Gəncənin gözəlliyi UNESCO üzrə
Türkiyə Milli
Komissiyasının işçi
qrupunun üzvlərini heyran etmişdir
Azərbaycanda səfərdə olan UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri Zaqatala və Şəkidən sonra fevralın 7-də Gəncədə olmuşlar. AzərTAc xəbər verir ki, UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdikləri "Türkiyə və Azərbaycanın ənənəvi əl işləri" layihəsi çərçivəsində Gəncəyə səfər edən qonaqlar bu qədim şəhərin gözəlliyinə heyranlıqla tamaşa etmişlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində "Qızıl əllər" MMC-də olan türkiyəli qonaqlar burada biçmə-tikmə, rəssamlıq nümunələrinə baxmış, rəqs qrupunun çıxışlarını izləmişlər.
Sonra şəhər rəsm qalereyasında olan qonaqlar burada dekorativ sənət nümunələrinə, ustaların əl işlərinə baxmışlar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edən UNESCO üzrə Türkiyə Milli Komissiyasının işçi qrupunun üzvləri uşaq rəssamlıq məktəbində balacaların rəsm üzərində işləmə qabiliyyətlərinə heyranlıqla tamaşa etmişlər.
UNESCO
üzrə Türkiyə Milli Komissiyasının üzvü,
Hacettepe Universitetinin professoru Aylin Gorgün Baran AzərTAc-a
bildirmişdir ki, biz Bakıda
olarkən Azərbaycanın paytaxtından böyük zövq
almışdıq. Lakin bölgələrə
gələrkən gördük ki, təkcə paytaxt
Bakıda deyil, Azərbaycanın bütün şəhər və
rayonlarında böyük quruculuq
və abadlıq işləri aparılır. Xüsusilə Gəncə
bizi heyran etdi. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi və
onun ətrafında görülən
işlərin miqyasını sözlə ifadə etmək mümkün deyil. Əl sənəti
nümunələrinə gəldikdə isə, Azərbaycanda
bu sahədə böyük
potensial vardır və biz
çalışacağıq ki, bu potensialı bütün
dünyada təbliğ edək.
Azərbaycan.-2014.- 8 fevral.- S.5.