Daşkənddə keçirilən sərgidə
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzindəki
dərnəyin üzvləri «Azərbaycanı sevək və
tanıdaq» mövzusunda stendlə iştirak etmişlər
Daşkənddəki "İnternasional" otelində "Xalqların milli geyimləri, məişət əşyaları, şirniyyat və suvenirlər" mövzusunda sərgi keçirilmişdir.
Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) fəaliyyət göstərən əl işləri və naxış-tikmə dərnəyinin üzvləri "Azərbaycanı sevək və tanıdaq" mövzusunda stendlə iştirak etmişlər.
Burada Azərbaycanın müxtəlif rəngli və ölçülü muncuqlardan hazırlanmış dövlət bayrağı, gerbi, Özbəkistanın bayrağı, buta və buta üslubunda hazırlanmış sırğalar, müxtəlif suvenirlər və digər əl işləri sərgiyə gələnlərin diqqətini cəlb etmişdir.
Azərbaycan guşəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli kulinariyamız, ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, AMM-nin Daşkənddə buraxdığı disklər və digər materiallar da nümayiş etdirilmişdir.
Əl işləri və naxış-tikmə dərnəyinin rəhbəri Dildora Şaraxmedova bildirmişdir ki, biz bundan sonra müntəzəm olaraq belə tədbirlərdə iştirak edəcəyik. Belə sərgilər vasitəsilə Azərbaycanı tanıtmaq, onu təbliğ etmək və sevdirmək isə bizim bir nömrəli vəzifəmiz olmalıdır.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd
Azərbaycan.-2014.- 11 fevral.- S.3.