Azərbaycanın xarici
işlər naziri İraqda
rəsmi səfərdə olmuşdur
Fevralın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında rəsmi səfərdə olmuşdur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər zamanı Elmar Məmmədyarov İraqın Baş naziri Nuri Əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər keçirmişdir.
İraqın Baş naziri Nuri Əl-Maliki ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlığın perspektivləri, eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilmişdir.
Söhbət zamanı terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən ölkələrimiz üçün böyük təhlükə olduğu bildirilmiş, onunla mübarizədə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı və beynəlxalq birliyin səylərinin səfərbər edilməsinin vacibliyi vurğulanmışdır.
Elmar Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat vermiş, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini və rəsmi Yerevanın bu qətnamələri hələ də yerinə yetirmədiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini diqqətə çatdırmışdır.
Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik təmizləməyə məruz qalaraq tarixi torpaqlarından qovulduğunu, qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş etdirdiyini söyləmiş, bu ölkənin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə riayət etməsinin vacibliyini vurğulamışdır. Elmar Məmmədyarov Azərbaycanın münaqişə ilə bağlı haqlı mövqeyini dəstəklədiyinə görə İraqa təşəkkürünü ifadə etmişdir.
Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirmişdir. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini söyləmiş, Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul olunmuş və tanınmış ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirmiş və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulamışdır.
İraqın xarici işlər naziri Xoşyar Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunmuş, iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılmışdır. Bu xüsusda, xarici işlər nazirləri iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə etmişlər.
Görüşdə müştərək komissiyanın İraq tərəfindən həmsədri, bu ölkənin rabitə və əyalətlər naziri əvəzi Turhan Əl-Mufti də iştirak etmişdir.
Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək bu məsələdə rəsmi Bakının haqlı mövqeyini dəstəklədiyinə görə İraq tərəfinə təşəkkürünü bildirmişdir.
Xoşyar Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və eyni zamanda beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu bildirmişdir.
Elmar Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə məlumat vermişdir.
İraqlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını qeyd edən Elmar Məmmədyarov gələcəkdə bu imkanların daha da artırıla biləcəyini vurğulamışdır.
Görüşdə Azərbaycan və İraq xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası hökuməti və İraq Respublikası hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" Saziş imzalanmışdır. Bu sazişin iki ölkə arasında təmasların artmasına xidmət edəcəyi diqqətə çatdırılmışdır.
Görüşdən
sonra Elmar Məmmədyarov və Xoşyar Zəbayri kütləvi
informasiya vasitələrinin nümayəndələri
üçün mətbuat konfransı keçirmişlər.
Azərbaycan.-2014.- 11 fevral.- S.2.