Fransanın «L'avenir.net» internet qəzetində

 Azərbaycandan bəhs edən məqalə yerləşdirilmişdir

 

Fransada geniş yayılan "L'avenir.net"  internet qəzetinin 6 fevral nömrəsində Azərbaycandan bəhs edən "Bakı şəfəq saçır və alovlanır" sərlövhəli məqalə dərc olunmuşdur.

Müəllif Jan-Kristof Herminaire məqalənin əvvəlində qədim İpək Yolu üzərində, dörd yol ayrıcında yerləşən və "qara qızıl"la zəngin Azərbaycanın paytaxtı Bakının yenidən qurulmasından və bənzəri  olmayan müasir şəhərə çevrilməsindən söhbət açmışdır.

Neftin Bakının zəngin yeraltı sərvəti olduğu xatırlanan məqalədə onun Nobel qardaşlarının varlanmasında müstəsna rol oynadığı qeyd edilir. Bildirilir ki, tüfəng qundağı üçün taxta axtarışı məqsədi ilə Qafqaza səfər edən Robert Nobel 1873-cü ildə Xəzər dənizi sahilində yerləşən Bakıya gəlmiş, bu diyarın "qara qızıl"la zəngin olduğunu bilmiş, qardaşları LüdviqAlfredi də təcili Azərbaycana dəvət etmişdir. Burada ilk quyuları qazdıran Nobel qardaşları 1876-cı ildə neft emalı zavodunun əsasını qoymuş, baron Peter von Bilderlinqlə birlikdə Avropada ilk neft kəmərini çəkdirmiş və tankerlə nefti  dünya bazarına çıxarmış, kimyəvi tədqiqat laboratoriyalarını genişləndirmişdir.

Əsrin sonunda Bakının dünya neft məhsulunun yarısını verən neft paytaxtına çevrildiyi məqalədə xüsusi qeyd olunmuşdur.

Jurnalist vaxtilə Nobel qardaşlarının yaşadığı binada hazırda  İsveç səfirliyinin və neft şirkətlərinin yerləşdiyini qeyd etmiş, onların gündəlik istifadə etdikləri əşyaların, mebellərin, tabloların, onların Bakı həyatı ilə bağlı fotolarının saxlandığı barədə oxuculara ətraflı məlumat vermişdir.

Məqalədə müasir Bakının simasının getdikcə dəyişdiyi, yeni şəhərsalma layihələrinin həyata keçirildiyi, 2012-ci ildən etibarən "Alov qüllələri" kompleksinin yeni Bakının simvoluna çevrildiyi, paytaxtda uzun illər "Qara şəhər"  kimi tanınan  ərazidə müasir " şəhər"in salındığı, müasir butiklərin geniş prospektlərə xüsusi gözəllik verdiyi, evlərin fasadlarının neon lampaları ilə işıqlandırılmasının şəhərin gecəsini gündüzündən daha cazibədar etdiyi bildirilir.

Azərbaycanın Avropaya uğurla inteqrasiya etdiyi xatırlanan məqalədə "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin ölkəni bütün dünyaya tanıtdığı, müsabiqənin dünyada lüks arxitektura kompleksi kimi tanınan və dənizin sahilində yerləşən "Baku Crystal Hall" da keçirildiyi, onun yaxınlığındakı Dövlət Bayrağı Meydanında üçrəngli Azərbaycan bayrağının dalğalandığı vurğulanmışdır.

Bakının gündən-günə simasının dəyişdiyi qeyd olunan məqalədə  dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev Mərkəzinin bənzəri olmayan memarlıq incisi kimi şəhərə xüsusi yaraşıq verməsindən, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olmasından söhbət açılır.

Məqalənin tam mətni ilə www.lavenir.net/article internet resursundan tanış olmaq mümkündür.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 8 fevral.- S.4.