«Azərbaycan və Türkiyə mediası: qarşılıqlı əməkdaşlığın təcrübədən peşəkarlığa

 aparan yolu» adlı layihəyə start verilmişdir

 

Mətbuat Şurasında (MŞ) "Azərbaycan və Türkiyə mediası: qarşılıqlı əməkdaşlığın təcrübədən peşəkarlığa aparan yolu" layihəsi ilə bağlı KİV təmsilçiləri ilə görüş keçirilmişdir.

 

Görüşdə MŞ-nin sədri Əflatun Amaşov bildirmişdir ki, sözügedən layihə rəhbərlik etdiyi qurumun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin birgə təşəbbüsüdür. Məqsəd Azərbaycanın və Türkiyənin media qurumları arasında təcrübə mübadiləsini daha da sürətləndirmək, medianın qlobal informasiya məkanında birgə iştirakına yönələn səmərəli əməkdaşlığı möhkəmləndirmək, informasiya texnologiyalarının mediada tətbiqinə dair yeniliklərdən faydalanmaq, Azərbaycanda jurnalistika təhsili sahəsindəki fəaliyyəti stimullaşdırmaqdır.

 

Məlumat verilmişdir ki, layihə çərçivəsində internet media ilə əlaqədar beynəlxalq konfransın, azərbaycanlı və türkiyəli jurnalistlərin qarşılıqlı səfərlərinin, həmçinin ölkəmizin ali məktəblərinin jurnalistika fakültələrinin tələbələri arasında Türkiyə ilə bağlı yazı müsabiqəsinin təşkili nəzərdə tutulur.

 

Görüşdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, TİKA-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatları Aqil Abbas, Cavanşir Feyziyev və başqaları  təkliflərini səsləndirmişlər.

 

Layihə çərçivəsində görüləcək işlərin yaxından izlənilməsi üçün aparıcı təşkilatların rəhbərlərindən ibarət işçi qrupun yaradılması və vahid fəaliyyət xəttinin müəyyənləşdirilməsi qərara alınmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 11 fevral.- S.3.