Soçidə «Bakı-2015» Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilmişdir

 

Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində "Bakı-2015" Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilmişdir.

Ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-nın sabiq prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, bir sıra ölkələrin Milli Olimpiya komitələrinin və nümayəndə heyətlərinin rəhbərləri, digər şəxslər iştirak etmişlər.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AzərTAc-a bildirmişdir ki, Soçi Olimpiadasında Azərbaycan nümayəndə heyətinin şef-demissionu Konül Nurullayeva tədbirə toplaşanları salamlamışdır.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov qonaqları Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından salamlayaraq beynəlxalq Olimpiya hərəkatının tanınmış simalarını bu tədbirdə görməkdən məmnun olduğunu bildirmişdir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq barədə danışaraq, Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmişdir. "Bakı-2015"-in Təşkilat Komitəsinin həm AOK, həm də beynəlxalq federasiyalarla əlaqəli işlədiyini bildirən P.Hikki demişdir ki, gələn il təkcə Avropa deyil, ümumilikdə, bütün dünya möhtəşəm bir idman bayramına şahidlik edəcəkdir.

BOK-nın prezidenti Tomas Bax isə çıxışında "Bakı-2015"-in beynəlxalq Olimpiya hərəkatında yeni mərhələ olacağına inandığını bildirmişdir. Birinci Avropa Oyunlarına hazırlıq işində, oyunların keçirilməsində Bakı şəhərinə və Təşkilat Komitəsinə uğurlar arzulayan BOK prezidenti Azərbaycanın dünya idmanında fəal iştirak etdiyini vurğulamışdır.

Ziyafət Azərbaycan incəsənət ustalarının maraqlı ifaları ilə davam etmişdir.

 

Azərbaycan.-2014.- 11 fevral.- S.3.