Xarici jurnalistlər üçün «Bakı-2015» ilə bağlı brifinq təşkil edilmişdir

 

Fevralın 8-də Soçi şəhərində XXII Qış Olimpiya Oyunları çərçivəsində "Bakı-2015" Birinci Avropa Oyunlarına dair brifinq keçirilmişdir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirmişdir ki, brifinqdə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Azərbaycanın gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş direktoru Azad Rəhimov və AOK-nın Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos çıxış etmişlər.

Brifinqdə nazir Azad Rəhimov Birinci Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının vəziyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, Gimnastika Kompleksinin tikintisi başa çatmaq üzrədir. Üzgüçülük Mərkəzi və açılış mərasiminin keçiriləcəyi Olimpiya stadionunun tikintisi plana uyğun şəkildə davam edir və yarışlaradək tam hazır vəziyyətdə olacaqdır. Bundan başqa, Avropa Oyunları Parkının, eləcə də bir sıra müvəqqəti idman qurğularının yaradılması da nəzərdə tutulmuşdur.

Jurnalistlərin suallarını cavablandıran nazir nəqliyyat, könüllülər və digər məsələlərdə ən yüksək təcrübənin tətbiqinin nəzərdə tutulduğunu bildirmişdir. A.Rəhimov demişdir ki, bu istiqamətdə dünyanın ən yüksək xidmətlər təklif edən şirkətləri ilə əməkdaşlıq əlaqələri qurulacaqdır.

AOK prezidenti Patrik Hikki Azərbaycanın Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu vurğulamışdır. O, hazırlıq işlərinin plana uyğun davam etdiyini və Təşkilat Komitəsinin bütün məsələlərə diqqətlə yanaşdığını bildirmişdir.

Jurnalistlərin suallarını cavablandıran P.Hikki demişdir ki, Bakıdan sonra İkinci Avropa Oyunlarını qəbul edəcək şəhərin adı Avropa Olimpiya Komitəsinin Azərbaycan paytaxtında keçiriləcək növbəti assambleyasında məlum olacaqdır. AOK prezidenti, həmçinin qeyd etmişdir ki, idmanın 18 növü üzrə 49 Avropa ölkəsindən olan 5400-dən artıq atleti bir araya gətirəcək Avropa Oyunları "Rio-2016" Olimpiya Oyunları üçün lisenziya tədbirinə çevriləcəkdir. Patrik Hikki demişdir: "Əminəm ki, Bakı Avropanın qürur duyacağı ali idman tədbirini ən yüksək səviyyədə təşkil edəcəkdir".

Nazir Azad Rəhimov qeyd etmişdir ki, Soçi Olimpiadası Bakı üçün Birinci Avropa Oyunlarına planlaşdırma məsələlərini yoxlamaq baxımından önəmli fürsətdir. Təşkilat Komitəsi atletlər üçün yaxşı məşq yerləri, müvafiq avadanlıq, keyfiyyətli yerləşmə, lazımi qida və səmərəli nəqliyyatı təmin etməlidir. Biz deyə bilərik ki, "London-2012" heyəti kimi, Soçi də atletlər üçün bütün bu xidmətləri olduqca yüksək səviyyədə göstərmişdir. Milli Olimpiya Komitəmizin rəsmiləri və idmançılarımız Soçidə atletlərə göstərilən xidmətləri yüksək qiymətləndirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 11 fevral.- S.3.