Azərbaycan ilə Türkiyə
arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsində hər iki
tərəf maraqlıdır
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türk-Azərbaycan İş Şurasının həmsədri Çingiz Gülün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Energetika Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə qonaqlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət və qazanılmış uğurlar barədə məlumatlar verilmişdir. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan N.Əliyev qardaş ölkənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və digər sahələrdə əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hazırda ölkəmizdə bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur.
Energetika naziri N.Əliyev sənaye sahəsində görülən işlər barədə də danışmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı imzalanmış sərəncam sənayenin inkişafını əsas prioritetlərdən biri kimi qarşıya qoymaqla sənayeləşmə siyasətinin uğurunu, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcəkdir. Yeni sənaye mərkəzlərinin yaradılması, qurulmaqda olan sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına təkan verəcəkdir. Sənayeləşmənin əsas xüsusiyyətlərindən biri də qabaqcıl beynəlxalq təcrübəyə istinad olunması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir. Bu, türk şirkətləri üçün də yeni imkanlar və perspektivlər vəd edir.
DEİK-in Türk-Azərbaycan İş Şurasının həmsədri Ç.Gül yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi və perspektivlərin müzakirəsinə dair geniştərkibli toplantının təşkil olunması təklifi ilə çıxış etmişdir. Bu təklif nazir N.Əliyev tərəfindən dəstəklənmiş və bununla bağlı nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir.
Görüşdə
iqtisadi əməkdaşlığın genişləndirilməsinin
hər iki tərəfin mənafeyinə uyğun olduğu qeyd
edilmiş, qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.-2014.- 11 fevral.- S.2.