«Görmək istədiyimiz gənclik» mövzusunda panel keçirilmişdir
"Gənc Liderlər üçün Qış Universiteti - Kreativ başlanğıc" layihəsi çərçivəsində "Görmək istədiyimiz gənclik" mövzusunda panel keçirilmişdir.
"İrəli" İctimai Birliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurumun sədri Rauf Mərdiyevin moderatorluğu ilə keçirilən panelin qonağı Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olmuşdur.
B.Sadıqov Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. O, gənclərə müraciətlə demişdir: "Siz bu gün xoşbəxtsiniz ki, müstəqil Azərbaycanda yaşayır, təhsil alırsınız. Bu gün dövlətimizin gənclərə qayğısı göz önündədir. Gənclərimiz üçün hər cür şərait yaradılmışdır. Gənclər də bu şəraitdən maksimum yararlanmalı, dövlətimiz, xalqımız naminə faydalı işlər görməlidirlər. Gənclər dövlətimizin onlara göstərdiyi etimadı doğrultmalıdırlar".
Bəxtiyar Sadıqov həmçinin bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
Milli Məclisin deputatı demişdir ki, gənclərimiz savadlı, bilikli, bacarıqlı, cəmiyyət üçün faydalı, Vətənə sadiq olmalı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmalıdırlar.
B.Sadıqov belə layihələrin mütəmadi keçirilməsinin önəmini bildirmişdir.
"Gənc
Liderlər üçün Qış Universiteti - Kreativ
başlanğıc" layihəsi "İrəli"
İctimai Birliyinin təşkilatçılığı, Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
Azərbaycan.-2014.- 8 fevral.- S.3.