Dünya şöhrətli Azərbaycan
bəstəkarı Firəngiz Əlizadənin cəlb
edildiyi «Mega-music» layihəsinin
Avropada premyerasına
başlanılmışdır
Xəbər verildiyi kimi, müasir musiqinin fəlsəfi estetikasını yenidən yaradan, avanqard musiqinin patriarxı hesab edilən məşhur amerikan bəstəkarı Con Keycin anadan olmasının 100 illiyinə həsr edilən "Mega-music" layihəsi həyata keçirilir.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) mətbuat xidmətindən bildirmişlər ki, layihə çərçivəsində Almaniyanın və ABŞ-ın hər birindən 50 nəfər olmaqla 100-dək tanınmış bəstəkarın iştirakı ilə "Cage-100" əsəri hazırlanmışdır. Bu əsərin özəlliyi ondadır ki, hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki həmkarının not sətirlərini davam etdirmişdir.
Dünya şöhrətli Azərbaycan bəstəkarı, ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə almaniyalı bəstəkarların siyahısında bu layihəyə cəlb edilmişdir.
Müasir musiqinin ən yeni texnologiyalarının əks olunduğu "Mega-music" layihəsinin premyerası ötən il oktyabrın 17-də dirijor Riçard Qarrikin idarəsi ilə Nyu-Yorkdakı "Miller-Theatr"ın böyük zalında keçirilmişdir. Premyeradan əvvəl isə Almaniyanın Leypsiq şəhərində layihədə iştirak edən bəstəkarların əlyazma not yazılarının sərgisi təşkil edilmişdir.
Artıq ötən ayın sonlarından etibarən "Cage-100" layihəsinin Avropada premyerasına başlanmışdır. Dirijor Riçard Qarrikin idarəsi ilə yanvarın 23-də Almaniyanın Leypsiq, həmin ayın 25-də Veymar, 27-də isə Berlində əsərin premyerası olmuşdur.
Əsərin əlyazması isə nəfis şəkildə nəşr edilmiş və layihədə iştirak edən bəstəkarlara hədiyyə olunmuşdur. Firəngiz Əlizadə layihədə 88-ci sırada qərarlaşmışdır.
"Cage-100" layihəsinin Fransada həyata keçirilməsi planlaşdırılır. Dünya şöhrətli amerikan bəstəkarının sağlığında onun əsərlərinin ifalarını idarə edən məşhur dirijor Pyer Bulez "Cage-100" əsərini Fransada təqdim etmək üçün layihənin təşəbbüskarı və təşkilatçısı "FZML" şirkəti ilə razılıq əldə etmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı yeniliklər bununla kifayətlənmir. Dünya şöhrətli britaniyalı violonçel ifaçısı Metyu Barleyin yenicə işıq üzü görən diskində müasir musiqinin görkəmli simalarından olan Dmitri Şostakoviç, Şnitke və Arve Part ilə yanaşı, dünya şöhrətli bəstəkarımızın "Habilsayağı" əsəri də yer almışdır. "Müasir violonçel musiqisi" adlı disk bu günlərdə İngiltərənin "Quarts" şirkəti tərəfindən satışa çıxarılmışdır.
Xatırladaq
ki, Firəngiz Əlizadənin 35 il əvvəl bəstələdiyi
"Habilsayağı" əsəri artıq 12-ci dəfədir
ki, dünyanın məşhur səsyazma şirkətləri
tərəfindən ərsəyə gətirilir.
AzərTAc
Azərbaycan.-2014.- 8 fevral.- S.7.