtiyac var.
Keçən 8 il nə az, nə də böyük bir zamandır. Lakin müasir dövrün tələbi bizi hadisələri daim qabaqlamağa sövq edir. Azərbaycan Respublikası Prezidentinin ailə, qadın və uşaq sahəsində dövlət siyasətinin həyata keçirilməsində göstərdiyi diqqət və qayğı, əslində, ölkəmizin, millətimizin inkişafı, tərəqqisi üçündür. Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, "biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik". Bu kapital isə sağlam, təhsilli, hüququnu bilən, ailədə xoşbəxt yaşayan və rəqabətədayanıqlı vətəndaş olmalıdır. Gəlin belə vətəndaşların yetişməsində və formalaşmasında qüvvələrimizi səfərbər edək!
Hicran HÜSEYNOVA,
Ailə, Qadın
və Uşaq Problemləri üzrə
Dövlət
Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Azərbaycan.-2014.- 9 fevral.- S.6.